Mahmudpaşa hamamı

Hamamın xarici görünüşü və bugünkü əsas girişi

Mahmudpaşa hamamı (türk. Mahmutpaşa Hamamı) ― Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Osmanlı hamamı. II Mehmedin sədrəzəmi Mahmud Paşa tərəfindən başladılmış inşaat 1466-cı ildə tamamlanmışdır. Mahmudpaşa hamamı şəhərdəki ən qədim hamamlardan biridir. Hamam Qapalı çarşının şimal-şərqində yerləşən Mahmud Paşa məscid kompleksinin bir hissəsi olmuşdur. Zamanla ziyan görən tikili 20-ci əsrdə bərpa edilmişdir və hal-hazırda yerli ticarət mərkəzi olaraq xidmət edir.

Hamam Fateh sultan Mehmedin sədrəzəmi Mahmud Paşanın qurduğu din və xeyriyyə kompleksinin bir hissəsi idi. Kompleksin əsas hissəsi olan Mahmut Paşa məscidi 1464-cü ildə tamamlanmışdır və İstanbulun ən qədim Osmanlı memarlığı komplekslərindən biridir.

Məscidin və ona bağlı xeyriyyə binalarının yerləşdiyi vəqf torpağı olduqca geniş idi və ətrafdakı müxtəlif binaları əhatə edirdi. Bu, II Mehmedin bu mahalın inkişaf etdirilməsini Mahmud Paşaya həvalə etmiş ola biləcəyini göstərir.[1][2][3]

Məscidin şimal-qərbində yerləşən hamam 1466-cı ildə tamamlanmış və bir qədər əvvəl inşa edilmiş Tahtakale hamamından sonra şəhərin ən qədim hamamı olmuşdur.[1] Tikili 1755-ci ildə yanğın nəticəsində zədələnmiş və 1953-cü ildə bərpa edilmişdir. Hamam bir müddət anbar olaraq istifadə edilsə də, hal-hazırda ticarət mərkəzi kimi xidmət edir.[2][4]

Hamamın memarlığı və tərtibatı II Mehmet tərəfindən bir qədər əvvəl tikilmiş Tahtakale hamamına çox bənzəyir. Mahmudpaşa hamamı əvvəlcə ikiqat hamam olmuşdur, yəni hər biri üçün soyunma otaqları və buxar otaqları da daxil olmaqla kişilər və qadınlar üçün ayrı obyektlərə malik idi. Qadınlar bölməsi başqa bir ticarət tikilisinə yer açmaq üçün bir müddət sonra sökülmüşdür. Bütün Mahmut paşa kompleksinin ən böyüyü olan soyunma otağının günbəzinin diametri 17 metrdi. İsti otaq səkkizbucaqlıdır, başqa bir günbəzlə örtülmüşdür və divarlarda fərdi yuyunmaq üçün istifadə edilə bilən dörd eyvan və ya niş mövcuddur. Tikilnini mərkəzində qonaqların masaj üçün uzana biləcəyi göbəkdaşı, böyük səkkizguşəli platforma var idi. Şəxsi yuyulma və ya xidmət üçün istifadə olunan üç kiçik qübbəli otağa hər iki tərəfdən (şimaldan və cənubdan) girmək mümükün idi.[1][2][3]

  1. 1 2 3 Kuban, Doğan. Ottoman Architecture (ingilis). Antique Collectors' Club. 2010. 189–191.
  2. 1 2 3 Goodwin, Godfrey. A History of Ottoman Architecture (ingilis). New York: Thames & Hudson. 1971. 109–114. ISBN 0500274290.
  3. 1 2 Sumner-Boyd, Hilary; Freely, John. Strolling Through Istanbul: The Classic Guide to the City (ingilis) (Revised). Tauris Parke Paperbacks. 2010.
  4. "Mahmutpaşa Hamamı | Istanbul, Turkey Attractions". Lonely Planet (ingilis). 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.