Mahmud Paşa məscidi (türk. Mahmut Paşa Camii) ― Türkiyənin İstanbul şəhərində, Eminönü ilçəsindəki Qapalı çarşının yaxınlığında yerləşən 15-ci əsrə aid Osmanlı məscidi.
Sünni İslam | |
Mahmud Paşa məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | |
Yeri | Eminönü, İstanbul, Türkiyə |
Memarlıq | |
İnşa tarixi | 1440 – 1464 |
Minarələrin sayı | 1 |
Günbəzlərin sayı | 2 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid Fateh Sultan Mehmedin sədrəzəmi Mahmud Paşa tərəfindən inşa edilmişdir. 1464-cü ildə tamamlanmış məscid şəhər divarları daxilində inşa edilmiş ilk tikililərdən biridir.[1] O vaxta qədər şəhərdəki ilk məscidlərin əksəriyyəti əvvəlki Bizans kilsələri idi.
Məscidin daxil olduğu vəqf torpağı olduqca geniş idi. Bu, II Mehmedin şəhərin ticarət mərkəzinin yaxınlığındakı bu məhəllənin inkişaf etdirilməsini Mahmud Paşaya həvalə etdiyini göstərir. Beləliklə, məscid bu inkişafın mərkəzi olmuşdur.[2]
Məscid Bursa üslubunda dizayn edilmişdir və əsas məkanı çoxsaylı günbəzlə örtülmüşdür. Bu günbəzlər erkən Osmanlı üslubunu təmsil edirdi və tezliklə kiçik uzantıları olan böyük bir günbəzin inşası ilə bu üslub pozulmuşdur. Əsas məkan 2x1 ölçülərindəki düzbucaqlı formasındadır və hər birinin diametri 12.5 metr (41 ft) olan iki günbəzlə örtülmüşdür.[1] Düzbucağın qısa tərəfində mehrab və minbər yerləşir.
Məscidin hər biri beş kiçik günbəzlə örtülmüş xarici eyvanı (ekzonarteks) və daxili eyvanı (esonarteks) olan girişi Bizans kilsəsininkinə bənzəyir. Xarici eyvanı tutan sütunlar əvvəlcə mərmərdən olmuş, lakin zəlzələ nəticəsində zədələndikdən sonra 18-ci əsrdə indiki daş sütunlarla əvəz edilmişdir. 19-cu əsrdə məscidə məhfil əlavə edilmiş və mehrab və minbər yenisi ilə əvəz edilmişdir. Nəticədə bu hissə məscidin qalan hissəsindən fərqli üsluba malikdir.
Məscidin ərazisində yerləşən Mahmut Paşanın səkkizguşəli türbəsi girişdəki kitabəyə görə hicri tarixlə 878-ci ilə (1473–1474) aiddir.[1] Türbənin fasadı həndəsi naxışlar meydana gətirən firuzəyi və indiqo rəngli mozaik kaşılarla örtülmüşdür və bu xüsusiyyət İstanbuldakı Osmanlı memarlığı nümunələri üçün unikaldır.[2]:191
Bir çox digər Osmanlı məscidləri kimi Mahmud Paşa məscidi də böyük xeyriyyə kompleksinin bir hissəsi idi. Mahmud Paşa kompleksinə məscid və məqbərə, hamam (ictimai hamamı), karvansara, mədrəsə, imarətxana, məhkəmə və məktəb (ibtidai məktəb) daxil idi.[1] Vəqf eyni zamanda 27 evin, 100-ə yaxın dükanın, anbarların və tövlələrin və digər müxtəlif yaşayış yerlərinin idarə edilməsi üçün təyin edilmişdi.[2] Kompleksdən yalnız hamam, karvansara və mədrəsənin bir hissəsi günümüzə qədər gəlib çatmışdır. Hamam və karvansaradan əldə edilən gəlirlər məscidin fəaliyyəti üçün istifadə edilirdi.[2][3][4]
Məscidin şimal-qərbində yerləşən Mahmudpaşa hamamı 1466-cı ildə tamamlanaraq şəhərin ən qədim hamamlarından birinə çevrilmişdir. Hamam memarlığı və tərtibatı ilə bir qədər əvvəl II Mehmed tərəfindən tikdirilmiş Tahtakale hamamına çox bənzəyir. Hamam 1755-ci ildə baş vermiş yanğın nəticəsində zədələnmiş və 1953-cü ildə bərpa edilmişdir. Tikili bir müddət anbar kimi istifadə olunsa da, hal-hazırda ticarət mərkəzi olaraq fəaliyyət edir.[2][5][4]
Hamamın şimalında yerləşən karvansara bu gün Kürkçü han ("Kürklü tacirlerin karvansarası") olaraq tanınır. Tikili 1467-ci ildə tamamlanmışdır və zamanla bəzi dəyişikliklər və bərpa işlərinin aparılmasına baxmayaraq İstanbulda sağ qalmış ən qədim karvansaradır. Karvansara bu gün də dükan və müəssisələr tərəfindən istifadə olunur.[6][4][7]