Maksim Marduxayev (rus. Максим Иосифович Мардухаев; d. 24 fevral 1960, Moskva, RSFSR, SSRİ) — rus əsilli Fransa rejissoru.
Maksim Marduxayev | |
---|---|
rus. Максим Иосифович Мардухаев | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Milliyyəti | rus |
Uşaqları |
Armand Diara Enn-Yolen |
Anası | Olqa İqorevna Alekseyeva-Stanislavskaya[1] |
Fəaliyyəti | rejissor |
Maksim Marduxayev 24 fevral 1960-cı ildə Moskvada anadan olub.[1][2] 1973-cü ildə anası və kiçik qardaşı Kiril ilə birlikdə Parisə köçmüşdür.[2] Həmin vaxtadək hər il yay tətilini ata nənəsinin yanında - Bakıda keçirmişdir.
O, Paris şəhərində təhsilini başa vurmuşdur. Parisdə olarkən Banindən rus dili üzrə dərslər almışdır.[3]
Atasının təkidi ilə bir neçə il tibb, daha sonra isə hüquq üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Hollivuda getmiş, assistent kimi işləmişdir.[3]
Üç dəfə ailə həyatı qurmuşdur. Beranjer Armand de Laroşfuko, Ketrin Lekok və Natali Fialkovski ilə olan nikahlarından bir qız, iki oğlan olmaqla üç övladı var.[1] Hazırda rus əsilli fransız müğənni Natali Fialkovski ilə nikahdadır.[3][4]
Maksim Marduxayevin atası əslən dağ yəhudisidir, Bakıda anadan olub.[5] Ana tərəfdən baba-nənəsi Rusiyanı tərk edərək Parisin şimalındakı Monmartr ərazisində məskunlaşmışlar.[5] Marduxayevin anası Olqa Alekseyeva 1933-cü ildə Parisdə doğulsa da, özünü rus hesab edir.
Ana nənəsi Aleksandra Mixaylovna Tolstaya Lev Tolstoyun, anası isə Konstantin Stanislavskinin nəvəsidir.[2][6]
Maksim Marduxayev ümumilikdə 60 sənədli, 30-a yaxın qısametrajlı bədii filmin müəllifidir. Onların sırasında Azərbaycanda yaşayan dağ yəhudilərinin həyatından bəhs edən "Qırmızı Qəsəbə", "La Skalanın bənzəri Bakı operası", "20 Yanvar" adlı ekran işləri xüsusilə seçilir. Əsasən, sənədli film rejissoru kimi fəaliyyət göstərir. Filmləri Fransada, Rusiyada və Azərbaycanda çəkilmişdir. O, Kremldə çəkiliş edən ilk, eləcə də 15 il fasilə ilə Kremldə iki film çəkən yeganə rejissor hesab olunur.[3]
Maksim Marduxayev həm də Qarabağ haqqında film hazırlayan ilk qərbli rejissordur.[3] Rejissor müxtəlif illərdə çəkilmiş, məcburi köçkünlərin həyatından bəhs edən "Yolun sonu", "Unudulmaz ocaq", "Qayıdış" filmlərinin müəllifidir. "Yolun sonu" filmində 20,000-ə yaxın insanın Qarabağdan qaçqın düşərək İmişlidə məskunlaşmasından bəhs olunur. Çəkiliş zamanı rejissor özü də bir ay ərzində həmin insanlarla birlikdə vaqon evlərdə yaşayıb. O, Qarabağla əlaqədar ikinci filmini çəkərkən Azərbaycan hökumətinin rəsmi razılığı əsasında Dağlıq Qarabağa getmişdir.[5] Həmin film Azərbaycanda qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görüldüyünü, qaçqınlar üçün xüsusi imtiyazların tətbiq olunduğunu, onlar üçün evlərin tikildiyini, artıq çadır şəhərciyində və vaqonlarda yaşayan insanın qalmadığını nümayiş etdirir. Bununla belə, filmdə şahidlik edən qaçqınlar Qarabağa qayıtmaq ümidi ilə yaşadıqlarını bildiriblər. Onun "Qarabağ, mən səni tərk etmirəm" sənədli filmi isə 2017-ci ildə Parisin Balzak kinoteatrında nümayiş olunub.[7]
O, hazırda Dağlıq Qarabağın simvollarını bir yerə toplayaraq bütün dünyada nümayiş etdirəcək yeni bir filmin üzərində işləyir. Bu filmdə xarıbülbül gülünün və Qarabağ atlarının nümayiş etdirilməsi nəzərdə tutulur.
Maksim Marduxayevin ən böyük arzularından biri Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasını yeni quruluşda Fransada səhnələşdirməkdir. Bundan başqa o, Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi Ümmulbanu haqqında film çəkmək arzusundadır.