Banin

Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[1][2][…], Bakı23 oktyabr 1992[1][2][…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı,[3] model,[4] XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi.

Banin
Doğum adı Ümmülbanu Mirzə qızı Əsədullayeva
Təxəllüsü Banin
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti azərbaycanlı
Atası Mirzə Əsədullayev
Fəaliyyəti yazıçı
Əsərlərinin dili fransızca
Janr avtobioqrafiya
İlk əsəri Qafqaz günləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşhur Azərbaycan milyonçuları Şəmsi ƏsədullayevinMusa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Ögey anası ilə olan gərgin münasibətləri Banini evdən çıxmağa və müstəqil həyata atılmağa məcbur edir. Banin iş axtarmağa başlayır. Məlumatlara görə, Banin bir müddət model, sonra mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. İmkanı çatan bütün peşələrə yiyələnən Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.[5]

1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Mühacirət yeri Fransa oldu. On beş yaşlı qız iş axtarışında vurnuxurdu: model, satıcı, katibə, tərcüməçi. Demokratik dəyərlərlə tanışlıq, Fransanın incəsənət aləminə vurğunluq, adlı-sanlı rus mühacirləri ilə ünsiyyət: Bunin, Tolstoy, Şalyapin.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bir tərəfdən, yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq, o, vətənində baş verən proseslərdən şüurlu şəkildə kənara çəkilir: yeni fəlsəfə təcrübəsi toplayır ki, bu da keçmiş hadisələrə, özünün keçmiş həyatına kəskin, realist, bəzən də praqmatik nöqteyi-nəzər əldə etməsinə səbəb olur. Digər tərəfdən, Banin öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini əsasən öz şəxsi həyat təcrübəsi üzərində qurur. Burada ona hər hansı bir xüsusi situasiya yaratmağa, özünün uydurma qəhrəmanlarını burada yerləşdirməyə lüzum yoxdur — həyatın özü konkret şəxsiyyətin konkret şəraitdə davranışının, onun mürəkkəb ictimai-siyasi silsilədə və fəlsəfi-bədii proseslər silsiləsində təkamülünün və ya tənəzzülünün təsvirini verir.[6]

1946-cı ildə dərc olunan "Qafqaz günləri" kitabı Baninə müvəffəqiyyət qazandırır.[7] Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yünger və başqaları Baninə riqqətli məktublar yazırlar. İki dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yüngerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yüngerə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə – Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yünger Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yüngerlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yüngerin portreti" (1971), "Ernst Yünger müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – "Məryəmin mənə danışdığı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb.[8]

Banin bacıları ilə birgə

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Ümmülbanu bir çox məşhur rus yazıçıları ilə, xüsusilə də İvan Buninlə tanış olur.

Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edərmiş. Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş. O tədbiri təkcə hörmətinə görə deyil, həm də gur səsinə görə idarə edərmiş. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar. İlk dəfə Ümmülbanu Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görmüşdü. Bir müddət keçəndən sonra onlar görüşürlər. 75 yaşı olmasına baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə salır. Bunin Baninin şərq gözəlliyinə heyran olur. Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış.

Banin öz həmyerliləri ilə görüşməkdən qaçarmış. O, Azərbaycanın belə tezliklə heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmirmiş. Onunla ilk görüşən azərbaycanlı Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə – Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü də olsa, Banin yaşlı bir fransalı kişi ilə sərgiyə təşrif gətirir. Yaşının çox olmasına baxmayaraq, Banin cavan görünürmüş. O özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Dini "xalq üçün tiryək adlandıran" bolşeviklərə cavab olaraq Banin "Mən tiryəki seçdim" kitabını yazır.[9]

Ramiz Abutalıbovun mətbuata verdiyi açıqlamada o, məşhur Azərbaycan rəssamı ilə Banini tanış etməsindən söhbət açır. Həmin rəssam vidalaşarkən Baninə 2 banka qara kürü sovqat verir. Sovqatı qəbul edən Banin zarafatca "elə bu?", – deyə soruşur. Rəssam təəccüblə "bəs necə madam?" deyir. Banin gülümsəyərək deyir: "Bakını tərk edərkən biz orada dəfələrlə çox varidat saxlamışıq".

Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmazmış. O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərmiş. Banin Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edərmiş. 1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…"[3].

  • Nami (Nami), Gallimard, 1942.
  • Qafqaz günləri (Jours caucasiens), Julliard, 1946.
  • Paris günləri (Jours parisiens), Julliard, 1947, Gris Banal, 2003.
  • Ernst Yüngerlə görüşlər (Rencontres avec Ernst Jünger), Julliard, 1951.
  • Mən tiryəki seçdim (J'ai choisi l'opium), Stock, 1959.
  • Sonra (Après), Stock, 1962.
  • Yad Fransa (La France étrangère), S. O. S Desclée de Brouwer, 1968.
  • Sonuncu ümidin zovu (L'appel de la dernière chance), S. O. S, 1971.
  • Ernst Yüngerin portreti: məktublar, mətnlər, görüşlər (Portrait d'Ernst Jünger : lettres, textes, rencontres), La Table Ronde, 1971.
  • Ernst Yünger müxtəlif sifətlərdə (Ernst Jünger aux faces multiples), Lausanne, éditions L'Âge d'Homme, 1989.
  • Məryəmin mənə danışdığı (Ce que Marie m’a raconté : le dit de la Servante Marie), Cahier Bleus, 1991.
  1. 1 2 Beynəlxalq standart ad identifikatoru. 2012.
  2. 1 2 Swartz A. Banine // Open Library (ing.). 2007.
  3. 1 2 "Diaspora hərəkatında qadınların rolu" (az.). olaylar.az. 11.03.2014 16:53. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  4. "Dünyada ilk azərbaycanlı model: milyonçu nəvəsi, nazir qızının Fransa həyatı – Banin haqda eksklüzivlər". aztv.az. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  5. "Умм-Эль-Бану Асадуллаева". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-29.
  6. "Gender-az.org — Mühacirət övladı". 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-06.
  7. "Axisxa.narod.ru — Arzu Yolçuyeva: Ümmulbanu yaradıcılığı: Fransa-Azərbaycan ədəbi əlaqələri kontekstində". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-06.
  8. "Асадуллаева, Банин". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-29.
  9. "Банин Асадуллаева "Кавказские дни"" (PDF). 2018-12-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-01-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]