Malik Ramazanzadə

Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1970).[1][2]

Malik Ramazanzadə
Doğum tarixi 21 mart 1912(1912-03-21)
Doğum yeri
Vəfat tarixi 22 iyul 1987(1987-07-22) (75 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi fizika
Elmi dərəcəsi
Elmi adı
Üzvlüyü Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1976)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "Şərəf nişanı" ordeni

Malik Ramazanzadə 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. Ali təhsilini 1927–1931-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində alıb.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Malik Ramazanzadə 1931-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasında əmək fəaliyyətinə başlayıb. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə kafedrada texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılıb.[1][2]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Malik Ramazanzadə 1941-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. O, 1969-cu ildə professor adına layiq görülüb. 21 aprel 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1][2]

Tanınmış maarfçi Malik Ramazanzadə ölkədə ilk dəfə olaraq ali texniki məktəblər üçün Azərbaycan dilində "Ümumi Fizika" adlı dərslik yazıb. Həmin dərslik dəfələrlə "Uçpedqiz", "Azərnəşr" və "Maarif" nəşriyyatlarında çap olunub. O, tələbələr üçün fizikadan laboratoriya işləri üzrə dərsliklər də hazırlayıb. Bu dərsliklərin və dərs vəsaitlərinin yazılması üçün M. H. Ramazanzadə tərəfindən xüsusi fizika-texniki terminologiyasının yaradılması üzrə böyük işlər görülüb.[1][2]

Malik Ramazanzadə pedaqoji fəaliyyəti ilə yanaşı, geniş elmi-tədqiqat işlərinə rəhbərlik edirdi. Onun əsas tədqiqatları selen və neft fizikasına aiddir. Onun işlədiyi enerji üsulu ilə neftin mütləq yaşı haqqında anlayış elmə daxil olunub və mütəxəssislər tərəfindən razılıqla qarşılanıb. Neft üzrə aparılan elmi-tədqiqat işlərində o, ilk sıralarda olub. Bu elmi istiqamətdən əlavə o, yarımkeçiricilər fizikası istiqamətində də geniş işlər aparıb. Belə ki, alim selen yarımkeçiricisində ilk dəfə selenin modifikasiyasından asılı olaraq istilikkeçirmənin iki dəfə dəyişməsini göstərib. Selenin istilik keçirməsini, müxtəlif dalğa uzunluqlu şüaların onun elektrik keçirməsinə təsirini, Abşeron neftinin və neft məhsullarının istilikkeçirməsini, neftin istiliköturmə qabiliyyətini tədqiq edib.[1][2]

Malik Ramazanzadənin böyük qızı Zemfira Ramazanzadə kimya üzrə elmlər namizədi, dosentdir və ADNSU-da müəllim vəzifəsində çalışır. Oğlu Arif Ramazanzadə atasının yolu ilə gedərək Fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosentdir. Milli Aviasiya Akademiyasında şöbə müdiri vəzifəsində çalışır. Kiçik qızı Ramazanzadə Mehin Banu xanım kimya üzrə elmlər namizədi, dosentdir.[1][2]

Malik Ramazanzadə 1987-ci il iyul ayının 22-də Bakıda vəfat edib.[1][2]

Malik Ramazanzadənin məhsuldar elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyəti yüksək dövlət mükafatlarına layiq görülüb. O, "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunub. 1970-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 9 "Ramazanzadə Malik Heydər oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 9 "Malik Ramazanzadə" (Azərbaycan). www.nkpi.az. 2023-12-27 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]