Markos Baiya ştatının İtapetinqa şəhərində anadan olmuşdur. O, 2014-cü ilin may ayında San-Paulu ştatının Taubate şəhərinə köçmüş[2] və sınaq məqşlərindən sonra "Santos" klubunun akademiyasına qəbul olunmuşdur.[3] 23 oktyabr 2019-cu ildə o, klub ilə üç illik müqavilə imzalamışdır.[4]
21 iyul 2020-ci ildə Markos Leonardo Paulista Liqasında iştirak etmək üçün seçilən beş akademiya məzunundan biri olmuşdur.[5] O, peşəkar karyerasında və Braziliya A Seriyasında debütünü 20 avqust tarixində "Sport Resife" klubuna qarşı oyunda etmişdir. Markos ikinci hissədə Yeferson Soteldonu əvəzləmiş və komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[6]
Markos Leanardo Libertadores Kubokunda debütünü 15 sentyabr 2020-ci ildə "Olimpiya" klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır.[7] O, peşəkar karyerasında ilk qolunu 4 oktyabr tarixində "Qoyas" klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.[8]
20 oktyabr 2020-ci ildə "Defensa i Xustisia" klubuna qarşı oyunda qolla yadda qalan Markos Libertadores Kubokunda qol vuran ən gənc altıncı futbolçu və ən gənc dördüncü braziliyalı kimi tarixə düşmüşdür.[9] Həmin görüşdə Santos evdə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Leonardo 2021 mövsümünün böyük bir hissəsini ehtiyat skamyasında keçirmişdir. O, komandada gənc komanda yoldaşı Kayo Jorjenin və komandaya yeni qoşulan Leo Baptistaonun əvəzedicisi hesab edilirdi.
15 avqust 2022-ci ildə Markos Leonardo klub ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamışdır.[10] O, artıq komandanın əsas heyət oyunçularından birinə çevrilmiş və müntəzəm olaraq komandada qolları sıralamağa başlamışdır. 8 oktyabr 2023-cü ildə Markos "Palmeyras" klubuna qarşı oyunda qol vuraraq klub tarixinin ən çox qol vuran 50 futbolçusundan birinə çevrilmişdir.[11]
5 yanvar 2024-cü ildə Markos Primeyra Liqa təmsilçilərindən olan "Benfika" klubu 18 milyon avro qarşılığında ilə beş il yarım müddətinə müqavilə imzalamışdır.[12] Santos klubu isə Lissabon klubunun oyunçunun gələcək transferindən əldə edəcəyi mənfəətin 10%-lik pay hüququna sahib olmuşdur. Oyunçunun sərbəst qalma məbləği isə 150 milyon avro olaraq təyin edilmişdir.[13]
Markos Benfika klubunda "Rio Ave", "Boavişta" və "Eştrela" klublarına qarşı keçirtdiyi ilk üç liqa görüşündə hər birində meydana ikinci hissədə daxil olaraq qolla yadda qalmışdır. Komandası isə müvafiq olaraq 4-1, 2-0 və 4-1 hesabı ilə rəqibləri üzərində qələbə qazanmışdır.[14][15][16] 15 fevral 2024-cü ildə o, UEFA Avropa Liqasında debüt etmişdir. O, pley-off mərhələsində "Tuluza" klubuna qarşı oyunda son dəqiqələrdə Artur Kabralı əvəzləyərək meydana daxil olmuşdur. Markos komandasına penalti qazandırmış və Anxel Di Mariya penaltini dəqiq yerinə yetirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırmışdır.[17]
2 sentyabr 2024-cü ildə Markos Leonardo 40 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçilərindən olan "Əl-Hilal" klubu beş illik müqavilə imzalamışdır.[18]
Markos Leonardo 2019 Montequ turnirində və UEFA İnkişaf Turnirində iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır.[19] 12 fevral 2021-ci ildə o, gənc komanda yoldaşı Renyer ilə birlikdə U-18 millisində çıxış etmişdir.[20]
Markos Leonardonun atası Markos Korinqa da futbolçu olmuş və hücumçu kimi çıxış etmişdir. Buna baxmayaraq, o yalnız yerli Baiya ştatındakı həvəskar komandalarda meydana çıxmışdır.[21]