Martin Spanberqin Yaponiya ekspedisiyası (1739)

Martin Spanberqin Kuril adalarına etdiyi üç ekspedisiyanı əks etdirən xəritə.

Qenbunun qara gəmiləri (元文の黒船, Qenbun no kurofune?) – 1739-cu ildə Rusiya imperiyası ilə Yaponiya arasında baş vermiş insident. Martin Spanberqin başçılıq etdiyi Rusiya ekspediyasının Yaponiyaya çatması Tokuqava şoqunluğunda həyəcan təbilinə səbəb olmuşdur. İnsident Qenbun dövrünün 4-cü ilində baş verdiyi üçün belə adlanmışdır. Bu hadisə Yaponiya ilə Rusiya imperiyası arasında ilk birbaşa əlaqə olmuşdur.

XVIII əsrin birinci yarısında Rusiya imperiyası Kuril adalarını tədqiq etmək və Yaponiya ilə əlaqələr qurmağa maraqlı idi. Bu dövrdə Denbey, Qonza və Soza kimi qəza nəticəsində Rusiyaya gəlib çıxmış yapon dənizçilərin Yaponiya haqqında verdikləri məlumatlar Rusiyada Yaponiyaya qarşı marağın oyanmasına səbəb olmuşdu.[1]

Rusiya imperiyasına xidmət edən Danimarka səyyahı Vitus Berinq 1733-cü ildə Kuril adalarını araşdırmaq və Yaponiyaya dəniz yolu kəşf etməklə vəzifələndirilmişdi. Berinqin ekspedisiyası iki partiyadan ibarət idi. "Archangel Michael""Saint Gabriel" gəmilərindən ibarət ikinci partiyaya Martin SpanberqVilyam Valton rəhbərlik edirdi. İkinci partiyasının əsas vəzifəsi cənuba səyahət edərək Amerika sahillərinin Yaponiyaya yaxın olub-olmadığını müəyyən etmək idi.[1]

Spanberqin ekspedisiyası 1738-ci ilin yayında Oxot limanından yola düşərək səfərə başlamışdır. Ekspedisiya Kamçatka yarımadasının sahilinə çatdıqdan sonra Kuril adaları boyunca cənuba getməyə başlamış və İturup adasına çatmışdır. Qida ehtiyatlarının azalması və naviqasiya mövsümünün başa çatması birinci ekspedisiyanın qayıtmasına səbəb olmuşdur.[2]

Spanberq Yaponiyaya çatmaq və Amerika sahilləri ilə bağlı məsələni aydınlaşdırmaq üçün 1739-cu ilin mayında ikinci ekspedisiyaya başlamış və Kamçatkadan yola düşmüşdür. Bu dəfə ekspedisiya Kuril adaları boyunca deyil, meridian boyunca 42-ci şimal parelelinə qədər səyahət etmişdir. Böyük quru parçası ilə qarşılaşmaması Amerika sahillərinin Yaponiyaya yaxın olduğu nəzəriyyəsinin səhv olduğunu ortaya çıxarmışdır. Ekspedisiya qərbə yönəlmiş və Yaponiya sahillərinə çatmışdır.[2]

"Archangel Michael" Yaponiyanın əsas adası olan Honşunun şimal-şərq sahillərindəki bir neçə yerdə lövbər atmışdır.[2] Boso yarımadasınaSenday körfəzinə çatan Spanberq yerli məmurlar və əhali ilə əlaqə saxlamağa çalışmışdır.[3][2] Ruslar gəmilərini tərk etməsələr də, şüşə məmulatları və parça qarşılığında yaponlardan düyü, balıq, tərəvəz və tütün almışdırlar.[4] Yapon məmurlar gəminin göyərtəsinə çıxaraq dərhal yaşayış məntəqəsini tərk etməyi tələb etmişdirlər. Spanberq Honşu sahillərinin xəritəsini çıxarsa da, havanın pisləşməsi və gəmi heyətinin sağlamlığının pisləməsi səbəbilə şimala hərəkət etmişdir. Ekspedisiyanın ikinci gəmisi "Saint Gabriel" Yaponiyanın Ava əyalətinə (indiki Çiba prefekturasının Kamoqava şəhəri) çatmışdır.[2] Valton yerlilərlə ticarət etmək üçün 6 dənizçini yerlilərlə danışmağa göndərmişdir.[5] Rus dənizçilər kəndə daxil olub gəmi üçün su ehtiyatı ala bilsələr də, yerli məmurlar kəndi tərk etməyi tələb etmişdirlər. Valton digər bir neçə yerdə quruya çıxmağa çalışmış və yolda bir neçə kartoqrafik qeydlər aparmışdır. Daha sonra şimala yönəlmiş və bir ay sonra Kamçatkaya çatmışdır.[2]

Rusların Sendaya qəfil gəlişi yaponları şoka salmışdır. Senday hanında fövqəladə hal elan olunmuş, Senday qəsri ətrafındakı təhlükəsizlik gücləndirilmiş, İşinomokiyə silah və sursatlar göndərilmişdir. Bu hadisə Yaponiyada Qenbun dövrünün 4-cü ilində baş verdiyi üçün insidenti "Qenbunun qara gəmiləri" adlandırmışdırlar.[5]

İnsidentdən sonra

[redaktə | mənbəni redaktə et]

1742-ci ildə Spanberq Yaponiyaya çatmaq və yaponlarla ticarət əlaqələri qurmaq üçün üçüncü ekspedisiyaya başlamışdır. Fırtına onun geri qayıtmasına səbəb olsa da, üçüncü ekspedisiya Rusiyanın Uzaq Şərqindən Yaponiyaya dəniz yolunun kəşfi ilə nəticələnmişdir.[2]

  1. 1 2 Streltsov, Nobuo. səh. 22
  2. 1 2 3 4 5 6 7 Streltsov, Nobuo. səh. 23
  3. Mikhailova, Steele. səh. 14
  4. Mikhailova, Steele. səh. 23
  5. 1 2 "Meetings Between Russia and Japan As Seen in History: Japanese Castaways and the Russian Response" (PDF). Russia and Japan: a Historical Survey (ingiliscə). Tohoku Universiteti: 33. 1998. İstifadə tarixi: 7 sentyabr 2024.