Marutey Tsurunen (弦念 丸呈, Tsurunen Marutey?, 30 aprel 1940) – finəsilli Yaponiya siyasətçisi. O, Yaponiya parlamentinə seçilmiş ilk xaricdə doğulmuş Avropa əsilli şəxsdir. Yaponiya Demokratlar Partiyasının üzvüdür. 2001–2013-cü illərdə Müşavirlər Palatasında fəaliyyət göstərmişdir.[1]
Marutey Tsurunen | |
---|---|
8 fevral 2002 – 28 iyul 2013 | |
1992 – 1995 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Martti Turunen |
Doğum tarixi | 30 aprel 1940 (84 yaş) |
Partiya | |
Fəaliyyəti | siyasətçi, tərcüməçi, yazıçı |
Dini | lüteranlıq |
Tsurunen Finlandiyanın Lieksa bələdiyyəsinin Höntönvaara kəndində Martti Turunen adı ilə doğulmuşdur.[2] Uşaqlığını Yaankonvaara kəndində keçirmişdir. Davam müharibəsi zamanı o və ailəsi sovet əsgərlərinin kəndə etdikləri hücumdan sağ çıxan azsaylı şəxslərdən biri olmuşdur.[3]
1967-ci ildə həyat yoldaşı ilə birlikdə lüteran missiyası çərçivəsində Yaponiyaya səyahət etmişdir.[4] 1979-cu ildə Yaponiya vətəndaşlığına keçmiş,[5] 1981-ci ildə Kanaqava prefekturasında yerləşən Yuqavara qəsəbəsinə köçmüşdür.
Tsurunen 1992-ci ildə Yuqavara qəsəbə şurasına namizəd olmuş və 1051 səslə seçilmişdir.[6] Partiya üzvü olmadan 1995-ci ildə Kanaqava prefekturasının namizədi kimi Yaponiya parlamentinin Yuxarı palata seçkilərində iştirak etmişdir. 339.484 səs toplayaraq 4-cü olmuş və palatada yer tuta bilməmişdir. 1998-ci ildə yenə namizəd olaraq 502.712 səs toplamış, cəmi 8000 səs fərqi ilə məğlub olmuşdur. O, seçicilərə səslənərək "Mənə səs verin və göygözlü ilk Yaponiya vətəndaşını Yuxarı palataya göndərin" demişdir. O, həmçinin qanunverici orqanlar üçün cinsi kvota təklifi etmiş, parlament və yerli aasembleyaların 40–60% qadınlardan ibarət olmasını dəstəkləmişdir.[7]
2000-ci ildə Yaponiya Demokratlar Partiyasının üzvü kimi Aşağı palataya, 2001-ci ildə Yuxarı palataya namizəd olmuşdur. 2001-ci ildə 159.920 səslə yer tuta bilməmişdir.[8] Lakin palataya seçilmiş Kyosen Ohaşi 2002-ci ildə vəzifəsindən ayrıldığı üçün onun yerini əvəz etmək hüququ qazanmışdır. 2007-ci ildə keçirilmiş seçkilərdə 242.742 səs toplayaraq birbaşa Yuxarı palataya seçilmişdir.[9][10] Lakin 2013-cü ildə cəmi 82.858 səs toplayaraq parlamentdəki yerini itirmişdir.[1]
Tsurunen Saçiko Tanaka adlı yapon qadınla evlənmiş və ondan 2 uşağı olmuşdur. Onun fin həyat yoldaşından üç uşağı da var.[11]
Tsurunen 2015-ci ildə "Göygöz samuray" (fin Sinisilmäinen samurai) adlı avtobioqrafiyasını nəşr etdirmişdir.[11]