Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu.
Mavi Diviziya | |
---|---|
División Azul | |
Növü | Piyada qoşunu |
Yaranma tarixi | 24 iyun 1941 – 10 oktyabr 1943 |
Ölkə |
III Reyx İspaniya |
Tabedir | Vermaxt |
Daxildir | Vermaxt |
Sayı | 8 batalyon, 3 alay, rotasiya qaydasında 47 000 əsgər |
Ləqəbi |
Mavi diviziya isp. División Azul |
Müharibələr | İkinci dünya müharibəsi |
Döyüşlər |
Volxov əməliyyatı Leninqradın mühasirəsi |
Komandanlıq | |
Məşhur komandirləri |
Aqustin Munyos Qrandes Emilio Esteban İnfantes |
Vikianbarda əlaqəli mediafayllar |
Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı. Diviziyanın komandiri briqada generalı Aqustin Munyos Qrandes idi.
"Mavi diviziya" öz adını ispan əsgərlərinin vətənlərini tərk edib Almaniyaya yola düşərkən geyindikləri mavi rəngli falanqaçı köynəklərinə görə almışdır. Sonradan onlar alman ordusunun geyimlərində döyüşlərə qatılırdılar, lakin formaların sağ qolunda və kaskaların kənarında İspaniya bayrağı və "España" ([esˈpaɲa] ( dinlə); azərb. İspaniya) sözü əks olunmuşdu.
Mövcud olduğu müddətdə "Mavi diviziya"nın tərkibində bəzi mənbələrə görə 40 min, digərlərinə görə isə 50 min nəfər döyüşüb.
20 avqust 1941-ci ildə hərbi andiçmə mərasimindən sonra "Mavi diviziya" şərq cəbhəsinə yola salındı və sentyabrın sonlarında Leninqradın mühasirəsini həyata keçirən Şimal Ordu Qrupunun tərkibinə daxil edilərək alman 16-cı ordusunun bir hissəsinə çevrildi.
Volxov əməliyyatında və Leninqradın mühasirəsində iştirak edən ispanların müharibə dövründəki itkiləri aşağıdakı kimi olmuşdu:
"Mavi diviziya"nın əsgərləri döyüşlərdə göstərdikləri şücaətə görə Almaniya və İspaniyanın mükafatları ilə təltif olunmuşlar və bu yeganə hərbi birləşmədir ki, öz ölkəsinin hərbi mükafatını Hitlerin şəxsi təqdimatına əsasən almışdır.
Çoxsaylı xarici siyasi təzyiqlər nəticəsində 1943-cü il oktyabrın 20-də Franko "Mavi diviziya"nın buraxılmasına və əsgərlərin cəbhədən geri çağrılmasına qərar verdi. Lakin bir çox əsgərlər Alman Əcnəbi Legionunun tərkibinə qatılaraq müharibədə iştirak etməyə davam etdilər.
"Mavi diviziya" ilə yanaşı, ispan hərbi pilotlarından təşkil olunmuş və alman təyyarələrində uçan "Mavi eskadrilya" adlı hərbi birləşmə də mövcud idi.