Mayak gözətçisi

Şimali Hollandiyada yerləşən Marken şəhərinin ərazisində fəaliyyət göstərmiş Mayakın gözətçisi. (1985)

Mayak gözətçisi (ing. Lighthouse keeper) — XVIII əsrdən etibarən geniş yayılmış və zamanla ardıcılları azalmış peşə, mayakların fasiləsiz fəaliyyətini təmin edən şəxslər. Mayak gözətçiləri mayakların təmizliyi, xüsusən də yağ lampalarının və saat mexanizmlərinin işlək və saz vəziyyətdə olmasına cavabdeh olan şəxslər idilər. Əsasən ucqar ərazilərdə fəaliyyət göstərən mayaklarda tək-tənha həyat yaşayan mayak gözətçisi mövzusu populyar mədəniyyətdə özünə xüsusi yer tapmışdır.

Əksər vaxtlarda ailələrindən uzaqda qalan mayak gözətçilərinin yaşadığı etik dilemmalar, ağır psixoloji vəziyyətlər bir çox filmlərin ana mövzusu kimi çıxış edib. 2019-cu ildə ABŞ-da istehsal olunmuş və baş rollarında Villem Defo və Robert Pattinsonun çəkildiyi Mayak filmi XIX əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçinin dramatik münasibətlərindən bəhs edir.

Dünyada bir şəxsin mayak gözətçisi kimi ilk dəfə harada xidmət göstərməsi dəqiq məlum deyil. Amerika Birləşmiş Ştatlarında mayak gözətçisi kimi fəaliyyət göstərmiş ilk şəxs Corc Vortleyk olmuşdur. O, 1716–1718-ci illərdə Boston şəhəri yaxınlığında yerləşən şəhər limanı adlı mayakda işləyib.[1] 1776-cı ildə Anna Tomas əri Con Tomasın ölümündən sonra Massaçusets ştatının Plimut limanında yerləşən mayakda gözətçi kimi fəaliyyətə başlamaqla ABŞ-ın ilk qadın mayak gözətçisi kimi tarixə keçmişdir. Vəfat etmiş ərinin peşəsini davam etdirən qadın bu xidmətinə görə il ərzində təqribən 200 dollara yaxın məvacib qazanırdı.[2]

Mayak gözətçisi kimi fəaliyyət göstərmiş məşhur şəxslərdən birinə misal olaraq 1730-cu ildə İngiltərənin Dover limanı yaxınlığındakı Cənubi Foreland mayakında işləmiş Uliyamı göstərmək olar. Uliyam indiki Knott ailəsinin bir mənsubu olmuşdur.[3]

XIX əsrdə mayak gözətçiləri mayak fitillərini kəsmək, yanacaq doldurmaq, külək mexanizmləri işləyən saatları və linzaların təmizlənməsi kimi texniki işləri yetirməklə mükəlləf idilər. Gözətçilərin bir başqa vəzifəsi isə duman siqnalına və meteoroloji stansiyaya cavabdeh olmaq, hava şəraiti ilə bağlı müvafiq qeydiyyat dəftərində qeydləri yazmaqdan ibarət idi. XIX əsr boyunca ABŞ-da mayak gözətçilər dənizlərdə aparılan axtarış və xilasetmə işlərində də böyük rol oynamışdılar.[4]

Mayakların əksəriyyəti adalarda və ya ucqar ərazilərdə yerləşdiyi üçün mayak gözətçiləri orada təcrid olunmuş həyata məcbur idilər. Təcrid olunmuş bir həyat tərzi səbəbindən zaman-zaman mayak gözətçisi olan şəxsin bu işi öz övladına ötürməsi halı da geniş yayılmışdı. Gözətçilərin mayakın giriş hissəsində və ya yaxınlığında özü, varsa ailəsinin yaşaması üçün ayrıca yerlər mövcud idi. ABŞ-də yaranmış (ing. Stag light) jarqonu Amerika Birləşmiş Ştatlarının Mayak Xidmətində çalışan, subay olan və ucqar ərazilərdə tək başına xidmət aparan şəxslərin bir növ tənhalığını ifadə etmək üçün yaranmış söz birləşməsi kimi məşhurluq qazanmışdır.[5][6][7]

XX əsrin əvvələrində dünyada başlamış elektrikləşdirmə və uzaqdan idarə edilə bilən texneloji irəliləyişlərin yaşanması mayak gözətçisi vəzifəsinin get-gedə sıradan çıxmasına və bu işi özünə peşə olaraq seçən şəxslərin sayında kəskin azalmaya səbəb olmuşdur. Bu gün mayaklarda gözətçi kimi xidmət göstərən şəxslər əsasən həmin mayak binalarında texniki xidmət göstərir, sınıq və ya sıradan çıxmış buyları yeniləyir və yaxud sahildən kənarda naviqasiya vasitələrinin coğrafi olaraq dəyişdirilməsi və avtomatlaşdırılmış sistemlərdə texniki dəstək xidməti göstərməkdədirlər.

ABŞ başda olmaqal dünyanın əksər ölkələrində mayak gözətçilərinin hazırlanması Dəniz Qüvvələrinin və ya Sahil Mühafizəsinin yurisdiksiyasına daxildir.[8]

Mövcud vəziyyət

[redaktə | mənbəni redaktə et]

Şimali Amerika

[redaktə | mənbəni redaktə et]

Kanadanın okeanlarda və daxili sulardakı məsələləri ilə məşğul olan Balıqçılıq və Okeanlar departamentinin 2017-ci ilin oktyabr ayına olan məlumatına əsasən ölkədə 51 şəxs mayak gözətçisi kimi fəaliyyət göstərməkdədir. Gözətçilərin bir nəfəri Nyu-Bransuik əyalətində, iyirimi üç nəfəri Nyufaundlend və Labradorda, iyirimi yeddi nəfəri isə Britaniya Kolumbiyası əyalətinin ərazisində fəaliyyət göstərirlər. Men körfəzində yerləşən kiçik Makias-Sil adasındakı mayak istisna olmaqla, qalan bütün mayaklarda xidməti personal fəaliyyət göstərir.[9]

Kanada Sahil Mühafizəsi tərəfindən idarə olunan bu mayak adanın ABŞ ilə mübahisəli statusu səbəbindən suverenlik məqsədləri üçün nəzarət altında saxlanılır.[9] Kanada Sahil Mühafizə Xidməti tərəfindən 2022-ci ildə verilmiş məlumata görə ölkə sərhədləri daxilində mayak gözətçisi vəzifəsinə 90 nəfərə yaxın şəxs cəlb edilib və onların hamısı federal hökumətin işçiləri hesab olunurlar. Sözügedən gözətçilərdən əlli dörd nəfəri Britaniya Kolumbiyası xaricində fəaliyyət göstərməkdədir.[10]

ABŞ-da mülkü şəxs kimi fəaliyyət göstərən sonuncu mayak gözətçisi Frank Şubert 2003-cü ildə vəfat edib. Mülki məqsədlər üçün istifadə edilmiş sonuncu mayak Boston Light 1998-ci ildə qədər ABŞ Sahil Mühafizə Xidməti tərəfindən idarə edilmişdir. Hal-hazırda həmin mayakın mülki məqsədlər üçün istifadəsi dayandırılıb və mayakı ziyarət etmək istəyən şəxslər üçün müxtəlif bələdçi turları təşkil edilməkdədir.[11]

Meksikada mayakların idarə edilməsi Rabitə və Nəqliyyat Katibliyinin tərkibində dövlət qurumu olan Limanlar və Dəniz Ticarət Baş İdarəsi tərəfindən həyata keçirilməkdədir. Avtomatlaşdırılmış mayaklardan istifadə də, Meksikada ABŞKanadada olduğu qədər geniş yayılmadığından, bir çox mayaklardakı iş prosesinin idarə olunması mülkü mayak gözətçiləri tərəfindən icra edilməkdədir.

Cənubi Amerika

[redaktə | mənbəni redaktə et]

Braziliyada ilk mayak 1698-ci ildə ölkənin şərqində, Atlantik okean sahillərində yerləşən Baiya əyalətinin Santo Antonio şəhərində fəaliyyətə başlayıb və həmin tarixdən etibarən ölkə zəngin mayak irsini davam etdirməkdədir.[12] Braziliyanın dövlət qurumu olan Naviqasiya Yardımı Mərkəzi tərəfindən idarə edilən 200-dən artıq aktiv mayakdan 33-də mayak 2020-ci ilin mart ayına olan məlumata əsasən mayak gözətçiləri fəaliyyət göstərirlər.[13]

2013-cü ilə olan məlumata əsasən Çilidə 650-dən çox mayakdan aktiv şəkildə istifadə olunur. Dünyanın ən cənub hissəsində yerləşən mayak isə Dieqo-Ramires adalarının ərazisində yerləşir. Adadakı mayak Çili Hərbi Donanması tərəfindən idarə edilir və əsasən meteoroloji stansiya kimi fəaliyyət göstərməkdədir. 2017-ci ildə adada mayak gözətçisi kimi çalışan Marselo Eskobar qolunu sındırdıqdan sonra Punta Arenasa şəhərinə təxliyyə edilməli olub.[14]

  1. U. S. Coast Guard, "Light Station Boston," Last modified on January 12, 2016, http://www.uscg.mil/history/stations/Lights/Boston/BostonLHindex.asp Arxivləşdirilib 2017-05-08 at the Wayback Machine.
  2. Clifford, Mary Louise and J. Candace Clifford, "Women Who Kept the Lights: An Illustrated History of Female Lighthouse Keepers," Williamsburg: Cypress Communications, 2013; U. S. Coast Guard, "Historic Light Station Information and Photography, Massachusetts," Last modified on January 12, 2016, http://www.uscg.mil/history/weblighthouses/LHMA.asp Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine;
  3. David Alan Stevenson, The World's Lighthouses before 1820, Oxford University Press, 1959, p. 103. Genealogical research has now shown the keeper's name as William – not Henry – Knott, as stated in the reference.
  4. "Life at the Lights". Baltic Lights. Polish Maritime Museum. 2020. July 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 24, 2020.
  5. "Seeing The Light – A Glossary of Lighthouse Terminology". www.terrypepper.com. 12 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2018.
  6. Snow, Edward Rowe. The Lighthouses of New England (ingilis). Applewood Books. 1945. 48. ISBN 9781933212203. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.
  7. Caldwell, Bill. Lighthouses of Maine (ingilis). Down East Books. 2002-01-01. 205. ISBN 9781461744702. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.
  8. "O Faroleiro". Marinha do Brasil. March 12, 2020. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2020.
  9. 1 2 "Lighthouses in Canada". Fisheries and Oceans Canada. Government of Canada. 8 September 2017. 14 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2019.
  10. McArthur, Liz. "B.C. lighthouse keeper forced to take 500-km trip for heart surgery after evacuation in heavy fog". CBC News. October 22, 2022. October 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2022.
  11. The Lighthouse Encyclopedia, The Definitive Reference, Jones, Ray; 2003. Guilford, Conn.: Globe Pequot. ISBN 0-7627-2735-7
  12. "O Centro de Auxílios à Navegação Almirante Moraes Rego". Marinha do Brasil. March 12, 2020. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2020.
  13. "Auxílios à Navegação". Marinha do Brasil. March 12, 2020. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2020.
  14. "Chilean Navy airlifts lighthouse keeper". Air, Med & Rescue Magazine. Voyageur Group Publishing. November 1, 2017. January 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2019.