Mehrac Məhəmməd oğlu Mahmudov (17 yanvar 1958, Səhləbad, Mirbəşir rayonu – 23 aprel 1994, İlxıçılar, Ağdam rayonu) — Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Azərbaycan şəhidi.[1]
Mehrac Mahmudov | |
---|---|
Mehrac Məhəmməd oğlu Mahmudov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 yanvar 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 23 aprel 1994 (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib.[2]
3 övladı vardır.
Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən M.Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlmiş, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir.
23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilmişdir.[3]