Mespilus

Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Əzgil
Elmi təsnifat
Beynəlxalq elmi adı

Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır.

Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır.

Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur. Qədim zamanlarda əzgil möcüzəli və sehrli bir ağac sayılırdı. Məsələn, səyahətə çıxan dərvişlər, özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaçından əsa gəzdirirdilər. Hamilə qadınlar isə, hamiləliyin uğurlu keçməsi üçün, boyunlarından bu ağacdan düzəlmiş həmayil asarmışlar.

Əzgili əsasən meyvəsinə görə becərirlər. Mədəni sortların meyvələri daha iri və ətli olması ilə fərqlənir.

Xalq təbabətində əzgildən qanlı ishala (məsələn: dizenteriyada) qarşı istifadə edirlər. Bundan ötrü hər səhər 200-300 q qabığından təmizlənmiş əzgil meyvəsini yeyirlər. 1 kq əzgil şirəsinə bir qədər şəkər qataraq şərbət hazırlayırlar və onu 4 gün ərzində hər gün 1 stəkan miqdarında içirlər. Sidikqovucu dərman hazırlamaq üçün əzgilnın toxumunu əzmək lazımdır. Sonra bu tozdan 1 çay qaşığı götürüb, cəfəri kökünün həlimi ilə qarışdırıb içirlər. Bu dərman böyrəklərdə və sidik kisəsində daş olduqda çox faydalı təsir göstərir.

Tərkibində olan maddələrə görə əzgil almaya çox bənzəyir. NKPI.AZ tibbi nəşr və mənbələrə istinadən xəbər verir ki, əzgil ən yaxşı qankəsici vasitədir, həzmi yüngülləşdirir, bağırsaqları möhkəmləndirərək qanlı ishal, yəni dizenteriya əleyhinə təsir göstərir, ağciyərləri bəlğəmdən təmizləyir, qıcıqlanmanın qarşısını alaraq tənəffüsü yaxşılaşdırır, ürək ağrılarını yüngülləşdirir. Əzgil şirəsi böyrək daşlarını parçalayır. Yarpağının dəmləməsi qanda şəkərin miqdarını azaldır.

Əzgilin meyvəsini ağacdan dərib bir qədər saxladıqdan sonra yeyirlər. Bu müddət ərzində o, bir qədər qıcqırır, yumşalır və yeməli olur. Meyvəni soyuducuda saxlamaqla da yumşaltmaq olur.

Sınanmış bəlğəmgətirici vasitə olan əzgilin lətinin balla qarışdırılıb qəbul edilməsi bronxit, öskürək zamanı nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı təsir göstərir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, onların qanamasını azaldır, ağızda iltihablara qarşı mübarizə aparır. Əzgil yarpaqlarından hazırlanan çay ağciyər, ağız və bağırsaq xərçənginin qarşısını almaq üçün istifadə oluna bilər.

Yetişmiş yumşaq meyvəsinin tərkibində şəkər — 10-16% və alma turşusu — 1,2%, qabığında isə karotin və C vitamini vardır. Qabığı və yarpaqları aşılayıcı maddələrlə zəngindir. Meyvəsi çiy halda yeyilir və cemlər, içkilər hazırlamaq üçün istifadə edilir.

Əzgil ən yaxşı qankəsici vasitələrdən biridir

Əzgil meyvə bitkisidir. Bir neçə növü var — alman əzgili, adi əzgil, yaxud Qafqaz əzgili. Yabanı halda, əsasən, Qərbi Avropanın, Krımın, Ön Asiyanın aşağı dağ qurşağında və Orta Asiyanın cənub-qərbində bitir. Şimali Amerikada yabanılaşmış Sterna əzgili (M. canescens) xüsusi növ kimi təsvir edilmişdir.

Yarpağınıtökən alçaqboylu (3–6 m), birevli ağac, yaxud keçətüklü, tikanlı zoğları olan kollardır (becəriləni tikan sızdır). Yarpaqları lansetvarı, yaxud ellipsşəkilli, tamkənarlı, yaxud dişli olub spiral şəklindədir, çiçəkləri isə iri və ağ olub, zoğların ucunda tək-tək yerləşir. Meyvəsi kiçik (diametri 2-3 sm, becərilən əzgilin meyvəsi 5-7 sm, kütləsi 10 q-dan artıq), kürəşəkilli, armudvarı, yaxud ellipsşəkillidir; qonurumtul, yaxud qonurumtul-sarı rəngli, iri toxumlu olur. Ləti qəhvəyi rəngdə, turş, büzücüdür; tərkibində şəkər (17%-ədək), pektin, aşı maddəsi, C vitamini, alma turşusu və s. var. Meyvəsi sentyabrın axırı — oktyabrda yetişir; uzun müddət ağacda qalır və don vurduqda şirinləşir. Təzə halda yeyilir, turşuya qoyulur və s. Yarpaqları, qabığı və kal meyvələrindən dəri aşılanmasında, oduncağından müxtəlif əşyalar düzəltmək üçün istifadə olunur. Əzgil isti və işıqsevən, kölgəyə və quraqlığa davamlı, nisbətən şaxtaya davamlıdır. Zəif turşulu torpaqlarda yaxşı bitir. Balkan yarımadası ölkələri, Türkiyə, İran, İraq, Azərbaycanda, əsasən dağlarda yetişdirilir. Əzgil toxum və qələmlə çoxaldılır; əsasən, yemişan, heyva və armuda calaq etməklə becərilir. Çox vaxt əzgildən yapon eriobotriyası (səhvən yapon əzgili adlanır) üçün calaqaltı kimi istifadə olunur.