"Milli Birlik" — Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalçılığı fikrini aşılayan, milli dövlətin bərpası uğrunda yazılan məqalələr toplusu.
Məhəmməd Əmin Rəsulzadə bolşevizm dövründə Azərbaycanda yeridilən ideyaların türk millətinin, azərbaycanlıların həyatına, milli ruhuna yad olduğunu göstərmək üçün «Milli təsanüd» adlı ideologiya yaratmışdır. O ərəb sözü «təsanüd»ü Avropa deyimincə «solidarizm» kimi vermişdir. «Milli təsanüd» ideologiyasının əsasları bolşeviklərin Azərbaycanda qırğınlar, sürgünlər, repressiyalarkı «kommunizm» qurduqları illərdə yaradılmışdır. Milli ideoloq kimi borcunu bilən Məhəmməd Əmin bəy Avropada yayılan liberalizm, kommunizm və başqa nəzəriyyələri araşdıraraq, Azərbaycanda yağıların yeritdiyi, milli ruha yad ideyaların yox, ancaq «Milli təsanüd» ideologiyasının yayılmasını düzgün saymışdır:[1]
«Madam ki, milliyyətçiyik, deyirik; madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommunizmə təhəmmül (yönəlmə) caiz (düzgün, uyğun) ola bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir». «Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və maşın halına gətirən kommunizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda: İkisini təlif (uzlaşdıran) edən solidarizm — təsanüd. Məhəmməd Əmin Rəsulzadə
|
M.Ə. Rəsulzadənin əsaslarını yaratdığı «Milli təsanüd» ideologiyasında etatizm prinsipi güclüdür. O dönəmdə şərqdə etatizmə dayanan ideologiya və idarəetmə düzgün bir siyasət idi. Mustafa Kamal Atatürk də Türkiyə Cümhuriyyətində etatizmi uğurla tətbiq etmişdir. Bu prinsiplər çağdaş Azərbaycan Respublikası üçün də önəmlidir. Azərbaycanı rus-erməni-mason bolşeviklərinin əlindən qurtarmağa, qorumağa çalışan, amma əli qələmdən, yüksək ideoloji düşüncədən, siyasi konfranslar keçirməkdən başqa bir şeyə yetməyən Məhəmməd Əmin bəy deyirdi: dili, mədəniyyəti, dini, əxlaqı, ruhi-mənəvi aləmi - milləti bir olan Azərbaycanda kommunizm ideologiyasına yer ola bilməz! Burada ancaq milli birlik, milli həmrəylik ideologiyası keçərli, yaşarlı ola bilər! Milli birlik düşüncəsi çağdaş Azərbaycan Respublikasında da azərbaycançılıq ideologiyasının türkçülük, islamçılıq, çağdaşlıq ideyalarını kökləşdirən bağdır. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda kommunizm yayan yağılara deyirdi: «Hökumət demək, Leninin təbirincə, həddi zatında (özlüyündə) bir sinfin digər sinifləri əzmək və özünə tabe etmək üçün qurmuş olduğu cəbr maşınından başqa bir şey deyildir. Bunun üçün də Marksa görə, fəhlənin nə vətəni var, nə də milləti. Vətən və millət hissindən məhrum olan bu yeni insanlar zümrəsi - proletariat - «burjua diktatorluqlarını» devirərək, öz hakimiyyətini quracaq və tədriclə bütün sinifləri ortadan qaldıraraq sinifsiz və təzadsız bir cəmiyyət yaradacaq»sa, bu, insanlığın faciəsi olacaqdır! [2]
«Milli birlik» kitabındakı Azərbaycan bağı ilə bağlanmış aşağıdakılar kimi məqalə və araşdırmaları yer almışdı:
Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: milliyyət və millət. Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqda doğan ümumi bir iradəni anladır. Madzininin məruf (məşhur) tərifinə görə, millət: «torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna» deyilir. Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir». Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına baxmayaraq, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir.[3]
Azərbaycanın ictimai-siyasi fikrində millətçilik və milliyyətçilik anlamlarının fərqi çoxlarına tam aydın deyildir. Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin yurdumuzun ən dəyərli insanlarını «millətçi» damğası ilə öldürdüyü illərdə türk dilindəki millətçi anlamının Avropadakı patriotizm termininin qarşılığı olub, patriotizmin tarix boyu, eləcə də XX yüzillikdə də bütün dünyada ən şərəfli bir ictimai-siyasi proses olduğunu deyərək, dünya ictimai fikrini bu məsələyə yönəltməyə çalışırdı. Məhəmməd Əmin bəy yazırdı: «Bir millətçi, hər Ģeydən əvvəl istiqlal davasında olan bir vətənçi - bir patriotdur» və «avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir. Bu, avropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə başqa bir şeydir». Məhəmməd Əmin Rəsulzadə «Millətçilik - patriotizm» məqaləsində bu məsələni daha geniş açıqlamışdır: «Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin sosioloqlar tərəfindən kəşf və tərif edilmişdir. Bunu biz, keçən sayımızda qeyd etdik. Bir millətçinin vətən anlayışı, coğrafi mənadakı vətəni müstəqil bir dövlət halına gətirmək istəməsidir. Bir millətçi, hər şeydən əvvəl istiqlal davasında olan bir vətənçi - bir patriotdur... Nasionalizm Qərbi Avropa demokratiyası anlayışınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, dünyanın seyrindən (gedişindən) ayrılmış bir gerilik hərəkətidir. Halbuki patriotizm bir millətin öz müqəddəratına şəxsən özünün hakim olması və özünəməxsus milli bir dövlət qurması hərəkatıdır, bu isə bütün dünyanı bürüyən tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır. Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından millət halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara milliyyətçi nasionalist deyil, millətçi patriot, hərəkatlarına da milliyyətçilik nasionalizm deyil, millətçilik patriotizm demək lazımdır!».[4]
Məhəmməd Əmin Rəsulzadə 1952-ci ilin oktyabrında Ankarada yayımladığı «Azərbaycan» dərgisindəki «Milli birlik» məqaləsində yazırdı: «Millətçilik fikrinə inananların ilk vəzifəsi «Milli birlik»i mühafizə etməkdir. Bu, millətçilik fikrinin əsası və təməlidir. İnternasionalist və kosmopolit nəzəriyyələrlə ortaya atılan marksizm, kommunizm və anarxizm kimi doktrinlərin əsil qayəsi milli birlik və bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır». Nə yazıq ki, bu müştərək türk kültürü tarixin mərhəmətsiz seyri (gedişi) nəticəsində bir-birindən uzaq, müxtəlif sahələrə dağılmışdır. Müştərək düşmən də, bu ayrı-ayrı türk kültür parçalarını bir-birindən uzaqlaşdırmaq və bir-birinə yabançı qılmaq üçün əlindən gələn hər şeyi etmiş və hələ də durmadan etməkdədir. İndi, bu durum qarşısında türk gəncliyinə düşən əsil vəzifə, bu ucsuz-bucaqsız türk kültürünə bütün özəlliklərilə tanımaq, öyrənmək, sevmək, mənimsəməli və tanıtmaqdır.[5]
Bəşər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və sabit bir takım əxlaq qaydaları vardır. Fərdlərdən insan topluluğu dürüst olmalarını, doğru söyləmələrini, hiylə və təzvirə (yalana) baş vurmamalarını, içlərilə dışlarının bir olmasını, başqalarının haqq və hürriyyətlərinə təcavüz etməmələrini, dost və müxaliflərinin fikirlərinə sayğı göstərmələrini, qiybət və iftiradan sakınmalarını, hırs (sonsuz arzu), kin və xudbinlik kimi kötü hisslərə əsir olmamalarını, tərbiyə və nəzakətdən ayrılmamalarını, vətən və millətlərinə bağlı qalmalarını, yurddaşlarına əzəmi (böyük) yardımda bulunmalarını, məmləkət qanun və nizamlarına son dərəcə riayətkar olmalarını, yurdun rifah və səadətinə durmadan çalışmalarını, ailə və əqrabalıq bağlarını qutsal saymalarını, övladlarını vətənə xeyirli olacaq şəkildə yetişdirmələrini, yurd və millətlə ilgili işlərdə böyük fəraqat (fədakarlıq) göstərmələrini tələb etməkdədir.
Bunları eynilə edənlərə cəmiyyət əxlaq və səciyyə sahibi bir insan, vətənpərvər, mükəmməl bir vətəndaş, müşfiq bir ata və milli qəhrəman kimi izafə edər. Əksini işləyənlərə milli topluluğun enində-sonunda nə kimi damğalar vuracağı da məlumdur! Bütün bu ümdələrə riayət edən millətlərə insanlıq camiası irəli, kültürlü, səciyyəli, zində (sağlam) və istiqbalı gələcəyi parlaq millətlər deyə qiymət verir. Əks yolu tutanlara bəşər topluluğu da, tarix də mütəfəssih (çökmüş), çürümüş və ölümə məhkum millətlər damğasını vururlar. Tarix boyunca milli dövlət qurmağa və yaşatmağa müvəffəq olmuş və ün salmış millətlər, həm əxlaq və səciyyələri etibarı ilə sağlam olan və sağlam qalmış millətlərdir. Əxlaq və fəzilət fərdləri yüksəltdiyi kimi, onu daşıyan millətə qarşı dünya ictimai fikrinin bəsləyəcəyi etibar və etimadı da get-gedə yüksəldə və artıra bilir və beləcə milli davanın təhəqqüqünü (gerçəkləşməsini) bir xeyli qolaylaşdırır. Səciyyəsi düzgün və sağlam bir millət gələcəyindən əmin ola bilir. Çünki milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir.[6]
İnsan övladı yavru olaraq dünyaya doğular, ata və anasının himayəsi altında böyüyüb yetişərək gənclik, olğunluq, yaşlılıq və ixtiyarlıq mərhələlərini aşdıqdan sonra yerini və edindiyi təcrübələri yeni nəslə buraxaraq dari bekaya (sonsuzluğa) intiqal edər. Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olursa, o millətin varlığı və gələcəyi təhlükəyə məruz qala bilir. Əlbəttə, yeni nəsil əskilərin kötü ehtiraslarını heç bir surətlə təvarüs etməməli və bunları hakir (dəyərsiz) görmə fəzilətini öz ruhunda daim qüvvətləndirməlidir. Gəncliyin tək şüarı millətə fərağatla və təmiz bir qəlblə xidmət olmalıdır. Belə bir gəncliyi olan millət, halından və istiqbalından (gələcəyindən) tamamilə əmin ola bilir.[7]
Çağdaş mədəniyyətə ayaq uydurmağa mətuf (yönəlmiş) islahat hərəkətinə bizdə qərbliləşmək və avropalılaşmaq adı verilməkdədir. Geri qalmış şərq məmləkətlərini «Qərb mədəniyyətinə» ulaşdırmaq yolunda radikal üsullara baş vuran milli türk inqilabının ideologiyasını işləyənlər Şərq mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılan mədəniyyət anlamlarını qarşılaşdırarkən əsaslı bir xətaya düşür, yanlış termin qullanırlar. Milli türk devrimi Şərqi atır, Qərbi tuturmuş, şərq mədəniyyət dəyişdirirmiş, Qərb mədəniyyətini almaq tarixi zərurətmiş və sairə...
Halbuki sui təfsirlərə məhəl vermədən bir bütün olaraq ələ alınan dünya mədəniyyətini Şərqə və Qərbə ayırmadan üfqi deyil şaquli ayrılıqlarından bəhs etmək daha doğru və daha makuldur (ağlabatandır). Millətçi Türkiyə bugünkü gənc şərqlilərə örnək olaraq etdiyi devrim həmləsilə Şərqdən sıyrılıb Qərbə qatılmır, geri ortaçağ səviyyədən çıxaraq irəli çağdaş səviyyəyə yüksəlir.[8]
Məhəmməd Əmin Rəsulzadə bu məqaləsini Türkiyə Cümhuriyyət hökumətinin qərarı ilə İstanbulda nəşr edilən «Odlu yurd», «Azəri-Türk», «Yeni Türküstan» məcmuələrilə «Bildiriş» qəzetinin bağlanmasından təəssüf hissi keçirərək yazmışdır: "Milli Azərbaycan istiqlal davasının səsi! - Budur bizə həyəcan verən bir nida!... Bu gün Berlindən eşitdiyiniz bu səs, on ilə yaxın bir müddətdən bəri İstambuldan gəlirdi və nə qədər təbii idi. Gənc bir türk vətəninin, istilaya uğramış bir türk millətinin qəsb edilmiş haqqını və haqq etmiş (qazandığı) istiqlalını müdafiə etmək üzrə, türkcə olaraq intişar edən bir nəşrə, iltica (sığınmaq) üçün qardaş Türkiyədən də münasib bir yer təsəvvür oluna bilirmidi?!... Yabançı rus istilasının qızıl terroru altında boğucu bir təəssüflə oxunacaq bu məqalənin azərbaycanlı mücahidlərdə doğuracağı təsir, bu sətirləri yazarkən bizi çox düşündürür. Heyrət dolu gözləri görurük soruşur: Məgərsə nə olmuş?!... Türkiyə Cümhuriyyət hökumətinin qərarı ilə İstanbulda nəşr edilən «Odlu yurd», «Azəri-Türk», «Yeni Türküstan» məcmuələrilə «Bildiriş» qəzeti qapanmışdır... - Xeyir, ola bilməz! Mümkün deyil. Psixoloji, məntiqi bir inkar! - Fəqət, yazıq. Vaqeə meydanda. Həqiqət bütün çılpaqlığı ilə mövcud...acı mövcudiyyət!... Bizi heyrətlər içərisində buraxan bu həqiqətə indi düşmən sevinir." [9]
Rusiya imperializminin hər hankı rəngdə olursa olsun bulunduğu cəbhə heç bir zaman Rusiya əsarətindəki millətlərin olduğu birləşmiş bir cəbhə ola bilməz! Cahanın xətərli və əndişəli günlər içərisində olduğunu biz də təqdir edirik. Dünyanın çıxacaq yeni hərb təhlükəsi qarşısında duyduğu iztirabı, şübhəsiz, biz də duyuruq; fəqət, rus istilası ilə kommunizm diktatorluğunun nə olduğunu şəxsən üzərimizdə edilən qanlı və vəhşətli təcrübələr nəticəsində çox böyük acılarla duyduğumuzdan, nə sülhün, nə də hürriyyətin Rusiya qüvvəti və kommunizmlə itilaf (uzlaşma) surətilə müdafiə edilməyəcəyini dəxi iki dəfə iki dörd edər kimi, mühəqqəq (qəti) bilirik. </poem> [10] <poem>Onun üçündür ki, yolumuz aydın və taktikamız aşkardır. Demokratiya - ideologiyamız, Sovetlərsə - düşmənimizdir.
«Azərbaycan istiqlalçılığının kökü Azərbaycan türkünün rus çarizminə qarşı davam etdirdiyi milli kültür uğrundakı mücadilədir». Bu mücadiləni o, yalnız başına deyil, onunla eyni bəlaya mübtəla olan digər türk ellərilə bərabər olaraq davam etdirirdi. 1905-ci ildə Nicnidə intiqal (keçirilən) edən «Müsəlman İttifaqı» konqresində Azərbaycan təmsilçiləri fəal surətdə iştirak eləmiş; 1917-ci ildə Moskva konqresində dəxi azərbaycanlıların çox mühüm rolları olmuşdu. Çarizmə qarşı mücadilələrində Azərbaycan türkləri Krım, Kazan və Türküstan türklərilə ortaq çalışmışlar. Milli mədəniyyət xüsusatının rus təcavüzündən mühafizəsinə yönəlmiş mücadilədə Rusiya müsəlmanları birlikdə hərəkət eləmiş, kar və ziyana daima şərik olmuşlar». «28 may 1918-ci ildə elan olunan Azərbaycan istiqlalı, 1917-ci ilin mayında Moskvada münakid «Ümumrusiya müsəlmanları qurultayı»nda elan olunan milliməhəlli muxtariyyət prinsipinin təkamülündən başqa bir şey deyildi». «Azərbaycan istiqlalçılığı Rusiya əsarətindəki türk elləri istiqlalçılığının pişdarı (öncülü) idi. Bu etibarla 28 may yalnız Azərbaycan istiqlalçıları nəzərində deyil, Rusiya əsarətinə qarşı qiyam edən bütün türk elləri nəzərində də möhtərəm bir cidal (dava) günüdür».[11]
Moskvadan «islahat» xəbəri gəldi. Sovetlər İttifaqı konqresində mühüm bir qərar alınmışdır: bundan sonra sovet seçkiləri müsavi, doğru və gizli olaraq keçiriləcəkmiş. Demək ki, indilik nəzəri olaraq [çünki yeni seçkilər bir neçə il sonra keçiriləcək] bir tərəfdən köylü ilə şəhər fəhləsi arasındakı siyasi müsavatsızlıq qalxacaq, digər tərəfdən də hər köylü ilə fəhlə beş-altı vasitəyə ehtiyac qalmadan dövlətin ən böyük konqresinə öz delegələrini doğrudan-doğruya göndərəcəkdir və eyni zamanda rəyini hər kəsdən saxlı və gizli olaraq verə biləcəkdir.
Qızıl ordunun şöhrət hırsı (sonsuz arzu) daşıyan komandanlarından bir qismini hərəkətə gətirəcək sovet “vətənçiliyi”nin qızıl istibdad altında əzilən millətlərdə də nifrət, etimadsızlıq eyni hissi uyaracağına kim inanır?!...
On yeddi ildən bəri tətbiq etdiyi zülm və soyğunçuluq sistemilə Sovet hökuməti, köylü kütləsi üzərində və milli ölkələrdə o qədər dərin bir nifrət, etimadsızlıq və özünə qarşı ölçüsüz bir kin hissi oyatmışdır ki, bu kimi hiylələrlə onları aldadaraq, öz istibdadı uğrunda şüurlu olaraq qurban halına gətirmək imkanına inanmaq üçün, Sovetlər hesabına çox nikbin olmaq lazım?!...[12]
Qafqazlı mühərrirlərdən biri rus imperializmini tərvic (dəstəkləyən) edən erməni siyasilərinə çox yerində bir isim vermişdir - rus imperializminin könüllüləri! Belələrinə bizcə, eyni haqq və eyni müvəffəqiyyətlə «Rusiyanın kölələri» demək də caizdir (düzgündür). Millətlərindən ziyadə öz zövq və mənfəətləri şaikilə (üçün) hərəkət edən erməni siyasətçilərindən bir qismi millətdaşlarını bərabər yaşamaq məcburiyyətində olduğu qonşuları əleyhində macəraçıyana çıxmazlara sövq etməkdən sakınılırsa, bizcə, öz irqdaşları hesabına çox ağıllı və çox əhəmiyyətli bir hərəkətdə bulunmuş olurlar!...[13]
Sovet Elmlər Akademiyasının çarlıq dövrü və idarəsinə aid olaraq nəşr etdiyi arxiv materialları arasında tariximizin o dövrünü işıqlandıran çox mühüm materiallar nəşr edilmişdir. Əsasında üç cilddən ibarət olub, «Rus imperializminin Azərbaycanda 1820-dən 1860-a qədər sürən koloni (müstəmləkəçilik) siyasəti»nə aid olan arxiv material və vəsiqələrinin ilk cildi SSRİ Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən «Sovetlər İttifaqı millətlərinin tarixi» seriyasına daxil olaraq 1936-cı ildə nəşr edilmişdir. «Feodal münasibətləri və müstəmləkəçilik rejimi»ni işıqlandıran bu cilddən sonra gəlcək cildlərdə kitabın müqəddiməsindən görüldüyü kimi, «Azərbaycanda milli müstəmləkəçilik hərəkatları» ilə «Azərbaycanda ticarət və sənaye tarixinə aid materiallar» dərc olunacaqmış, lakin bu cildlər haqqında heç bir xəbər olmamasını Məhəmməd Əmin Rəsulzadə bu məqaləsində dilə gətirir. Məqalədə M.Ə. Rəsulzadə milləti Rus müstəmləkəçilik rejimini işıqlandıran bu sənədlərlə yaxından tanış edib.[14]