Milli Hidrometeorologiya Xidməti

Milli Hidrometeorologiya Xidməti (tam adı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti) — Azərbaycan Respublikasında xidmət[2]

Milli Hidrometeorologiya Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 30 mart 2020
Tabelik Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ünvan Baki, Heydər Əliyev pr., 10
Rəhbərlik
Rəis Nazim Mahmudov[1]

Rəsmi saytı meteo.az

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıqatmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqisu kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Hidrometeoroloji məlumatların əldə olunma mənbəyi hidrometeoroloji stansiyaların paylanma qanunauyğunluğu prinsipinə əsaslanaraq respublikanın ərazisi üzrə yerləşdirilmiş hidrometeoroloji stansiyalar və məntəqlər hesab edilir ki, bu da öz növbəsində hidrometeoroloji şəbəkə adlandırılır. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi çox qədimdir. Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlamış və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə ZaqataladaŞəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Kənd təsərrüfatı bitkiləri üzərində ilkin aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Respublikamızda ilk dəfə atmosferin ozon təbəqəsi üzərində müşahidələrə 1993-cü ildə Bakı şəhərində başlanılmışdır. Çay suları üzərində ilk hidroloji müşahidələr 1861-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. 1920-ci ildə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsi, 1925-ci ildə Bakı Hava Bürosu yaradılmışdır. İlk radiozondun buraxılışı 1936-cı ildə Maştağa qəsəbəsində, 1953-cü ildə isə Lənkəran şəhərində təşkil edilmişdir. 1952-ci ildə ilk dəfə olaraq açıq dənizdə "Neft Daşları" hidrometeoroloji stansiyası təşkil olunmuşdur. 1966-cı ildə hazırkı Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bazasını təşkil edən Elmi Tədqiqat Bakı Xəzər Dəniz laboratoriyası yaradılmışdır.

Respublikada ilk dəfə olaraq doluya qarşı mübarizə ekspedisiyası 1967-ci ildə Dağlıq Qarabağda, 1968-ci ildə Şamaxıda yaradılmışdır. Respublikada ilk dəfə olaraq 1969-cu ildə BakıSumqayıt şəhərlərində, 1972-ci ildə Gəncə və Mingəçevir şəhərlərində atmosfer havasının çirklənməsi üzrə müşahidələr, 1980-ci ildən isə yağış suları üzərində çirklənmə üzrə müşahidələrin aparılmasına başlanılmışdır. 1974-cü ildə Azərbaycan Hidrometeoroloji Xidmətin nəzdində Təbii Mühitin Monitorinqi Mərkəzi,1992-ci ildə Azərbaycan Respublikasının Hidrometeorologiya Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası 1992-ci ildən MDB ölkələrinin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasına üzv seçilmişdir.

Ölkədə əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər hidrometeorologiya sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, hidrometerologiya fəaliyyətinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulmuşdur. 1994-cü ilin sentyabrında ÜMT-nin xətti ilə "Xəzərin Hidrometeorologiyası və Çirklənməsinin Monitorinqi" üzrə Koordinasiya Komitəsi yaradılmış, 2014-cü ildə Xəzəryanı ölkələrin milli hidrometeorologiya xidmətləri arasında "Xəzər dənizinin hidrometeorologiya sahəsində əməkdaşlığa dair Saziş" imzalanmışdır. Azərbaycan Respublikası 1995-ci ildən BMT-nin "İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"na qoşulmuşdur. Azərbaycan Respublikası 1997-ci ildən YUNESKO-nun Okeanologiya üzrə Dövlətlərarası Komissiyasının üzvüdür. 17 aprel 1998-ci ildə "Hidrometeorologiya Fəaliyyəti Haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 yanvar tarixli 62 saylı sərəncamı ilə "Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı" təsdiq olunmuş və bununla əlaqədar olaraq, hidrometeorologiya sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, ölkənin ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyi təmin olunmuşdur.

Azərbaycan Respublikası Ümumdünya Meteorologiya Təşklatının üzvü olduqdan sonra müasir tələblərə cavab verən yeni cihaz və avadanlıqlarla təchiz edilmiş hidrometeoroloji stansiya və məntəqələr açılmış, proqramın icrası məqsədi ilə avtomat meteorloji avtomat stansiyaların sayı 67-ə çatdırılmışdır. Eyni zamanda 2016-cı ilin sentyabr ayında (MESSİR-CLİM) İqlim bazası və (MESSİR-COMM)kommunikasiya sistemi tətbiq edilmişdir. 2018-ci ilin iyul ayından hidrometeoroloji məlumatların ümumdünya meteorologiya təşkilatına (WMO) ötürülməsi üçün regional meteoroloji məlumatların rabitəsi şəbəkəsinə (RMDCN) qoşulmuşdur 2017-ci ilin 19 iyul tarixində işğaldan azad olmuş Cocuq Mərcanlı qəsəbəsində, 2018-ci ilin mart ayında Naxçıvan MR-nın Naxçıvan hidrometeorologiya idarəsinin Naxçıvan və Culfa HMS-da, cari ilin may ayında isə Sədərək HMS-də avtomat meteoroloji stansiyalar qurularaq istifadəyə verilmişdir. 2004-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı"ından irəli gələn məsələlərdən biri olan "Hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi 2020–2023" İnkişaf Konsepsiyası hazırlanmış və əlaqəli təşkilatlardan müvafiq rəylər alınmışdır. Müşahidə şəbəkəsinin yenilənməsi, avtomatik müşahidə cihazları ilə təminat hidrometeoroloji xidmətin keyfiyyətinin artması ilə nəticələnir ki, bu da müxtəlif dövlət proqramlarının, həmçinin digər hüquqi aktların müvafiq bəndlərinin icrasının müvəffəqiyyətlə təmin edilməsinə imkan yaradacaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi və strukturun optimallaşdırlması ilə həyata keçirilən fəaliyyətin səmərəli təşkil edilməsi məqsədi ilə 2018-ci ilin 16 iyul tarixli, 460/Ü əmri ilə Milli Hidrometeorologiya Departamentinin Baş Aviameteorologiya Mərkəzi, Abşeron, İsmayıllı, Şəki, Gəncə, Sabirabad, Quba, Lənkəran, Qarabağ Regional Hidrometeorologiya Müəssisəsi, Mingəçevir İxtisaslaşdırılmış Göl Stansiyası, Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsi ləğv edilmiş və əvəzində Radiometeorologiya, aviameteorologiya və aerologiya Mərkəzi, Abşeron və Dəniz Hidrometeorologiya Mərkəzi, Şimal-Şərq, Şimal-Qərb, Qərb, Aran, Cənub Regional Hidrometeorologiya Müəssisələri yaradılmışdır. Optimallaşdırmadan sonra struktur üzrə müşahidə şəbəkəsində ümumilikdə 79 stansiya, 89 məntəqə fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Naizrliyinin 30.03.2020-ci il tarixli, 218/Ü saylı Əmri ilə Milli Hidrometeorologiya Xidməti yaradılmışdır.

Direktorlar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  2. "Milli Hidrometeorologiya Xidməti". 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  3. "Milli Hidrometeorologiya Xidməti". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  4. Aynur Osmanqızı. "Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub" (az.). Report.az. 10.12.2018. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
  5. 1 2 "Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin edilib". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]