Türkiyə Respublikası Təhsil Nazirliyi (türk. Türkiye Cumhuriyeti Millî Eğitim Bakanlığı) — Türkiyə Respublikası Prezidenti tabeçiliyində, 1739 saylı Milli Təhsil qanunu və 1 saylı Prezident fərmanı ilə inkişaf planları və dövlət təhsil proqramlarına uyğun olaraq milli təhsil xidmətlərinin aparılmasından məsul olan dövlət qurumu.[1]
Təhsil Nazirliyinin əsas vəzifələri aşağıdakılardır:[2]
- Məktəbəqədər, ibtidai və orta məktəb şagirdlərini fiziki, əqli, mənəvi, sosial və mədəni keyfiyyətləri baxımından inkişaf etdirən, insan hüquqları və qlobal rəqabətə davamlı iqtisadi sistemə əsaslanan ictimai quruluşun tələb etdiyi bilik və bacarıqlarla təchiz edərək gələcəyə hazırlayan təhsil və tədris proqramları hazırlamaq, həyata keçirmək və yeniləmək;
- Müəllim və şagirdlərin təhsil və təlim xidmətlərini həyata keçirmək və nəzarət etmək;
- Bütün təhsil və təlim səviyyələri üçün milli siyasət və strategiyaların müəyyənləşdirilməsi, həyata keçirilməsi, icrasına nəzarət edilməsi, ortaya çıxan yeni xidmət modellərinə uyğun olaraq yenilənməsi və təkmilləşdirilməsi üçün lazımi tədqiqatları aparmaq;
- Təhsil sistemini iqtisadi və sosial inkişafın tələblərinə uyğun olaraq yeniliklərə açıq, dinamik, müasir texnika və modellər işığında dizayn etmək və inkişaf etdirmək;
- Təhsilə müraciəti asanlaşdıran və hər bir vətəndaşın təhsil imkanlarından bərabər dərəcədə faydalana biləcəyini təmin edən siyasət və strategiyaların hazırlanması üzərində işləmək, müəyyən edilmiş strategiyaları həyata keçirmək, onların həyata keçirilməsini izləmək və əlaqələndirmək;
- Qızların, əlillərin və cəmiyyətin digər təbəqələrinin təhsildə iştirakını artıracaq siyasət və strategiyalar inkişaf etdirmək üçün lazımi tədqiqatları aparmaq, müəyyən edilmiş siyasətləri həyata keçirmək və onların həyata keçirilməsini əlaqələndirmək;
- Xüsusi istedadlı insanların bu keyfiyyətlərini qoruyan və inkişaf etdirən xüsusi təhsil və təlim proqramlarını hazırlamaq, həyata keçirmək;
- Ali təhsil müəssisələri xaricində təhsil və tədris müəssisələrinin açılması, icazə verilməsi və nəzarəti;
- Müvafiq qurum və təşkilatlarla əməkdaşlıq edərək xaricdə təhsil sahəsində çalışan və ya yaşayan Türk vətəndaşlarının ehtiyac və problemləri üçün araşdırmalar aparmaq;
- Konstitusiya qanunları və Prezident fərmanları ilə təyin edilmiş digər vəzifələrin icrası;
Milli Təhsil Nazirliyinin təşkili və vəzifələri haqqında 3797 saylı Qanuna görə, mərkəzi, vilayətdaxili və ölkə xarici olmaq üzərə üç bölmədən ibarətdir. Milli Təhsil Nazirliyinin 81 vilayətdə və 850 qəsəbədə vilayət qurumları fəaliyyət göstərir.[3] Təhsil Nazirliyinin 28 təhsil müşaviri ilə 22 ölkədə fəaliyyət göstərir. Bu ölkələr arasında ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Belarus, Belçika, Çin, Fransa, Kosovo, Ukrayna, Küveyt, Serbiya, Rusiya yer alır. Müşavirliklərin əsas məqsədi, xaricdə yaşayan türk vətəndaşlarını lazımi dəstəklə təmin etmək, həmçinin Türkiyədə təhsil almaq istəyən xarici vətəndaşların sənədlərinin təsdiq olunmasıdır.[4]