Minşuku (民宿?) – yapon üslubunda olan bed-end-brekfest növü.[1] Ryokanın daha ucuz versiyasıdır.[2]
1979-cu ildə aparılmış sorğuya əsasən həmin il Yaponiyada təxminən 27.000 minşuku fəaliyyət göstərirdi.[3]
Minşukular ənənəvi olaraq insanların öz evlərindəki bir neçə otaqdan ibarət olur və ailələr tərəfindən idarə olunur.[1] Buna görə də ziyarətçilər siravi yaponların gündəlik həyatını görmək üçün bir neçə günlüyünə minşukuda qalmağı seçirlər.[1] Ziyarətçilərə ilk öncə məzə və çay servis olunur.[1] Qonaq otaqları yapon üslubunda olduğu üçün burada yerdə otururlar, yeyirlər və yatırlar.[1] Yeganə mebəllər kiçik bir stol və bir neçə balınc ola bilər.[1]
Ziyarətçilər yatanda onlara futon və yatmaq üçün paltar təqdim olunur.[1] Buna görə də ziyarətçilər minşukuya gedəndə özləri ilə pijama aparmırlar.[1] Minşukada gəzərkən isə yukata geyinirlər.[1] Qrup şəklində gələn ziyarətçilər bir otaqda qalırlar və onlar üçün döşəməyə futonlar düzülür.[1]
Minşukularda özəl yox, ictimai hamamlar fəaliyyət göstərir.[1] Sadəcə bəzi kiçik minşukularda ailələr və cütlüklər üçün özəl hamamlar mövcuddur.[1] Səhər və axşam yeməyi çox vaxt qiymətə daxil olsa da, bəzən biri və ya ikisi əlavə qiyməti olan seçim şəklində təqdim olunur.[1] Bəzi minşukular yemək servis etmir və ya ancaq səhər yeməyi verir.[2] Səhər və axşam yeməyi yemək otağında servis edilir. Bəzi qədim minşukularda isə qapıların qıfılı olmur.[2] Minşukuların qiyməti ucuz olsa da, dəbdəbəlilik axtaranlar üçün bahalı minşukular da mövcuddur.[1]
Minşukular adətən turistlərin çox olduqları yerlər – onsenlər, xizək mərkəzləri və dağların yaxınlığında yerləşir.[2] Turistlərin minşuku təcrübəsi yaşaya biləcəkləri ən tanınmış yerlərdən biri Şirakava-qo və Qokayama tarixi kəndlərinin ətrafıdır.[2] Minşukular kiçik şəhərlərdə olsa da, Tokioda da bir neçə minşuku fəaliyyət göstərir.[1]
Agoda və Booking kimi saytların minşukular üçün ayrıca verilənlər bazası var.[2] Rezervasiyalar telefonla və ya yerli turizm agentliyi ilə aparılır.[2]