Minavər İbrahimova (tam adı: Minavər Cəfər qızı İbrahimova) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor.[1]
Minavər İbrahimova | |
---|---|
Minavər Cəfər qızı İbrahimova | |
Doğum tarixi | |
Doğum yeri | Xucbala, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yerləri | AMEA, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
İbrahimova Minavər Cəfər qızı 5 may 1946-cı ildə Quba rayonunun Xucbala kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Quba şəhər 2 saylı orta məktəbi bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1966-cı ildə kimyaçı, kimya müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra Elmi-tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər institutunda (Quba şəhəri) kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1970-ci ildə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna əyani aspiranturaya daxil olmuşdur. 1974-cü ildən etibarən NKPİ-də baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi, 2002-ci ildən "Funksional oliqomerlər" laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal–hazırda "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinin müdiridir.[2]
Rəhbərliyi və bilavasitə iştirakı ilə aparilmiş kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni, reaksiyayaqabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Belə birgə oliqomerlərin yüksək reaksiyayaqabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunduqları bu birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.[3]
Neftin katalitik krekinqi prosesində alınan, zəngin karbohidrogen tərkibinə malik yüngül qazoyl fraksiyası əsasında izolyasiya materialı, iondəyişdirici tərkiblər və penoplastlar kimi geniş tətbiq tapmış fenoformalitlərin və tərkibində mineral doldurucu saxlayan termiki stabilliklə fərqlənən kompozit tərkiblərin birmərhələli üsulla sintezi şəraiti işlənib hazırlanmışdır. Alınan fenoformalit qatranının yüksək gərginlikli sahələrdə izolyasiya materialı kimi işlədilməsinin prespektiv olduğu göstərilmişdir.
Ekoloji zərərsiz, sadə, iqtisadi baxımdan səmərəli istehsal və emal texnologiyaları yaratmağa imkan verən, katalitik komponent, katalitik sistem və həlledici kimi istifadə oluna bilən ion mayelərinin sintezi, onların iştirakında sintetik polialfaolefin baza yağlarının alınması və seçici həlledici kimi istifadə etməklə neft fraksiyalarının təmizlənməsi sahəsində tədqiqatlar aparılmışdır.
Ion maye katalitik sistemlər iştirakında sintez edilmiş polialfaolefin yağ fraksiyaları kifayət qədər yüksək özlüluk, özlülük indeksi, aşağı doymamışlıq və donma temperaturu, oksidləşməyə qarşı stabillik və aşağı buxarlanma göstəriciləri ilə xarakterizə olunurlar. Sintez olunmuş polialfaolefin yağ fraksiyaları və müxtəlif özlülüklü mineral yağları əsasında yüksək özlülüklü yarımsintetik baza motor yağlarının və sənaye yağlarının alınmasının mümkünlüyü müəyyən edilmişdir.
Neft fraksiyalarının, o cümlədən müxtəlif yağ və yanacaq fraksiyalarının aromatik karbohidrogenlərdən, kükürdlü və qatran birləşmələrdən təmizlənməsində sintez edilmiş neytral xarakterli ion maye tərkiblərin seçici həlledici kimi tətbiqi sahəsində aparılmış tədqiqatlar nəticəsində onların ekstragent kimi istifadəsinin iqdisadi baxımdan səmərəli və ekoloji baximdan perspektiv olduğu göstərilmişdir. Alınmış nəticələrə əsaslanaraq bu prosesin sənaye miqyasında tətbiqinə tövsiyələr verilmiş, təcrübə sənaye zavodunda transformator yağ distillatının ion-maye tərkiblə seçici tənzimlənməsi həyata keçirilmişdir.
Bundan əlavə yüksək molekullu birləşmələr kimyasının perspektiv istiqamətlərindən biri olan, struktur quruluşu, molekul kütlə paylanması tənzimlənmiş, yüksək fiziki-mexaniki göstəriciləri, istismar xassələri ilə fərqlənən polimer və birgəpolimerlərin "canlı" radikal mexanizmi ilə sintezi sahəsində tədqiqatlar aparılaraq stabil sərbəst radikal −4-karboksiamid, 2,2,5,5-tetrametilpirrolin-1 oksil iştirakında stirolun radikal polimerləşməsi və metakril turşusunun bəzi efirləri ilə tənzimlənən mexanizmlə birgəpolimerləşməsi reaksiyaları tədqiq olunmuş və aşağı polidisperslik göstəricisi ilə xarakterizə olunan polimer məhsulların, o cümlədən blok birgəpolimerlərin alınma şəraiti müəyyən edilmişdir.
Stirolun butoksimetakrilatla tənzimlənən radikal mexanizmi ilə birgə polimerləşməsi ilə sintez edilmiş polimer və blokpolimerlər əsasında metal kompozitlər alınmış və sintetik yağlara aşqar kimi və Bakı neftlərinin naften – parafin karbohidrogenləri qarışığının oksidləşməsi prosesində katalitik sistem kimi tətbiqə yararlı olduğu müəyyən edilmişdir.
Katalitik krekinq prosesində alınan qazoyl fraksiyası əsasında superplastifikatorun alınması sahəsində tədqiqatlar davam etdirilərək təcrübə sənaye zavodunda superplastifikatorun toz halında alınması prosesi həyata keçirilmişdir.
Neft kimyası və yüksək molekullu birləşmələr sahəsində işlər aparılır.
Tədqiqat işlərinin nəticələri 250-dan çox elmi əsərdə dərc olunmuşdur. Onlardan 2 Azərbaycan patenti alınmış, 3 Azərbaycan patentinə və 1 Avropa patentinə müsbət rəy (İddia sənədi) alınmışdır. Dərc edilən məqalələr "Neft kimyası", "Нефтехимия и Нефтепереработка", "Мир Нефтепродуктов", "Химия в интересах устойчивого развития", "Neft kimyası və Neft emalı prosesləri", "Azərbaycan Kimya Jurnalı", "AMEA Məruzələri" jurnalında və s. çap olunmuşlar.