Minboğalar əfsanəsi

"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri

"Minboğalar əfsanəsi" romanı

[redaktə | mənbəni redaktə et]

"Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur.

Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir. Bu, eyni zamanda sivilizasiyalar mübarizəsidir. Acınacaqlı olan budur ki, bu sivilizasiyalar yadplanetlilərin fərqli mədəniyyətlərinin çarpışması deyil, eyni torpaqlarda min illərdir bir yerdə, iç-içə, qonşu-qonşuya yaşayan eyni etnosa mənsub xalqların davasıdır. Hətta faciə burasındadır ki, eyni bir əşirətin öz içində sinif və təbəqə dəyişən, iqtidar-müxalifət, şəhərli-kəndli, ziyalı-savadsız, bəy-nökər ayrımları ilə səf dəyişdirmiş insanların savaşıdır.

Roman Melih Cevdet Andayın "Yörük məzarlığı" adlı şeirindən götürülmüş və əsərdəki hadisələrin ruhuna uyğun bir bəndlə başlayır:

Ağlar bu mezarlıkta yörükler her gece, Bakıp iri yıldızları davar sanmaktan. Düşünür eski günleri... iskandan önce Geride kalmanın hüznü yamanmış yaman (1, s.3).

Romanın açar kəlməsi "yörük" olduğuna görə bu sözün izahını verməkdə fayda var. Görkəmli türk folklorşünası Pertev Naili Boratav "Yaşar Kemal’in Yörük Kilimindeki Nakışlar" adlı məqaləsində ədibin bu romanda işlətdiyi "yörük" termininə hansı mənaları yüklədiyini düzgün açıqlayır: "Yaşar Kemal "Yörük" deyimini çok geniş anlamı ile kullanır: Onun "Yörük"ü göçebe, yarıgöçebe – ya da yerleşik köylü düzenine geçmiş eski göçebe – Türkmen, Kürt, Sünni, Alevi ve de dar anlamı ile "kara çadırlı Yörük"ün katışımı bir Anadolu insanı tipidir" (2).

Bir neçə kəlmə də romana adını verən Minboğalar əfsanəsi haqqında. Bu, bir yörük əfsanəsidir. Əfsanəyə görə, sevənlərin qavuşmasına icazə verməyənlərə, zalımların zülmünə dözməyib qəzəblənən Toros dağları min buğaya dönür, Çuxurovanın üzərinə yeriyir, məzlumların, haqqı tapdananların haqqını qoruyur, sevənləri vüsala yetirir, ədaləti bərpa edir...

XVIII – XIX əsrlərin siyasi çalxantıları ilə Osmanlı İmperatorluğu yüz illərdir köçəri həyat tərzi yaşayan yörükleri yerləşik həyata keçirmək üçün çeşidli vasitələrə əl atmış, təzyiq və zorakılıqdan da çəkinməmişdir. Bütün bunların nəticəsi olaraq XX əsrin ilk onilliklərində, Cümhuriyyətin qurulub, təməllərinin möhkəmləndiririldiyi dönəmlərdə geriyə sadəcə bir neçə yörük obası köçəri olaraq qalmışdı. "Minboğalar əfsanəsi" romanı bu köçəri yörük obalarından sonuncusu-nun həzin dramını dilə gətirir.

Yörüklər yaylaqdan düzə enmişlər və məskunlaşmaq, çadırlarını qurmaq üçün bir düzəngah axtarmaqdadır. Halbuki yörüklerin yüz illərdir qışlaq olaraq istifadə etdikləri düzlükler hissə-hissə bölünərək sənədli-sübutlu müxtəlif insanlara satılmışdır. Hara gedirlərsə, xalq – mal-mülk sahibləri onları yaxına buraxmır, yer vermək istəyənlər də torpağı pul müqabilidə satmaq və ya icarəyə vermək istəyir. Bütün bu hadisələrin fonunda Xorasanlı Dəmirçi Heydər Ustanın çarələr axtarması, nəvəsi Kərəmin və Yörük gözəli Cerenin başından keçən dramatik hadisə və əhvalatlar nəql edilir.

"Minboğalar əfsanəsi" romanının bir-biri ilə iç-içə keçmiş müxtəlif əfsanəvi və mifik layları var: Xıdırəlləz, Ergenekon, Minboğalar əfsanələri..., şaman və sufi-dərviş ayin və mərasimləri..., Novruz bayramı şənliklərinə bənzər əyləncələr və s. Məlumdur ki, Türk dünyası xalqlarının çoxlu müştərək adət-ənənələri, bayramları, el şənlikləri, dini və dünyəvi ayin, mərasim və əyləncələri var. Məsələn, Novruz, Qurban, Ramazan (orucluq), Xıdır Nəbi... Bu sonuncusuna Xıdır İlyas, Xıdırəlləz də deyilir və digərlərindən fərqli olaraq konkret tarixi-xronoloji zaman baxımından qeyd edilməsi bütün türk və müsəlman xalqlarında üst-üstə düşmür (lakin bütün hallarda, bu zaman dilimi fevral ayının ortaları ilə may ayının ilk həftəsi arasındakı tarixlərə təsadüf edir). Romanda bu bayramın pik tarixi mayın 5-ni 6-sına bağlayan gecədir. Digər tərəfdən, hər bir bayramın türk xalqları tərəfindən qəbul edilmiş ortaq atributları, ayinləri, mərasimləri ilə yanaşı, yalnız bu və ya başqa türk xalqına məxsus özəllikləri, oyunları, hər birisinin öz ritualları, əyləncələri də mövcuddur. Məsələn, türk dünyasında və bir çox müsəlman Şərq xalqlarında Xıdır İlyas şənlikləri də Novruz bayramı kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur, qışın qurtarması və baharın gəlimi, məhsuldarlıq və çiçəklənmə rəmzi kimi bayram edilir.

"Minboğalar əfsanəsi" romanındakı hadisələr məhz bu Xıdırəlləz günü başlayır. Əlbəttə, bu bayramın və bayramın mayasını təşkil edən əfsanənin romana fon olaraq seçilməsi, nəhəng ictimai-tarixi hadisələrin ilk baxışda bir tayfanın və onun fərdlərinin ailə-məişət zəmininə oturtulması təsadüfi deyildir. Bir neçə bayram gününə sığdırılan roman at üstündə qazavat və fütuhat axınlarından, cənk və müharibələrdən keçərək Anadolu torpaqlarında məskunlaşan, köçəri həyatdan oturaq həyata keçidi o qədər də asan, ağrısız-acısız olmayan türkmən əşirətinin minillik tarixinin son dilimindən bəhs edir. Ancaq bu yalnız bir əşirətin, bir tayfanın yox, Kiçik Asiyaya son min ildə fasilələrlə gələn bütün bəyliklər, dövlətlər və, nəhayət, İmperatorluq quran türk xalqlarının – oğuz, səlcuq, türkmən, avşar və s., eləcə də dini təməldə və ortaq tarixi zaman-məkan müstəvisində göbəkbağı ilə türklərlə bağlı olan kürdlərin tarixidir. Yeri gəlmişkən, qeyd edək ki, Yaşar Kamal özü bilavasitə bu acı taleyi yaşayan ailələrdən birinin övladıdır.

Roman boyu Xıdırəlləz əfsanəsini xülasə edən aşağıdakı parça müxtəlif çalarlarla qırmızı xətt kimi keçir və əsər eyni sonluqla bitir:

"Bu gece beş mayısı altı mayısa bağlayan gecedir. Bu gece denizlerin ermişi İlyasla karaların ermişi Hızır buluşacaklar. Dünya kurulduğundan bu yana bu iki ermiş her yıl, yılın bu gecesinde buluşurlar. Eğer bir yıl buluşmayacak olsalar, denizler deniz, topraklar toprak olmaktan çıkar. Denizler dalgalanmaz, ışıklanmaz, balıklanmaz, renklenmez, kururlar. Topraklar çiçeklenmez, kuşlar, arılar uçmaz, ekinler yeşermez, sular akmaz, yağmurlar yağmaz, kadınlar, kısraklar, kurtlar, kuşlar, tekmil yaratık doğurmaz. Eğer onlar buluşamazlarsa…"(1, s.19).

Doğrudan da, onlar görüşməzlərsə, tapışmazlarsa nə baş verər? Yazıçının bu sualı ilk baxışda ritorikdir, lakin romandakı hadisələri diqqətlə izləyəndə bu sualın cavabı tapılır: Türkiyənin bu gün içində bulunduğu duruma hamilə olan uzaq-yaxın keçmişin hadisələri, hələ də həllini gözləyən taleyüklü problemlər ortaya çıxır...

İki ulu Peyğəmbərin – Xızırla İlyasın görüşdükləri bu gecə türkmən əşirətinin uşaqdan böyüyə hər nəfəri niyaz diləyir, istək istəyir, içində gizli daşıdığı və ya hər kəsin bildiyi açıq-aşkar arzusunun həyata keçməsi üçün onlardan kömək umur. Romanın süjet xətti əsərin sərim qismində bu istəklərin personajların öz ağzından tək-tək dilə gətirilməsi ilə başlayır və el ağsaqqalı Dəmirçi Heydər Usta tərəfindən tək bir hədəfə – obanın istəyinə doğru yönləndirilməsi ilə əsərin bədii konfliktinin düyümü hazırlanır: "Bu gece kimse uyumasın. Hiç kimse. Bu gece bir tek kişi uyursa büyü bozulur, büyü... Ben de onu görürsem, sizin isteğinizi isteyeceğim. Kim görürse onu bu yıl, obanın isteğini isteyecek... Tamam mı?(1, s.4)

Əsərin sonrakı səhifələrində obrazların şəxsi qayğıları, fərdi problemləri bütün əşirət üçün taleyüklü ictimai bəlaların, xalqın, obanın dərdlərinin altında basdırılır. Gerçəkləşməsi mümkünsüz olan idealların reallıqla üst-üstə düşməməsi-nin anlaşılması ilə bədii konfliktin düyüm zirvəsi ortaya çıxır... Digər tərəfdən, hər kəz niyaz edə bilər, lakin yalnız həyatı boyunca bilərək günah işləmişlərin arzusu çin olmaz. Belə birisini tapmaq isə o qədər də asan deyil. Ən məsum olan balaca Kərəm belə günah işləmiş, ağac budağındakı qaranquş yuvasını dağıtmış, hələ pərvazlanmamış balaları yerə salmışdır...

Dəmirçi Heydər Usta neçə illərdir ki, bu gün, bu gecə yalnız öz sevimli nəvəsi Kərəm üçün niyaz eləyir, arzularının çin olmasını rica edir. Lakin indi o başa düşür ki, bu il vəziyyət çox mürəkkəbdir. Şəxsi istəklər, fərdi duyğular bir tərəfə buraxılmalı, xalqın düçar olduğu bu bəladan onları qurtarmaq üçün tək bir istəklə dua edilməlidir.

El-obanın sevilib-sayılan ağsaqqalı Müslüm kişi özünə ölümsüzlük istəmir, "bu qoca xəstə çağımda ölümsüzlük nəyimə lazımdır, ölümsüzlük gəncliklə birlikdə verilsə işə yarayardı" deyir və Dəmirçi Heydər Ustadan bu təvəqqedə bulunur: "Hay yiğen, dedi; senin soluğun keskin, Hıdırellez gecesinde bir istekte bulunursan koca Allah bizim dileğimizi verir. Muradımızı verir. Yeter ki sen bu yıl bizim için iste, torunun için değil"(1, s.3).

Əsərin baş qadın qəhrəmanı ahu gözlü, üç qardaşın bir bacısı, uzun boylu, iri alagözlü, ən gözəl türkmən paltarı geyinib-qurşanan Ceren illərdir həsrətindən yanıb tutuşduğu, həm yerli ağa-bəy zülmünə qarşı mübarizə apardığına görə, həm də onları qoruyan "hökumət əlindən" qaçaq düşmüş dəliqanlı sevgilisi Xəlilə qovuşmaq arzusunu dilə gətirmək, bütün sevənləri vüsala yetirən Ululardan onları da qovuşdurmaları üçün yalvaracaq... : "Ceren kız, geçen yıl da, daha önceki yıl da bu Taşbuyduran pınarının başında, gene şimdiki oturduğu yerde, gene yanında sessiz Pembeyle Hıdırellezi beklemiş, ama bir türlü kavuşan yıldızları, donup kalan suyu görememiş, benim günahım, benim günahım çok, demişti. Sabahlara kadar gözlerini kırpmamıştı. Eğer kavuşan yıldızları, kirp diye duran suyu görseydi, bir kere Halilin yüzünü görmek isteyecekti. Bu sefer göreyim hay Allah, diyordu. Göreyim de Hızırdan Halilimi isteyeyim"(1, s.13).

Balaca Kərəm şahin yavrusu istəyəcək. Onu bəsləyib böyüdəcək, həsrətində olduğu və çox sevdiyi ova şahinlə birlikdə çıxacaq: "Kışlak, yaylak istemem, diyordu. Ben kışlak, yaylak istemem. Toprak istemem. Ben suyun durduğunu görünce bir şahin yavrusu isterim. Onu Hızır bana getirir" (1, s.10).

Körpə Dursunun da öz arzusu var. Üzünü xatırlamadığı atasının tezliklə həbsxanadan çıxmasını, onun da digər dostları kimi qürur duyacağı atasının həmişə yanında olmasını arzulayır.

Məyrəm ana illərdir yatalaq olan on yeddi yaşlı qızına bu müqəddəs bayram günü Ululardan şəfa istəyəcəkdi, lakin o da bu səfər xalqın iradəsinə tabe olur, qışlaq-yaylaq yeri əllərindən alınan oba xalqı üçün boş torpaq sahəsi istəyir.

Romanda dərviş gülbəngləri, cəm ayinləri, səmah göstəriləri, bektaşi təriqəti mərasim və şənlikləri Xıdırəlləz bayramının ayrılmaz tərkib hissələri kimi təsvir olunur:"Derken bir davulcu çıktı ortaya, tek başına. Davulunu çalaraktan, davuluyla alt alta üst üste dönmeye başladı. Dehşet bir devinimde hışım gibi dönüyor, kolu uğunurcasına tokmağı sallıyor, davuldan inanılmaz çeşitte sesler çıkıyordu. Yalvarmalar, ağlamalar, gülmeler, öfkeler, alaylar, direnme, başkaldırma"(1, s.18).

Bütün bunlar üzvi surətdə əsərin ana süjet xətti ilə bağlanmış, romanın əsas qayəsinə xidmətə istiqamətləndirilmişdir. Köçəri həyat tərzinə, yaylağı-qışlağıyla yaşamağa alışmış və yüz illərdir hər iki tərəfi özlərinin vətəni, doğma yurd-yuvası hesab etdikləri, çadır və alaçıqlarını qurub yaşadıqları torpaqların əllərindən alınmasına imkan verilməməsi üçün hər kəsdən və hər yerdən əlləri üzülən xalq son çarə kimi, Xızır və İlyas peyğəmbərlərə bütün elliklə niyaza duracaqdır: "Davulun sesi birden kesildi. Davulcu iki dizinin üstünde toprağa niyaza durdu. Eğildi üç kere toprağı öptü. Sonra toydan teker teker kalkıp davulcunun yanına geldiler, yere diz çöktüler, toprağı üç kere öpüp niyaza durdular. Herkes geldi. Hastalar, sayrılar, çocuklar da gelip toprağa niyaza durdular"(1, s.18).

Hadisələrin cərəyan etdiyi bölgə xalqınının mozaikliyini, onların bir-birindən fərqli dini və dünyəvi ayin, ritual və mərasimlərinin iç-içəliyini dərindən bilən yazıçı son dərəcə anlamlı, əsərin ideya məzmununu açmağa yönəlik səhnələr təsvir edir: sünnü məzhəbə dayalı mövləvi təriqətinə məxsus səmah rəqs və göstə-riləri ilə şiə məzhəbinə söykənən cəm ayinləri və Bektaşi gülbəng mərasimləri izləyir: "Allah, Allah, Allah... Sairi Selman, mülke Süleyman, kör olsun Mervan, yardımcımız on iki imam. Gerçeğe hüüüü... Kayalıklar: Gerçeğe hüüü, diye inledi"(1, s.19).

Romanın leytmotivi əvvəldən axıra qədər humanist ideyalar, bəşəri sevgi, dözümlülük, qarşılıqlı hörmət-izzət, şəfqət, xeyirxah amallar üzərində köklənib. Dünyada hər şey var. Ağac, quş, torpaq... Torpaq bərəkətli və doğurqandır. Hamısı da insan üçün yaradılmışdır. Dünyada pis insan yoxdur. Yetər ki, ürəklər təmiz olsun, arılansın, durulansın. Pis dediyimiz insanı başa düşməyə çalışmaq lazımdır. Əgər içimizdən bir insana xor baxarsaq, o insana ən böyük pisliyi biz etmiş olarıq. Dünyada şər deyilən şey yoxdur, o, uydurmadır, xeyirin nə olduğunun bilinməsi üçün düşünülmüş tərəfmüqabildir, məhək daşıdır.

İslama görə qiyamət günü həqiqətdir və mütləq gerçəkləşəcəkdir. Onun nə vaxt gələcəyini isə ancaq Ulu Tanrı özü bilir. Lakin onun konkret olaraq hər fərdə, elə-obaya, xalqa, millətə yaxınlaşdığını xəbər verən əlamətlər, sezdirmələr olur. Romandakı hadisələr burulğanındakı türkmən əşirəti üçün qiyamət günü məhz bu gündür, onların öz yurd-yuvalarından, yaylaqlı-qışlaqlı torpaqlarından didərgin salınmaq, minillik köçəri həyat tərzlərindən heç zaman alışa bilməyəcəkləri oturaq-məskun həyata zorla köçürülmək istəndikləri gündür. Lakin köçərilikdən oturaq həyata keçid özü-özlüyündə qiyamət günü ola bilməz, yəni bundan faciə yaratmağa ehtiyac yoxdur. Lakin məsələ burasındadır ki, məskən salınacaq, yurd-yuva qurulacaq və yaşanacaq boş torpaq yoxdur. Torpaq üçün bəndələrdən – torpaq ağalarından, hökumət nümayəndələrindən, bu xalqın içindən çıxan, lakin öz xalqının dərdlərinə biganə olan millət vəkillərindən, vəzifə sahiblərindən əlini-ətəyini çəkən oba camaatı, tək çarələrinin Xızır peyğəmbərlə İlyas peyğəmbərə yalvarmaq olduğunu düşünür.

Romanın ana mövzusu – ata-baba yurdundan köç(ürül)mə, ictimai-iqtisadi formasiyaların dəyişməsinin xalqların taleyində oynadığı roldur. Yaşar Kamal müasir dövrün fəlakətlərinin uzaq-yaxın keçmişdə qalan köklərini tarixçi-sosioloq kimi araşdırdıqdan sonra problemin insani dramını görmüş, bunun bədii həllini vermişdir. Yazıçı bütün əsərlərində olduğu kimi, bu romanında da müşahidə qabiliyyətinin dərinliyi və itiliyini nümayiş etdirir, süjet məkanında baş verən hadisələr arasında özünəməxsus fəhm və ustalıqla bağlantılar yaradır, ən kiçik detalları ümumi ideya şəbəkəsinə qoşur. Romanda miflə gerçəkliyin vəhdətindən doğan uğurlu səhnələr, əhvalatlar, mükalimələr boldur. Dağdan arana, oradan iri şəhər və rayon mərkəzlərinə doğru hadisələrin dinamik inkişafı, epizodik personajlardan tip və xarakterlərə süjet keçidləri sənətkar qələmindən çıxmışdır. Türkmən əşirəti üzvlərinin öz aralarındakı, yaxud onların nümayəndələri ilə dövlət rəsmiləri arasındakı mükalimələr son dərəcə ciddi olmaqla bərabər canlı, maraqlı və yaddaqalandır. Təsvir edilən əhvalatlar bir-birini zahiri baxımdan deyil, daxili məntiq əsasında tamamlayır. Xüsusilə, hadisələrin cərəyan etdiyi cənub-şərqi Anadoluya xas bədii təsvir və lövhələr, təsvir edilən mənzərələr arasında biri-birini doğuran assosiativ keçidlər, sırf bölgə xalqına məxsus danışıq tərzi və deyimlər, çox uğurludur.

"Minboğalar əfsanəsi" bir qəhrəmanın romanı deyil. Kitabda uşaqdan-böyüyə mənfili-müsbətli bütün personajların taleləri ardıcıl olaraq verilir. Onların heç biri yarımçıq deyil, bütöv xarakterlərdir: Dəmirçi Heydər Usta, Müslüm Qoca, Ceren Qız, Qaçaq Xəlil, Nəvə Kərəm, Tazı Mehmet, Sultan Qarı, Məryəm Ana, Xurşud, Dərviş və Oqtay Bəylər, Həsən Ağa, eləcə də iki real tarixi şəxsiyyət – Şair Həsən Hüseyn və uzun illər Türkiyənin Baş naziri və Prezidenti olmuş İsmət Paşa – roman boyunca və ya epizodik olaraq öz hərəkəti, mimikası, hadisələrə münasibəti, jestləri, mükalimələr zamanı üz-göz ifadəsi, danışığı, hətta kiçik replikaları ilə canlı və bütöv obraz olaraq yadda qalır.

Romanda aparıcı və hadisələri birləşdirici personaj yaşlı dəmirçi Heydər Ustadır. Nə vaxtsa Türk hökumət işçiləri yörük dəmirçilərinin düzəltdiyi silahların müqabilində onların ailələrinə torpaq bağışlayırdılar. Heydər Usta öz tayfasını ehtiyacdan qurtarmaq istəyir. Otuz illik zəhmətdən sonra o gözəl bir qılınc düzəldir, bayram libası geyib ən yaxşı ata minərək qılıncı hökumət adamlarına təqdim etmək üçün Ankaraya gəlir. Qoca sadəlövh dəmirçinin yüksək dövlət məmurlarının qapılarına düşməsi, onun alçaldılması və sonda qılıncı əlindən alınaraq qovulması səhnəsi torpağı əlindən alınmış xalqın bədii rəmzi kimi yaddaşa həkk olunur.

Romanda süjet xəttinin haçalanmasına, bir neçə fərqli əhvalatın qoşulmasına baxmayaraq, ümumi kədərli ovqat hər addımda duyulur və bu duyğu getdikcə dərinləşir, çünki burada əvvəlcədən nəzərdə tutulan bir mövqe, bir qayə, bir amal var. Və bunun nəticəsidir ki, əsərdə bir əşirətin, bir yörük obasının timsalında bütöv Türkiyənin faciəsi dolğun şəkildə göstərilə bilmişdir. Mövsümünə görə Çuxurova qışlağından Aladağ yaylağına və əksinə köç edərək, öz alışdıqları həyatı dadıyla-duzuyla yaşayan, köçəri həyat tərzi keçirmələrinə baxmayaraq ayaqları altındakı torpağa sağlam basan, sahiblik duyğusu ilə bağlanan sonuncu Aydınlı yörükləri, türkmən xalqı bu torpaqları tərk etməyə məcbur edilirlər. Artıq bu torpaqlar özəlləşdirilib, milliləşdirilib, qışlaq-yaylaq həyatı bitib, oturaq həyata keçilməli, alaçıq qurmağa, çadır açmağa öz torpaqları olmadığına görə də iri qəsəbələrə, rayon mərkəzlərinə, şəhərlərə üz tutmalıdırlar. Bir zamanlar heyvanları üçün otlaq yerləri olan bu torpaqlar artıq onların deyil. Yaşar Kamal ən müxtəlif hadisələri dar bir məkanda ən müxtəlif variantlarda qarışdırıb həm bir əşirətin, həm bu bölgənin, həm də bütün Türkiyənin obrazını yaradır – başı etnik kökənli separatçı hadisələrdən (kürd-türk), terrordan (erməni-türk), dini zəmində (sünnü, şiə, qızılbaş, ələvi, dini, dünyəvi), siyasi müstəvidə (sağ, sol, mərkəz, milliyyətçi, dinçi partiyalar, qurum və quruluşlar) baş verən toqquşmalardan, torpaqsızlaşan əhalinin böyük şəhərlərə (İstanbul, Ankara, İzmir, Adana) köçündən, xarici ölkələ-rə (xüsusilə, Almaniyaya) axışmasından, nə feodal rejimdən tamamən qurtulan, nə də doğru-dürüst kapitalizmə keçidi tamamlayan kədərli və mürəkkəb obrazını. Bu amilin idrakı ilə nasir ayrı-ayrı personajların taleyini deyil, bütöv bir obrazın taleyini bütün ziddiyyətləri ilə, onları bu faciəvi sonluğa gətirən ictimai-siyasi və iqtisadi səbəblərlə birlikdə əks etdirir.

Romanın daxili quruluşunda ilkin diqqəti cəlb eləyən Minboğalar və Xızır- İlyas əfsanələrindən doğan işarələr və rəmzlərdir. Bu simvollar romanın adından tutmuş son səhifəsinə, son hadisəyə qədər davam edir. Bu işarələrin əsas özəlliyi semantik baxımdan açıqlıqdır, yəni köçün dramını yaşayan xalqın ağıl və hislərini çuğlayan hər bir işarə elə bu köç haqqında verilən amansız və acımasız qərar anından başlayır, buna bağlı doğulan, davam edən və heç zaman bitməyən hadisələrin içindən çıxır. Bu mənada Xızır İlyas əfsanəsi – romanda isə simvol-motivi – roman boyu bütün süjet xəttinin ayrı-ayrı epizod və parçalarını calayır, mənalandırır, köç(ürülmə)nin yaddan çıxmayan hadisələrini canlandıran fraqment-lər kimi, boşaldılan yurd yerlərinə təzə anlam verir. Romanda əfsanələrin, bunlara bağlı inancların, bayram motivlərinin süjetyaradıcı potensialı çox güclüdür.

Yaşar Kamalın əfsanə motivləri üzəində qurulmuş bütün əsərlərində, o cümlədən bu romanda xəyalla həqiqət, miflə gerçəklik bir-birinə qarışır. İlk baxışda harda nağıl bitir, harda reallıq başlayır, müəyyənləşdirmək elə də asan olmur. Şübhəsiz ki, bütün bunların təməlində insanın və onun həyatının mürəkkəb, ziddiyyətli quruluşu, açılması çətin, yaxud heç zaman mümkün olmayan daxili aləmi dayanır. Sənətkarın özü bunun izahını incə yumorla belə verir: "Bu xəyalla həqiqət məsələsi, "Minboğalar əfsanəsi"ni çap etdirdiyim zaman yazılanları ağlıma gətirdi. Əfsanə yazdığımı söyləmişdilər? Minboğalar əfsanəsi dediyim zaman, əfsanə yazdığımı sanırlar. Mən isə insan gerçəyini, xəyalda və gerçəkdə qarmaqarışıq yaşayan insanı vermək istəyirəm" (3).

Sənətkarın "əfsanələrində" insan oğluna yeni bir yanaşmadan söhbət gedir. İnsan gerçəyi nədir? İnsan bizim nə qədər real bildiyimiz aləmdə, nə qədər xəyalda yaşayır? Əsil gerçəyi insanın xəyalımı, gerçək dediyimiz, içində yaşadığı mühitmi? Bunun sərhəddini heç kim müəyyənləşdirməmişdir. Yaşar Kamal özü bu haqda belə deyir: "Mən bu romanıma "Minboğalar əfsanəsi" adını qoyduğum zaman təməli var bunun. İnsan nə qədər əfsanə yaradır? Gerçək dediyimiz dünyanın xaricində özünə başqa gerçək bir dünya niyə yaradır, niyə o məcburiyyəti duyur insanoğlu? Və gerçək dediyimiz dünya nə qədər xəyalla qarışıq, xəyal dediyimiz dünya nə qədər insan gerçəyi ilə qarmaqarışıq? Bunu qəti dəqiqləşdirmək mümkün deyil və insanlar, sanıram ki, anlayırlar bunu, mənim bu etmək istədiyimi. Yalnız bizim ziyalılar məni qınayırlar, əfsanə yazdığımı söyləyirlər, buna görə də yazdıq-larımın əhəmiyyətini kiçildirlər" (3).

Romanda əfsanəvi, xəyali hadisələr və elementlər realist, həyati ünsürlərlə vəhdətdə verilir; qeyri-adiliklə adilik, yəni əfsanəvi elementlərlə təbii həyat səhnələri bir-birini tamamlayır və çox vaxt bunların arasında sərhəd hiss olunmur. Yazıçı özü bir romançı kimi insanı "bir az da əfsanə, mif yaradan məxluq" hesab edir. Həqiqətən də, Heydər Ustanın şirin xəyalları və sərt həyat həqiqətlərilə qarşılaşarkən keçirdiyi sarsıntılar... Cerenin öz sevgilisi ilə bir anlıq vüsal üçün Xızırla İlyasa yalvarışları və son anda qovuşduğu Xəlilin öldürülməsi... Balaca Kərəmin şahin quşu arzusu və "günahkar" olduğu üçün bunun mümkün olmayacağını düşünməsi... Süleyman Kahyanın köçəri türkmən əşirətinin son simvol-atributu olan Bəy çadırının sökülməsi anındakı çarəsiz fəryadı: "Süleyman Kahya çadıra girdi, önce sancağı getirdi odunların üstüne attı, sonra tuğu, sonra davulu, sonra çadırın öteki öteberilerini, kilimlerini, keçelerini, heyhelerini, neyi varsa, hepsini getirdi odunların ustüne attı. Sökün çadırı"(1, s.198).

Belinskinin dili ilə desək "bu əsərlərdə xalq xəyalı bədii canlandırma halında xalq varlığı ilə o qədər gözəl qaynayıb qarışmışdır ki, nəyin nağıl və nəyin həqiqət olduğunu heç bir surətlə ayırmaq olmur və hamısı qeyri-ixtiyari olaraq həqiqət kimi qəbul olunur..." (4, s.110).

Yaşar Kamalın romanı ədalətsizliyə başqaldırmaqla yanaşı, köçərilərin insani ləyaqətini, mərdliyini, onların fədakarlıqlarını və başqalarına faydalı olaraq yaşamaq meylini tərənnüm edir. Heyvandarlıq və sənətkarlıqla məşğul olan oba insanlarının başqaları üzərində hakim olmağa, ağalıq etməyə ehtiyacı yoxdur. Bu qəbiləyə alaçıq qurmaq, heyvan otarmaq və uşaqlarını böyütmək üçün kiçik bir torpaq sahəsi də yetər. Lakin bu cüzi arzu belə əlçatmazdır. Hələ bu yaxınlara – keçən əsrin 50-60-cı illərəinədək yörüklər Anadoluda sərbəstcə dolaşır, böyük ustalıqla hazırladıqları geyim, xalça, silah, bəzək əşyaları və s. məmulatları dəvə karvanları vasitəsilə daşıyırdılar. Onların əl işləri hər yanda şöhrətlənmişdi. Bu əsərdə isə yazıçı artıq yörüklərin səfil vəziyyətini göstərir. Qədim sənətin sirləri itirilmişdir, bu sənət alətləri belə heç kimi maraqlandırmır. Yörüklərin yolda dayanmağa, ayaq basmağa belə torpaqları yoxdur. Hətta bir qarış torpağı olmayan ən kasıb kəndlilər də yörüklərə acımırlar. Halbuki onların hamısının taleyi oxşar, hüquqsuz, ehtiyac içindədirlər. Yörüklərin özlərinin arasında sosial təbəqələşmə gedir. Əsər Yaşar Kamalın xüsusi mülkiyyət dünyasının vəhşi qayda-qanunlarına qarşı qəzəbli etirazıdır.

Romanın arxa qapağındakı təqdimat yazısında əsərin məğzi oxucuya bizim də paylaşdığımız son dərəcə yığcam və sərrast üç cümləylə çatdırılmışdır. Biz də məqaləni eyni cümlələrlə bitiririk: "Yüzyıllarca yerleşik düzene geçmemek için direnen Türkmenler'in romanıdır. Binboğalar Efsanesi Hıdırellez şenliklerinde, göçerlerin kış için sığınacak toprak bulma dilekleri ile başlar. Ancak, kış onlar için bir yokoluş öyküsüne dönüşecektir. Yörüklerin yok oluşuna yakılmış bir ağıt" (1).

  • 1.Yaşar Kemal. Binboğalar Efsanesi. İstanbul, YKY, 7.baskı, 2007
  • 2.Pertev Naili Boratav "Yaşar Kemal’in Yörük Kilimindeki Nakışlar"
  • www.fikrimyok.com. 20.12.2006
  • 3."Cumhuriyet" gazetesi, 13 Eylül 1975
  • 4.Belinski V. Q. Seçilmiş məqalələr. Bakı, Uşaqgəncnəşr, 1948