Mingəçevir Şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11-də M. Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Muzeyin binası 2 mərtəbədən ibarətdir. Ümumi sahəsi 810 m2-dir. Muzeyin üst mərtəbəsində qədim və müasir dövürü əhatə edən iki ekspozisiya zalı vardır. Muzeydə 15471 ədəd eksponat var. Ən qədim eksponatlar b.e.ə. III–I minilliklərə aid maddi və mədəniyyət nümunələridir. [1]
Mingəçevir şəhərinin Tarixi Muzeyi | |
---|---|
Əsası qoyulub | 1968 |
Mövzu | tarix, diyarşünaslıq |
Yerləşir | Azərbaycan, Mingəçevir. |
Kolleksiyası | 15471 ədəd eksponat |
Muzeyə yetişmək | Mingəçevir şəhəri Heydər Əliyev Prospekti, Heydər Əliyev Meydanı |
Telefon | +994-24-274-77-42 |
Muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən artıq eksponat təşkil edir.[2]
1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhərinin Tarixi Muzeyi yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.[3]
Muzey üç şöbədən: Qədim Mingəçevir, Müasir Mingəçevir. Şəhidlərin xatirə muzeyi şöbələrindən ibarətdir. Qədim şöbədə b.e.ə. III–I minillikdən başlayaraq 1948-ci ilədək olan dövrü əhatə edən eksponatlar, qazma evlər, duluzçuluq, misgərlik, toxuculuq, balıqçılıq, ovçuluqla məşğul olduqlarını əks etdirən sərgilər, küp qəbirləri, amazonkaların döyüş səhnəsi, Neandertalların yaşayış tərzini əks etdirən vitrinlər yer almışdır. Burada 1946–53-cü illər ərzində alim, arxeoloq Saleh Qaziyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş, Eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən) ayrı-ayrı tarixi dövrləri özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur.[4] Müasir şöbədə isə 1948-ci il Mingəçevirin şəhər statusu aldığı vaxtdan indiyə qədərki dövrü əhatə edən ekspozisiya, arxeoloqların şəxsi əşyaları, tikintiyə rəhbərlik edən İ. İslamzadənin iş otağı, işığın lap qədimdən indiyə qədər necə alındığını göstərən çərx, SES-nin iş prinsipini göstərən qurğu, ilk barak evlər, Mingəçevirdə vaxtilə fəaliyyət göstərən fabrik və zavodların istehsal etdikləri nümunələr, ulu öndər Heydər Əliyevin Mingəçevirə diqqət və qayğısı nəticəsində tikilmiş AzDresin açılış səhnələri, Möhtərəm Prezidentimiz İlham Əliyevin Mingəçevirə səfərlərini əks etdirən fotoşəkillər və Mingəçevirdə turizmin inkişafına aid fotoşəkillər yer almışdır. Müasir Mingəçevir bölməsi isə XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən indiyə qədər ictimai-siyasi hadisələri və şəhərin müasir inkişafını əks etdirən guşələrdən ibarətdir.[5]