Minqu (民具?) – Yaponiyada gündəlik həyatda, eləcə də, mərasimlərdə istifadə olunan ənənəvi alətlər və ləvazimatlara verilən ümumi ad.
"Minqu" sözü ilk dəfə folklorşünas Şibusava Keyzo tərəfindən ortaya atılmışdır.[1] Bu söz "xalq" (民) və "alət" (具) heroqliflərinin birləşməsi ilə yaranmışdır.
Yanaqi Muneyoşi tərəfindən başladılan xalq sənətkarlığı hərəkatına qədər Yaponiyadakı mədəni mülklərin kataloqlaşdırılması zamanı minqular nəzərə alınmırdı.[1] XX əsrin ilk illərində minquların gündəlik həyatda əhəmiyyəti müzakirə olunmağa başlanmışdır.[1] Nəticədə, ənənəvi əşyaların tədqiqatı və kolleksiyası prosesinin əsası qoyulmuşdur.[1] 1950-ci ildə qəbul edilən ilk Mədəni Mülklər Qanunu ilə Yaponiyadakı bütün əhəmiyyətli minquların qorunub saxlanılması qərarı verilmişdir.[1]
1975-ci ildə qəbul edilən Mədəni Mülklər Qanununa əsasən minqular maddi xalq mədəniyyəti mülkləri hesab olunur.[1] Qanuna əsasən minquların 10 kateqoriyası mövcuddur: gündəlik həyatda, mətbəxdə, hamamda istifadə olunan əşyalar; işdə istifadə olunan əşyalar; nəqliyyat və kommunikasiyada istifadə olunan əşyalar; ticarətdə istifadə olunan əşyalar; ictimai təşkilatlarda istifadə olunan əşyalar; xalq inancları ilə bağlı olan əşyalar; təqvim, falabaxma kimi xalq biliklərinə əsaslanan əşyalar; xalq sənətində istifadə olunan əşyalar; ad günü, toy kimi ailə mərasimlərində istifadə olunan əşyalar; yeni il kimi illik tədbirlərdə istifadə olunan əşyalar.[1]