Mir Əsgər xan Talışinski

Mir Əsgər xan Talışinski — görkəmli ictimai xadim, Talışxanovlar nəslinin parlaq nümayəndəsi, hüquqşünas, xeyriyyəçi.

Mir Əsgər xan Talışinski
Doğum tarixi
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Nəmin, Qacarlar dövləti
Həyat yoldaşları Şağlaküçə kəndindən rəiyyət qızı, Hacı Mir Abbas bəyin qızı Saraybəyim xanım
Uşaqları Mir Cavad (1867-1937), Mir Əsədulla (1879-?), Mir İsrafil (1880-?), Mir Mahmud (1885-?), İsgəndər (1886-?), Humaya Sultan xanım (1875-?), Toğrabəyim xanım (1876-1849) və Kişvər xanım (1896-1976)
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbçi

Mir Əsgər xan 1841-ci ildə Lənkəran şəhərində, xan ailəsində anadan olub. Atası Azərbaycanın ilk general-leytenantı, Talış xanı Mir Mustafa xanın oğlu Mir Hüseyn xandır. O, ilk təhsilini İranda, Nəmin mədrəsəsində, sonra isə Təbrizdə almışdır. 1859-cu ildə, 18 yaşında Lənkərana dönərək dövlət qulluğunda işləyib. 1873–1874-cü illərdə Lənkəran qəzasının dəftərxana qulluqçusu idi.

O, 1885-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakultəsində ali təhsil almışdır. 1890-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Mir Əsgər xan doğma vətənə qayıdır. Elə həmin ildə Lənkəran şəhər idarəsinin müvəkkili və tərcüməçisi təyin olunur. 1894–1898-ci illərdə Lənkəran şəhər idarəsinin ibtidai təhsil rəhbəri seçilir. 1900-cu ildə ona polkovnik rütbəsi verilir və o, Vazaru (Lənkəran) cayından tutmuş Biləsuvar nahiyyəsinə kimi bütün vilayət ərazisinə Xan təyin olunur. Rus arxivlərində bu sənəd belə yazılıb: "Мир Аскер бек(хан) — Городской уполномоченный Ленкоранского городского упрощённого общественного управления".

Babası Mir Mustafa xandan ona irs kimi çatmış xanlıq titulu ilə Lənkəran qəzasını ədalətlə idarə edən Mir Əsgər xan əhali arasında yüksək nüfuz və hörmətə malik olub. XIX əsrin tanınmış şairi, maarifçisi, Lənkəranda fəaliyyət göstərən "Fövcül-füsəha" (natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri Mirzə İsmayıl Qasir ona "Mir Əsgər xan" adlı mədhiyyə də yazmışdır.

Mir Əsgər xan 1909, 1912 və 1915-ci illərdə Bakı Quberniyasının Lənkəran bölməsinin həbsxana direktoru təyin olunur. Dövlət işində hörmət qazanan Mir Əsgər xan Qafqaz Gömrükxana Müfəttişliyinin Astara bölgəsi üzrə inspektoru təyin olunur. 1917-ci ildə isə o, Rusiya Qırmızı Xaç Cəmiyyətinin Lənkəran Komitəsinin sədri təyin edilir.

İşinin çox və gərgin olmasına baxmayaraq Mir Əsgər xan bir rəhbər kimi bütün tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlmiş və onları vicdanla yerinə yetirmişdir. Birinci Dünya Müharibəsi nəticəsində başsız qalan əsgər ailələrinin qayğıya, müharibədən şikəst qayıtmış əsgərlərin isə maddi yardıma hədsiz ehtiyacı olan bir vaxtda Mir Əsgər xan Lənkəran Müsəlman Komitəsinin sədri seçilmişdir.

Vətənpərvər bir xeyriyyəçi kimi o, ehtiyacı olanlara kömək etmiş və bunu özünün birinci dərəcəli vəzifəsi bilmişdir. Bir ziyalı və maarifçi kimi Mir Əsgər xan Lənkəran şəhərində fəaliyyət göstərən məktəbləri himayə edirdi. Lənkəran şəhər ikisinifli məktəbini şefliyə götürməsi və onun bu məktəbə fəxri müdir seçilməsi dediklərimizi təsdiqləyir. Söyləyirlər ki, H.Z.Tağıyev onun səxavətini yüksək qiymətləndirmiş, gördüyü işləri bəyənmişdir. Məhəmməd Əmin Rəsulzadə 1917-ci il martın 10-da Lənkəran qəzasına gəlmiş, burada fəaliyyət göstərən müvəqqəti hökumətin daimi yerli orqanlarının seçkisində dörd gün iştirak etmişdi. Bu dörd gün ərzində Məhəmməd Əmin Rəsulzadə Mir Əsgər xanın qonağı kimi onun malikanəsində qalmışdı. Şəxsən Məhəmməd Əmin Rəsulzadənin köməkliyi ilə Sultan bəy Qulubəyov Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri, Müsavat partiyasının üzvü Mir Əsgər xan Talışinski isə onun müavini seçilmişdi.

Lənkəran əhalisi arasında yüksək hörmətə malik Mir Əsgər xanın bu vəzifəyə seçilməsi komitənin nüfuzunu artırmışdı. Qədim xan nəslinə mənsub adamlara hökumət geniş səlahiyyət vermişdi. Mir Əsgər xan öz əmi oğullarını və digər qohumluqları olan Talışxanovlar nəslinə mənsubları böyük vəzifələrə çəkirdi.

Azərbaycan Demokratik Respublikası zamanı Mir Əsgər xan Azərbaycan hökumətinin Lənkərandakı səlahiyyətli nümayəndəsi seçilmiş, bu bölgədə Mirzə Səlim Axundzadə, Aslan Talışinski, Teymur bəy Bayraməlibəyov, Cavad bəy Məlik-Yeqanovla birlikdə Müsavat partiyasını təmsil etmişdi.

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulur. Mir Əsgər xan var-dövlətini faytona yükləyib, həyat yoldaşı Saraybəyim xanımla (Pitan xanım) İrana gedərkən yolda tutulur. Bütün var-dövləti əlindən alınır, güclə gəlib İranın Nəmin ərazisinə çatır və ürəyi tab gətirmədiyində elə orada da vəfat edir.

Məlumat üçün onu da bildirək ki, Mir Əsgər xan həm də gözəl ailə sahibi idi. Onun 2 həyat yoldaşı olmuşdur. Birinci həyat yoldaşı Şağlaküçə kəndindən olan rəiyyət qızı idi. Həmin xanımdan onun bir oğlu olur: Mir Cavad (1867–1937). Mir Cavaddan törənənlər Cavadzadə soyadını götürüblər. Yeri gəlmişkən onu da qeyd edək ki, bütün dünyada məşhur cərrah, uroloq və akademik Miri (Mir Məhəmməd) Cavadzadə Mir Əsgər Xanın nəvəsidir. İkinci xanımı isə əmisi Hacı Mir Abbas bəyin qızı Saraybəyim xanım (1858–1936/37) idi. Saraybəyim xanımdan Mir Əsgər xanın 7 övladı olmuşdur: Mir Əsədulla (1879-?), Mir İsrafil (1880-?), Mir Mahmud (1885-?), İsgəndər (1886-?), Humaya Sultan xanım (1875-?), Toğrabəyim xanım (1876–1949) və Kişvər xanım (1896–1976). Toğrabəyim xanım 1912-ci ildə Tiflisdə keçirilən Qafqaz gözəlik müsabiqəsində I yeri tutur. Bu fakt bir daha bizə sübut edir ki, Talış qızları, eləcə də Azərbaycan qızları nəinki Qafqazda, bütün dünyada ən gözəl qızlar olub. Toğrabəyim xanım o dövrün milliyonçularından olan əmisi oğlu Mir Əhməd Xan Talışinskinin həyat yoldaşı idi.

Lənkəranda bu gün "Xan Evi" adı ilə tanınan gözəl və qədimi binanı Mir Əhməd xan gözəllik müsbaiqəsində 1-ci olmuş həyat yoldaşı məhz Toğrabəyim xanımın şərəfinə tikdirmişdir.[1]

  1. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.