Lənkəran qəzası (rus. Ленкоранский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lənkəran şəhəri idi.
Lənkəran qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Bakı quberniyası |
Mərkəzi | Lənkəran |
Yaradılıb | 1840 |
Ləğv edilib | 1929 |
Sahəsi | 5,4 min km² |
Əhalisi |
79,258 (1859-1864) 130,987 (1897) 208,479 (1926) |
Xəritə | |
Hələ çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran şəhəri idi. Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi.
Qafqaz təqviminin (1917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi. Lənkəran qəzasında yaşayan 185 518 nəfər əhalinin 183 583 nəfəri yerli sakinlər, 1935 nəfəri müvəqqəti yaşayanlar, 96 904 nəfəri kişi, 88 614 nəfəri qadın idi. Qəza əhalisinin 170 min nəfərə qədəri müsəlman idi. Çarizmin köçürmə siyasəti nəticəsində Lənkəran qəzasının əhalisinin tərkibində rusların sayı artmışdı. Həmin məlumata görə, qəzada 16 206 nəfər rus qeydiyyata alınmışdı (onların 6974 nəfəri pravoslav, 9232 nəfəri sektant idi). Lənkəran şəhərində ümumi olaraq 17 801 nəfər yaşayırdı. Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.
Fevral inqilabından (1917) sonra Lənkəranda sovetlər yarandı. Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti quberniyaya daxil olan qəzaların, o cümlədən Lənkəran qəzasının zor gücünə sovetləşdirilməsinə çalışırdı. 1918-ci il aprelin 12-də Bakı Soveti Lənkərana 280 nəfərlik silahlı dəstə göndərdi və aprelin 14-də qəzada sovet hakimiyyətinin qurulması elan olundu, lakin 1918-ci il avqustun 4-də Lənkəran qəzasında sovet hakimiyyəti süqut etdi. Burada sağ eserlərlə "Muğan Müvəqqəti hərbi diktaturası və ya "Beşlər diktaturası" yaradıldı. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Bolşeviklər də Lənkəranda hakimiyyəti ələ keçirməyə cidd-cəhd göstərirdilər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Lənkəranda gizli radiostansiya təşkil etmiş, sovet hakimiyyəti tərəfdarlarına hərbi və maddi kömək göstərmişdi. "Muğan hökuməti" 1919-cu il aprelin 25-də yıxıldı, Muğan Sovet Respublikası (1919-cu il 25 aprel — 27 iyul) quruldu. Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. Bəzi sosialist tədbirlərinə baxmayaraq, Muğan Sovet Respublikası xalq arasında nüfuz qazana bilmədi və iyulun 27-də süquta uğradı. Lənkəran qəzasında hakimiyyət Muğan qüvvələrinin əlinə keçdi. Ölkənin ərazi bütövlüyünün bərpasına xüsusi önəm verən Cümhuriyyət Hökuməti Lənkəran qəzasında öz hakimiyyətinin qurulması uğrunda fəal mübarizəyə başladı. Bu məqsədlə xüsusi dəstə təşkil olundu. Hərbi nazir Səməd bəy Mehmandarov iyulun 23-də Lənkəran qəzasının sakinlərinə müraciət imzaladı. Müraciətdə deyilirdi: "Vətəndaşlar! Azərbaycan Cümhuriyyəti hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, qayda-qanun yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı dəstələrdən və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb. Azərbaycanın ayrılmaz hissəsi olan qəzada məskunlaşmış bütün millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları sizin yanınıza qanunçuluğun daşıyıcısı kimi gəlirlər… Bununla bərabər, məlum edirəm ki, sovetlər, komitələr və ya "Muğan respublikası" adı altında hər hansı özbaşına təşkilatın yaradılmasına yol verilməyəcəkdir…".
Lənkəran əməliyyatı uğurla başa çatdı. Avqustun sonunda Lənkəran dəstəsi qarşıya qoyulan vəzifəni yerinə yetirdi. 1919-cu ilin avqustundan Lənkəran qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqları bərpa edildi. Aprel işğalından (1920) sonra Cümhuriyyət hakimiyyətinin süqutu nəticəsində 1920-ci il mayın 3-də Lənkəran qəzasında yenidən sovet hakimiyyəti quruldu. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq, Lənkəran qəzası 1929-cu ildə ləğv edildi.
1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.[1] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[1] Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[1] Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu.[1] Beləliklə, həmin məlumatlara əsasən Lənkəran qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 43.198 nəfər əhali yaşayırdı.[1]
Etnik qrup | Bütün qəza | Lənkəran ş. | Sara (ada) | Astara d. | Astarxan-Bazar d. | Boradigah d. | Vəryadüz d. | Lerik d. | Masallı d. | Mistan d. | Prişib d. | Şürük d. |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 208 479 | 12 078 | 757 | 22 882 | 37 598 | 28 622 | 20 742 | 11 702 | 27 536 | 10 835 | 17 354 | 18 373 |
tatar | 111 181 | 9 301 | 161 | 2 471 | 31 248 | 5 540 | 20 455 | 1 315 | 24 448 | 3 502 | 12 048 | 692 |
talış | 77 261 | 222 | … | 18 609 | … | 21 912 | 108 | 10 328 | 1 885 | 7 256 | 18 | 16 923 |
rus | 13 384 | 1 869 | 544 | 716 | 3 695 | 855 | 77 | 5 | 579 | 12 | 4 334 | 698 |
Dillər | Bütün qəza[4] | Lənkəran ş.[5] |
---|---|---|
cəmi | 130 987 | 8 733 |
Azərbaycan dili | 84 725 | 5 600 |
Talış dili | 34 991 | 973 |
Rus dili | 9 481 | 1 277 |
Erməni dili | 483 | 299 |
Ukrayn dili | 243 | 91 |
Polyak dili | 208 | 113 |
Yəhudi dili | 207 | 150 |
Mordov | 169 | 1 |
Alman | 132 | 111 |
Fars | 89 | 34 |
Türk | 82 | 1 |
Tat | 74 | 30 |
Gürcü | 17 | 11 |
Avar | 14 | 8 |
Yunan | 9 | 1 |
Litva | 5 | … |
Belorus | 4 | 1 |
Ləzgi | 4 | 2 |
İsveç | 2 | … |
digər | 51 | 30 |
Dillər | Bütün qəza | Lənkəran ş. | Sara (ada) | Astara d. | Astarxan-Bazar d. | Boradigah d. | Vəryadüz d. | Lerik d. | Masallı d. | Mistan d. | Prişib d. | Şürük d. |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 208 479 | 12 078 | 757 | 22 882 | 37 598 | 28 622 | 20 742 | 11 702 | 27 536 | 10 835 | 17 354 | 18 373 |
Türk | 108 715 | 9 466 | 180 | 1 826 | 32 168 | 5 743 | 19 595 | 65 | 23 342 | 3 541 | 11 978 | 811 |
Talış | 80 556 | 204 | … | 20 018 | … | 21 812 | 920 | 10 794 | 2 720 | 7 260 | 12 | 16 816 |
Rus | 13 481 | 1 927 | 545 | 732 | 3 702 | 858 | 78 | 5 | 580 | 12 | 4 344 | 698 |
Erməni | 498 | 199 | 13 | 23 | 16 | 24 | … | … | 15 | 1 | 206 | 1 |