Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü.
Mirbala Səlimli | |
---|---|
Mirbala Səlimli | |
Doğum adı | Mirbala Seyidəsgər oğlu Səlimli |
Doğum tarixi | |
Doğum yeri | Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Kino və Teatr Rejissoru, Ssenarist. |
Təhsili | Ali Ssenaristlər və Rejissorlar kursu. |
Mükafatları | |
mirbala.com |
Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır.
1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur.
Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür.
2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır.
2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir. Bir çox beynəlxalq festival (Fransa, Macarıstan, Rusiya, Tacikstan və s.) və kinoforumların iştirakçısı olmuşdur.
2007-ci ildə "Yaddaş" sənədli filmlər studiyasında "Şəki — tarixin naxışları" adlı sənədli film çəkmişdir. Film beynəlxalq festivalların (Fransa, Türkiyə) iştirakçısı olmuşdur.
2016-cı ildə Azərbaycanfilm və VayTMedia (Rusiya) studiyalarının birgə istehsalı olan "Qırmızı bağ" filmini çəkmiş, 15-ci Dəkkə Beynəlxalq Film Festivalında "Mənəvi filmlər" müsabiqə proqramında "Ən yaxşı bədii film" mükafatına, Rusiyada keçirilən 17-ci Baykal Beynəlxalq Film Festivalında "L. İ. Qayday adına Ən yaxşı bədii film" mükafatına, Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında baş rolların ifaçılar üç "Altın kemança" mükafatına (Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə "Münsiflər heyətinin xüsusi mükafatı"na) layiq görülmüşdür. Film həmçinin Rusiyada 30-cu "Nika" mükafatının MDB və Baltikyanı ölkələrin "Ən yaxşı filmi" mükafatına nominant elan olunmuş, 2018-ci ildə Azərbaycan Kino Akademiyasının təsis etdiyi "Ən yaxşı tammetrajlı bədii debüt filmi"nə görə "Qızıl Pəri" mükafatı, filmin parlaq bədii həllinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı ilə təltif olunmuşdur.
9 may 2012-ci il tarixdə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 2009-cu ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.