Mirkamil Rəhimov (tam adı: Mirkamil Pirəli oğlu Rəhimov; 18 iyun 1956, Bakı – 30 mart 2016, Bakı) — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi idman şöbəsinin keçmiş müdiri, respublikanın "Əməkdar bədən tərbiyəsi və idman xadimi".
Mirkamil Rəhimov | |
---|---|
Mirkamil Pirəli oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri |
Mükafatları |
18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub.[1] 1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşqul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakultəsinə daxil olub.
1977-ci ildə institutu müvəfəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xabarovsk vilayətinin Svobodnı şəhərində bir il hərbi xidmət keçib. Hələ tələbəlik illərində Azərbaycan SSR Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz iş yerinə qayıdıb.
“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülən M.Rəhimov 1987-ci ildə Həmkarlar ittifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı vəzifəsinə təyin olunub. 1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi, sonralar isə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 02 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mirkamil Rəhimov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Uşaq-Gənclər Futbolu Federasiyasının prezidenti idi. Uzun sürən xəstəlikdən sonra, 30 mart 2016-cı il tarixdə ömrünün 60-cı ilində vəfat etmişdir.[2]