Mirkazım Məmmədov

Mirkazım Məmmədov (6 dekabr 1911, Ramana, Bakı qəzasısentyabr 1996, Bakı) — neftçi-geoloq alim, Əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi (1967).[1][2]

Mirkazım Məmmədov
Doğum tarixi 6 dekabr 1911(1911-12-06)
Doğum yeri
Vəfat tarixi sentyabr 1996 (84 yaşında)
Vəfat yeri
Mükafatları "Lenin" mükafatı

Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin universiteti bitirərək neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mirkazım Məmmədov əmək fəaliyyətinə "Əzizbəyovneft" idarəsində başlayıb. O, trestin kəşfiyyat bürosunda texnik-geoloq, mühəndis-geoloq, neft ustası, trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini icra edib.

Mirkazım Məmmədov 1946-cı ildə "Kirovabadneft" trestinə, sonra "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunub. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olub. O, 1960-cı ilin fevralından "Lenin" ordenli "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin edilib.

Mirkazım Məmmədov 1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyində Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 1970-ci ilin avqustuna kimi o, bu vəzifədə çalışıb, sonra yenidən "Azneftmaş" İstehsalat Birliyinin neft və qaz yataqlarının işlənməsi şöbəsinə rəis göndərilib. Alim həm də "Neft Daşları"nın tədqiqi aparılan geoloji-mühəndis kəşfiyyat işlərində iştirak edib. Bununla yanaşı, onun neft və qaz yataqlarının tapılmasında, istifadəyə verilməsində müstəsna xidmətləri olub. Quruda və dənizdə aşkarlanan yataqların Qaradağ, Kürovdağ, Qarabağlı, "Zırya", "Darvin", "Qum adası"nın istismara verilməsi alimin adı ilə bağlıdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mirkazım Məmmədov 1938-ci ildən etibarən Azərbaycan SSR Elmlər Akademiyasının filialında kiçik elmi işçi, Kuybışev adına Azərbaycan Elmi Tədqiqat İnsititutunda elmi işçi kimi çalışıb. Bu dövrdə o, elmi-tədqiqat işlərini neft laylarının modelləşdirilməsi, neft yataqlarının hidrodinamik hesabatlarını aparmağa yönəldib. Mirkazım Məmmədov 1967-ci ilin noyabrında namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi alıb.

Mirkazım Məmmədov 1974-cü ildən başlayaraq Azərbaycan Dövlət Neft Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunun "köhnə" neft yataqlarının işlənməsini layihələndirilməsinə rəhbərlik edib. O, uzun müddət elmi-tədqiqat işləri apararaq Kürdağı neftli-qazlı rayonunda yataqlar üçün geniş proqramlı layihələrin işlənməsinin texnoloji sxemlərinə və layihələrinin tərtibinə rəhbərlik edərək yataqların elmi əsaslarla işlənməsinə müəllif nəzarətini həyata keçirib. Alim 90-a qədər elmi işin müəllifidir. Bunlardan 46-sı məqalə və 2-si monoqrafiya şəklində dərc edilib.

Hərbi xidmətdə

[redaktə | mənbəni redaktə et]

Mirkazım Məmmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində könüllü olaraq ordu sıralarına yazılaraq ön cəbhəyə yollanıb. Ukrayna cəbhəsində vuruşan Mirkazım Məmmədov Leninqradın müdafiəsinin iştirakçısı olmuş, döyüş xidmətlərinə görə medallarla, "Qızıl Ulduz" ordeni ilə təltif olunmuşdur.

Mirkazım Məmmədov 1996-cı ilin sentyabrında Bakıda vəfat edib.

Mirkazım Məmmədov SSRİ-nin fəxri neftçisi və Azərbaycan Respublikasının Əməkdar mühəndisi kimi adlara layiq görülüb. Eyni zamanda "Qızıl Ulduz" medalı təltif edilib.

  1. "Neft sənayesinin inkişafına töhfələr verən alim – Mirkazım Məmmədov". milliarxiv.gov.az. 2022-04-05. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.04.2024.
  2. "Arxivlənmiş surət". anl.az. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]