Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968). [1]
Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır.[1]
Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov II Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir.[1]
Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şurasının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensiklopediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyətlərinin üzvü olmuşdur.[1]
Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni malyariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilostomodozlar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Professor Azərbaycanda tibbi parazitologiya elmi məktəbinin yaradıcılarındandır.[1]
Mirzə Nəsirov 1937-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1950-ci ildə elmlər doktorluğu dissertasiyalarını müdafiə etmişdir. O, SSRİ-də və xaricdə çap olunmuş 250-dən artıq elmi əsərin, həmçinin 13 monoqrafiyanın müəllifi və həmmüəllifi olmuşdur. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 10 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.[1]
Mirzə Nəsirov tibb sahəsindəki xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, bir sıra medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. 1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.[1]