Misir yazısı

Misir heroqlifləri

Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir.

Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir.

Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar. Nazik qamış qələmi boyağa batıraraq vərəqin üstündə yazırdılar. Vərəq yazı üçün çatışmayanda, bir vərəqin ucuna o biri vərəqi yapışdırırdılar. Beləliklə çox uzun papirus lentləri əmələ gəlirdi: bunlardan birinin uzunluğu 40 metrə çatır. Üstü yazılmış vərəqləri də papirus adlandırırdılar. Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar üçün kağızı əvəz edirdi. Yazılmış papirusu burur və iplə bağlayırdılar. Misirlilər daş üzərində də oyub yazı yazırdılar.[1]

Dövlətə savadlı məmurlar və digər təhsil almış adamlar lazım idi. Buna görə də Qədim Misirdə oğlan uşaqlarını oxutmaq üçün məktəblər var idi. Adətən məktəblərdə əyanların, kahin və məmurların uşaqları oxuyurdu. Təlim bir çox illər davam edirdi. Kiçik şagirdlər qırılmış qab-qacaq qalıqları üzərində, böyük şagirdlər isə papirus vərəqləri üzərində yazı yazmaq öyrənirdilər. Müəllimin əli çubuqlu bir köməkçisi olurdu. Tənbəl və sözə baxmayan şagirdlər kötəklənirdi.[1]

Yazı və elmi biliklərin meydana gəlməsinin böyük əhəmiyyəti var idi. Elmi biliklər kənd təsərrüfatının, sənətlərin, tikinti işinin inkişafına kömək edirdi. Yazı biliklərin saxlanıb böyüklərdən kiçiklərə, bir xalqdan başqa xalqlara keçməsinə kömək edirdi.

Misirlilərin danışdığı və yazdığı dil sonralar unudulmuşdu. XIX əsrin əvvəllərində Misirin Rozetta şəhərində tapılmış bir yazılı daş Avropaya gətirilmişdi. Bu daşın üzərində Misir və yunan dillərində oyulub yazılan yazı var idi. Gənc fransız alim Şampolyon bəzi heroqliflərin mənasını aça bildi və Misir yazısının oxumasının əsasını qoydu (1822-ci il).[1]

Misir yazısının üç növü var: heroqlif, heratik, demotik. Əsas və ən qədim yazı heroqliflərdir. Ən qədim heroqlif mətnləri eramızdan əvvəl 32-ci əsrə, son mətnlər isə eramızın 3 əsrinə aid edilir.

Misir yazısı 750-ə qədər heroqlifdən ibarətdir. Belə mürəkkəb yazını uşaqlıqdan öyrənmək lazım gəlirdi. Bu işin çətinliyi təkcə işarənin yadda saxlanılmasında deyildi, çətinlik həm də hər bir sözü xüsusi qayda ilə tərtib etməkdə idi. Ona görə də həmin dövrdə savadlı adamlar çox az idi, yazmaq və oxumaq xüsusi peşə sayılmırdı. Misirdə yazı e.ə. V minilliyin sonlarında meydana gəlmişdir. Müxtəlif dövrləri əks etdirən Misir yazı abidələri indiyə qədər saxlanılmaqdadır. Misirdə də ilk yazı növü Şumerlərdə olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur.

Misir yazısını öyrənmək olduqca çətin idi. Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər. Məktəbdə oxuyan şagirdlər sərbəst və asan yazmağı 5–6 il müddətinə öyrənirdilər. Təlim prosesində şagirdləri müxtəlif şəkildə cəzalandırırdılar. Baxmayaraq ki, məktəblərdə oxuyanlar varlıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar. Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir atalar sözü yazılırdı: "Uşağın qulaqları belindədir, ancaq döyüldüyü zaman qulaq asır".

Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da minilliklər ərzində dəyişmişdir. III–VII əsrlərdə qədim Misir dili artıq canlı dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə "tuya" dilindən istifadə olunurdu.

  1. 1 2 3 Tofiq Mustafazadə. Ümumi tarix. Bakı. 2009. səh. 70-71.