Yazı

Şuruppakdan tapılmış gil üzərində mixi yazı, eradan əvvəl 2600-cü il

Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur.

Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə deyil, tədricən yaranmışdır. Demək: Yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır, lakin Yazının yaranmasında bütün tayfa və xalqların iştirak etdiyini düşünmək də doğru olmaz. Müasir dövrdəki yazısı olmayan xalqlar buna aydın sübutdur. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bəzi xalqları hələdə yazı ilə tanış deyildilər. Qədim dövrlərdə də yazı bütün dünyada eyni dərəcə inkişaf etməmişdir. Çünki qədimdə yazı yazmaq üçün vasitələr də indikindən fərqli olmuşdur. Yuxarıda da qeyd etdiyim kimi yazı birdən-birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da xətlər vasitəsilə əks olunurdu.

Bəzi xalqlar diri heyvan yollamaqla fikirlərini bildirməyə çalışırdı. Məsələn: 513-cü ildə İran şahı Dara Skiflərin özlərini məğlub olmuş kimi hiss etmələri üçün torpaq və su göndərmişdir. Bəzi alimlərin qeyd etdiyi kimi bu simvolik siqnaldır. Yəni hər əşya başqa bir mənanı ifadə edir.

Qədimdə insanlar müəyyən məlumatı məkan və zamanla əlaqədar olaraq uzağa çatdırmaq üçün kəndir və yaxud ipi düyümləmək vasitəsindən istifadə etmişdirlər.

Fikri düyünlər vasitəsilə (Quipi) ifadə etmək farslar, türklər, çinlilər, meksikalılar və başqa xalqlar arasında yayılmışdır. İpi düyünləməklə həm də say anlayışını ifadə edirdilər. Məsələn: farslar asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən əşyanın miqdarını təyin etmişlər. Perulular, meksikalılar isə ipi düyünləməklə daha mürəkkəb anlayışları ifadə edə bilirdi. Meksikada bu vasitə o qədər geniş yayılmışdı ki, onlar müqavilələri, bütöv əhvalatları belə ifadə edə bilirdi.

Bəzi məlumatlara görə, müqəddəs Mayya arasında yaşayan qədim hindlilər Koxau ronqo-ronqo adlanan həmin düyünlü yazı ilə hətta tarixi hadisəni təsvir edir və şeir də yaza bilirmişlər.

Müəyyən fikri başqasına çatdırmaq üçün qədim insanların istifadə etdikləri vasitələrdən biri də balıqqulağı olmuşdur. Şimali Amerika hindularının bəzi tayfaları bu vasitədən geniş istifadə etmişlər.

Fikrin əşyayla ifadə olunmasının bir neçə xüsusiyyəti var:

Alman alimi Johannes Fredrix əşyalarla fikir ifadə etməyi yazının primitiv başlanğıcı hesab edirdi.

Zaman keçdikcə insanlar yazını təkmilləşdirməyə başladı. Onlar artıq müəyyən cizgilərlə fikirlərini ifadə edə bilirdilər. Onlar torpaq və ağacın üzərinə müxtəlif cizgilər çəkərək və ya ağac çapmaqla müəyyən məlumat çatdırmağı bacarırdılar.

Yazının əmələ gəlməsində insanların öz bədənlərini yazmalarının da böyük əhəmiyyəti olmuşdur. İnsanlar öz bədənlərini 2 məqsədlə: 1.bədəni bəzəmək 2.müəyyən anlayış bildirmək üçün istifadə ediblər. Alimlərin fikrinə görə, ilk dəfə tatuirovkadan ancaq bədəni bəzəmək üçün istifadə olunub. Bədəni yazmaq Polinezi adasında daha çox yayılmışdır. Yazı tarixçiləri bu məsələylə xüsusi məşğul olmuş və yazının inkişafında tatuirovkanın böyük rolunu qeyd etmişlər. Bunlar yazının ilk növü olan şəkli yazı üçün təməl oldu.

Yazının formalaşması və inkişafı dövründə onun bir neçə tipi olmuşdur. Yazının tipləri barədə müxtəlif fikirlər var, lakin son tədqiqatlara görə müəyyən edilmişdir ki, yazının 4 əsas tipi var.

Bu yazılar hər biri xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

Şəkli yazı- məlumatların şəkillər vasitəsilə ifadə edildiyi yazıya şəkli yazı deyilir. Piktoqrafik yazı da adlanır. Piktoqrafiya 2 sözdən ibarətdir. Birinci piktus latın sözü "şəkli çəkilmiş", ikincisi grapho yunan sözü "yazıram" deməkdir. Piktoqrafik yazıdakı hər bir ünsür piktoqram adlanır. Bu yazıda hər şəkil bir və ya bir neçə cümləni əks etdirir. Yəni belə yazıda nitq sözlərə bölünmür, bütöv cümlələrlə ifadə olunur. Yazının bu ilk tipi çox qədim tarixə malikdir. Keçmişdə insanlar müəyyən məqsədlərlə bağlı yüzlərlə şəkillər çəkmişlər, lakin bu şəkillərin heç də hamısını yazı hesab etmək olmaz.

Deməli, insanların çəkdiyi ibtidai şəkillər bu və ya digər məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb.

Piktoqrafik yazılarla ifadə edilən mövzuların əhatə dairəsi o qədər də geniş olmamışdır. Əsasən ov səhnələri, vuruş və qaçış hadisələri, ticarət müqavilələri və s.

İnsanların dünyagörüşləriylə əlaqədar olaraq ilk dövrdə əşya və yaxud hərəkət göstərilirdisə də get-gedə mücərrəd anlayışları ifadə etmək tələbi yaranmışdır. Mücərrəd anlayışlar üçün bir neçə formadan istifadə olunurdu. Məs: "cəldlik" sözü üçün qol əvəzinə qanad çəkilmiş, "müharibə" anlayışı üçün ox hazır vəziyyətdə təsvir edilmişdir.

Bu yazıdan daha çox Şimali Amerika hindliləri istifadə etmişlər. Eyni zamanda qədim şumer və misirlilərdə də təsadüf olunmuşdur.

Bu yazıdan başqa xalqlar kimi Azərbaycanda da istifadə olunmuşdur. Təkcə Qobustanda 720 qaya üzərində 4 mindən çox təsvir var və bu təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Qazaxda və Gədəbəydə də piktoqramlar tapılmışdır.

Şəkli yazıdan son zamanlara qədər Nasi xalqı da istifadə etmişdir. Nasi dili Çində yayılmış və bu dil Çin-Tibet dilləri ailəsinə məxsusdur.

Bu yazı sonralar bir o qədər də əlverişli olmamışdır. Buna görə də fikri yazı yaranmağa başlamışdır.

Fikri yazı- Nitqdəki sözlərin şəkillər vasitəsilə deyil, ideoqramlarla əks olunmasına ideoqrafik və ya fikir yazı deyilir. İdeoqrafiya 2 yunan sözündən ibarətdir. Birinci ideya "anlayış", ikinci isə grapho "yazıram" mənasını bildirir. Heroqlif və digər işarələr də ideoqrafik yazı sisteminə daxildir.

İdeoqrafik yazı elə yazı sistemidir ki, burada hər işarə bütöv sözü, yaxud sözün mənalı hissəsini bildirir. Bu səbəbdən bu yazı sistemi eyni zamanda söz yazısı da adlanır. Bu yazı 2 səbəbə görə yaranmışdır:

1. Şəkli yazı inkişaf edərək əşyanın özünü əks etdirməyib, onun şərti işarələrlə ifadə edəcək qədər təkmilləşdir. Məs: Çinlilər piktoqrafik yazıda günəş sözünü bildirmək üçün günəş şəkli çəkilirdisə, indi günəşə oxşamayan heroqliflər çəkilirdi. Burdan biz bu nəticəni çıxara bilərik ki, şəkil və əşya arasındakı oxşarlıq kəsilmişdir.

2. Piktoqramlarla mücərrəd anlayışları vermək mümkün deyildir.

Bundan başqa ideoqrafik yazının əmələ gəlməsiylə bağlı çox fikirlər vardı. İ. Qelb, R. Vulli, Ç. Loukotka, D, Diringer və başqaları bu yazının bir ölkədə və bir xalq tərəfindən yarandığını söyləyirlər. Bəziləri Misirdə, bəziləri isə Şumerdə yarandığını qeyd edirdi, lakin V. İstrin bele bir nəzəriyyənin əksinə olaraq Şumer, Misir və Çin yazılarının bir-birindən fərqləndiyini, hər birinin müstəqil yolla təşəkkül tapdığını söyləmişdir.

İdeoqrafik yazı kimi müxtəlif ornomentlərlə bəzədilmiş ştamp yazıları, ton və keramik yazılar da var idi. Elə kalliqrafik yazıların ilk nümunələri də o zaman yaranıb. Məlumdur ki, İslam mədəniyyətində canlı aləmin şəklini bilavasitə vermək qadağandır. Ancaq təsviri sənət vasitəsilə onu dolaylı yolla vermək olar. Məs: "Bismillah" sözünü şriftlərlə leylək şəklində verirlər. Bu kalliqrafik yazı nümunəsidir. Ümumiyyətlə kalliqrafik sözü yunanca "kallos" gözəllik, "grapho" yazı mənasına gəlirdi.

Ən qədim ideoqrafik yazılarından biri də Misir yazısıdır. Bu yazının inkişaf dövründə 3 yazı forması meydana çıxmışdır:

1.heroqlif 2.heratik 3.demotik

Heroqlif — Misir yazısının ilk formasıdır. Bu yazıdan təntənə məqsədiylə istifadə olunurdu. Heroqliflərin müəyyən hissəsi bitki, əşya, quş şəkillərindən ibarət olmuşdur.

Heratik — heroqliflər təkmilləşmiş, sxematik şəkil xarakterindən uzaqlaşmışlar. Həmin yazıda dolaşıq xətlər get-gedə çoxalmışdır. Əsasən, elmi məsələləri əks etdirmək üçün istifadə olunurdu.

Demotik — demotik xəlqi deməkdir. Bu yazı zahiri cəhətdən həm heroqlif, həm də heratik yazıdan fərqlənir. Çünki daha asan və sadədir. Bu səbəbdən yunanlar onu xəlqi yazı adlandırmışlar. Misirlilər ictimai həyatlarında demotik yazıdan geniş istifadə edirdilər.

Misir yazısı çox böyük əhəmiyyətə malikdir. Bu yazı başqa yazılara, o cümlədən minoy yazısına da təsir göstərmişdir.

Çin yazısı da ideoqrafik olub, son dərəcə çətin quruluşa malikdir. Bu yazı Çində bizim eradan əvvəl meydana çıxmışdır. Arxeoloqların tapdığı yazılı heyvan sümükləri dəqiq olmasa da təxminən eradan 15 əsr əvvələ aid olunur. Çin yazısı da piktoqramlar əsasında yaranıb. Buna görə də bir sıra heroqliflərdə şəkli yazıdan qalan izlər özünü göstərir. Məs: "adam" anlayışı əvvəlcə adamı xatırladan işarələrlə əks olunmuş , daha sonra təkmilləşmişdir. Çin heroqliflərində əsrlər boyu dəyişikliklər olsa da, ideoqrafik yazıdan irəli keçə bilməmişdir. Buna görə də qədim yazı texnikasını bu gün də saxlamaqdadır. Bu dildə simvolların sayı 2500-dən 50000-ə qədər artıb, amma ədəbi dil olan Mondrian-Çin dilində 4 tenomdən istifadə olunur.

Hazırda dünya əhalisinin təxminən, 25%-i ideoqrafik yazıdan istifadə edir.

Heca yazısı — Hecalar şərti işarələrlə göstərilən yazıya sillaboqrafik, yaxud heca yazısı deyilir. Bu yazının tələbinə görə dildə nə qədər heca varsa, bir o qədər də işarə olmalıdır.

Heca yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri də Şumerlərin yazısıdır. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin əvvəlində Şumer yazısında əmələ gəlmişdir.

Şumerlərin dili haqqında bir sıra fikirlər söylənilmişdir. 1938-ci ildə şumer dilini ilk dəfə türk dilləri ilə əlaqələndirməyə cəhd göstərmişlər. Onların ilk yazısı pintoqrafik xarakterli olmuşdur. Bu yazı zahiri əlamətlərinə görə başqa yazılardan fərqlənirdi. İşarələri mismara-mıxa bənzəyirdi. Azərbaycan dilində "mixi yazı" adlandırılır.

Heca yazısı eramızdan əvvəl lll minillikdə akkadlar, sonra babillər və assurilər tərəfindən mənimsənilmişdir. Həmin xalqların dilləri Sami dilləri qrupuna aiddir.

Tarixi faktlar göstərir ki, heca yazı tipindən minoy, hind və s. yazı sistemlərində istifadə olunmuşdur. Bu yazıdan da dünya xalqlarının, təxminən, 25%-i istifadə edir.

Bu yazıdan istifadə edənlərdən biri də yaponlardır, lakin yaponların yazısı heç də sırf heca yazısı deyildir. Müasir yapon yazısının 2 qrafik forması vardır- kataqan və xiraqan.

Sillaboqrafik yazının əlamətləri müasir rus yazısında da vardır. Heca yazısı ideoqrafik yazıdan daha üstündür, lakin səs yazısı ilə müqayisədə mənfi cəhəti işarələrinin çox olmasıdır.

Fonoqrafik yazı — Şərti işarələrlə dilin səslərini əsk etdirən yazıya fonoqrafik, yaxud səs yazısı deyilir. Mütəxəssislər bu yazının yaranmasını ticarətin inkişaf etdiyi Yaxın Şərqlə bağlayırlar. Yazının digər növlərindən fərqli olaraq, fonoqrafik yazıda dilin bu və ya digər səsi, ayrı-ayrı hərflərlə yanaşı, digər işarələrdən (apostrof, hərəkə və s.) də istifadə olunur.

Hərfli yazı çox mürəkkəb proses əsasında yaranmışdır. Və bir neçə əsr ərzində inkişaf etmişdir. Hərfli yazı barbarlıq dövrünün lll pilləsində əmələ gəlmişdir. F. Engels cəmiyyətin barbarlıqdan mədəniyyət dövrünə keçməsində səs yazısının böyük əhəmiyyətə malik olduğunu qeyd edir.

Bu yazı tipi xarakterlərinə görə 2 yerə bölünür: konsonant və vokallaşdırılmış yazı.

Yalnız samit səslərin hərflərlə göstərildiyi yazı konsonant yazıdır. Həm sait, həm samit səslərin əks olunduğu yazı vokallaşdırılmış, yəni tam fonoqrafik yazıdır.

V. İstrinin müəyyən etdiyinə görə müasir dövrdə dünya xalqlarının 50%-i bu yazıdan istifadə edir.

Beləliklə dünyada 4 yazı tipinin hər birindən istifadə olunur.

Yazı düz xətt boyunca düzülmüş vahidlərin ardıcıllığı olanda o fonetik prinsipə əsaslanır. Dilin hər bir foneminin yazıda öz işarəsi-qrofemi olur. Bu gün latın, aromeik, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya dilləri üçün əsas götürülür.

Yazı müasir insanların dünya görünüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb edib və edəcək. Biz yazı vasitəsilə biliklərə yiyələnir, müxtəlif elmlərin sirlərini öyrənə bilirik. Ona görə də yazının həyatımızda nə qədər əhəmiyyətli olduğunu unutmamalıyıq.

sə bir hərf müvafiq olaraq bir səsi bildirir.

Belə bir hipoteza var ki, inklərin istifadə etdiyi ip düyünləri, kipu, əslində yazı nümunələridir[1].

  • *''Robinson, Andrew'' The Origins of Writing // David Crowley and Paul Heyer (eds) ''Communication in History: Technology, Culture, Society'' (Allyn and Bacon, 2003).
  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.