Misra

Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir.

Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonemmorfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi[1].

Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. ŞərqdəAzərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir. Yazılı şeir yaranana qədər mərasim nəğmələrinin ritmikliyi sintaktik təkrarlar və paralelizmlər vasitəsilə yaranırdı[2].

  1. "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008. s. 272" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-14.
  2. "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008. s. 271" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-14.