Qafiyə

Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır.[1]

Mənşəyi və funksiyaları

[redaktə | mənbəni redaktə et]

Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır.[2]

Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.[2]

Qafiyəşünaslıq elmi

[redaktə | mənbəni redaktə et]

Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılmış və qafiyələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s. cəhətdən təsnif edilmişdir.[3] Klassik ərəb və fars qafiyəşünaslığı ərəb qrafikasının xüsusiyyətləri əsasında formalaşmışdır. Belə ki, burada əsasən qafiyədə iştirak edən ərəb qrafikası hərflərinin (samitlərin və uzun saitlərin) və hərəkələrin (qısa saitlərin) sayı, düzülüşü və tutduğu mövqeləri baxımından qafiyələrin təsnifatı aparılmış, bu hərf və hərəkələrin məhz dəqiqliklə təkrarlanması xətasız (eyibsiz, nöqsansız) qafiyələnmə hesab edilmiş, şeirdə praktiki olaraq rast gəlinən qafiyə xətaları (eyibləri, nöqsanları) özləri də təsnif olunmuşdur[2]

Qafiyənin müasir ana dilimiz və daha dəqiq, sadə əlifba olan latın qrafikalı müasir əlifbamız əsasında öyrənilməsi isə fərqli yanaşma tələb edir. Belə ki, anadilli poeziyamızda klassik, ənənəvi qafiyənin səs əsasını – dayağını sait-samit səs cütlüyü, az hallarda samit-sait səs cütlüyü, az və xüsusi hallarda isə tək sait (uzanan və ya uzanmayan) təşkil edir. Dayaqdan sonra istənilən uzunluqlu eyni şəkilçi və ya rədif gələ bilər. Dayaqdan əvvəl isə eyni səs və ya səslərin olması qafiyələnmə üçün vacib deyil. Lakin bu hal qafiyələnmənin daha da zənginləşməsiccnə səbəb olur. Eyni şəkilçilərin müxtəlif sözlərə ələvə edilməsi isə həmin sözlərin qafiyələnməsi demək deyil. Lakin burada bəzi sözdüzəldici (leksik) şəkilçilər istisnadır. Məsələn, yoldaş-sirdaş sözləri qafiyə kimi qəbul olunur, halbuki onlar eyni sözdüzəldici şəkilçinin müxtəlif sözlərə əlavəsi ilə yaranmışdır.[2]

Qafiyələnmənin təsnifatı əsasən dayağın xüsusiyyətinə və qafiyələnən sözlərin quruluşuna görə aparılır.[2]

Dayağının xüsusiyyətinə görə qafiyələnmənin növləri:

  1. Sait-samit səs cütlüyü (qapalı heca) dayağı ilə qafiyələnmə (güclü qafiyələnmə).
  2. Samit-sait səs cütlüyü (açıq heca) dayağı ilə qafiyələnmə (zəif qafiyələnmə).
  3. Tək sait dayağı ilə qafiyələnmə. (şəkilçi qəbul etmiş və etməmiş variantları var).

Sözlərin quruluşuna görə qafiyələnmənin növlərini:

  1. Söz kökü sonluqlarının qafiyələnməsi
  2. Söz kökü sonluğu ilə şəkilçinin qafiyələnməsi.
  3. Söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləşməsinin qafiyələnməsi.
  4. Şəkilçi ilə kök sonluğu-şəkilçi birləşməsinin qafiyələnməsi.
  5. Kök sonluğu-şəkilçi birləşmələrinin qafiyələnməsi.
  6. Eyni sonluqlu müxtəlif şəkilçilərin qafiyələnməsi

Formaca qafiyənin ən qədim şəkli qulaq qafiyəsidir. Əngəl-çəngəl, saman-aman sözləri qafiyə kimi işlədilirsə, bunlar tam qafiyə olmadığı üçün qulağa qafiyə kimi gələn nöqsanlı nümunələr sayılır və belə adlandırılır. Bədihə söylənəndə, el aşıqları deyişəndə belə qafiyələrdən istifadə edilirdi. El aşıqları qulaq qafiyəsinə sınıq qafiyə də deyirlər. Lakin müasir poeziyada sınıq qafiyələrdən istifadə normal bir hala çevrilmişdir. Qafiyəsiz şeirin təsiri ilə müasir şairlərin çoxunda qafiyəyə şərti bir münasibət yaranmışdır. Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılırdı və qafyələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s. cəhətdən təsnif edilmişdir. Qafiyənin ən ümumi və mühüm növlərini aşağıdakı kimidir:

Rədif – eyni sözün şeir boyu özü-özünü qafiyələndirməsidir. Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir.

Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsi ilə Azərbaycan dilinəpoeziyasına da keçmişdi.

Eşqindən anun bu könülüm olmadı xalı,

Andan bərü ki, gördü gözüm, olmadı xalı.

 (“Qazı divanı”)

Bu beytin birinci misrasında xali sözü “ayrı, uzaq”, ikincidə isə “xal” mənasındadır. Bu təmiz cinasa nümunədir. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq hərflə sınır:

Pir müşg edəlüm zülfün ilə şamı bu gecə,

Ələ alalumlə”li mey aşamı bu gecə.

 (“Qazi Divanı”)

Burada üç tərkibli cinas ikinci misradakı artıq “a” səsi ilə sınmış olur.

Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.

Geyibdi qəddinə yar alacanı,

At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin, a yana, yana.

 (Aşıq Ələsgər)

Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir. Cinaslı qoşmada dil baxımından yazılı ədəbiyyata, klassik şeirə bağlılıq qüvvətli olur. Çoxlu cinaslar yaratmaq üçün hətta Aşıq Ələsgər kimi bir sənətkar da ərəb və fars sözlərindən qafiyə kimi geniş istifadə etmişdir. Ələsgərdə cığalı, dodaqdəyməz, dodaqdəyməz cığalı, müstəzad təcnis kimi cinas növləri işlənmişdir.

Şairlik istedadı olmayan, lakin qafiyələnən sözlərdən istifadə etməklə şeir yazan. Məsələn, Cəfər Cabbarlının "Almaz" əsərində Şərif özünü şair kimi qələmə verir, lakin onun yazdıqları şeir yox, sadəcə olaraq söz yığımıdır.[4]

  1. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1988, s.257-258
  2. 1 2 3 4 5 "Şirvani Ədilli, Azərbaycan şeirində forma məsələləri. Bakı-2014" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-21.
  3. "Rəhim Əliyеv, Ədəbiyyаt nəzəriyyəsi. Bаkı-2008" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-15.
  4. Telman Cəfərov (Vəlixanlı), Şəhla Əhmədova "Məktəblinin ədəbiyyat lüğəti", Ayna Mətbu Evi. Bakı-2007
  1. Şamil Dəlidağ (Əsgərov), Azərbaycan dilinin qafiyə lüğəti. Bakı-1997.
  2. Əkrəm Cəfər, Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti. Bakı-2006.
  3. Tərlan Quliyev, Əruz və qafiyəşünaslıq tarixi. VIII-XVI əsrlər. Bakı-1998.
  4. Tərlan Quliyev, Anadilli əruz vəznli şeirimizin poetik inkişaf yolu. Bakı-2011.
  5. Elxan Məmmədli, Təcnis sənətkarlığı. Bakı-1998.