Mitrofanovun evi — neft sənayeçisi Dmitri Mitrofanovun sifarişi ilə 1898–1902-ci illərdə tikilmiş memarı İohan Edel olan bina.[1][2] Bina fransız neorenesansın klassik üslubunda tikilib. Mart soyqırımından sonra bina Bakı Kommunası tərəfindən istifadə olunub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə binada Fransa səfirliyi yerləşib. 1920-ci il aprel işğalından sonra isə bina müxtəlif mənzillərə bölünüb.[3]
Mitrofanovun evi | |
---|---|
40°22′06″ şm. e. 49°49′45″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Vidadi küçəsi |
Memar | İohan Edel |
Sifarişçi | Dmitri Mitrofanov |
Tikilmə tarixi | 1898 - 1902 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Neft sənayeçisi Dmitri Mitrofanova məxsus olan bu ev 1898–1902-ci illər ərzində tikilib. Mitrofanov Bakı Duması rayonunda olan geniş şəxsi sahəsində böyük, üçmərtəbəli gəlir evinin layihəsinin sifarişini İohan Edelə verir. Tikinti işlərini isə Qasımov qardaşları reallaşdırıblar. Bina künc planlaşmaya malikdir, baş fasadın qabarit ölçüləri 25,90 və 61,50 metrdir. Yaşayış binası planlaşmasının çoxpilləli inkişafı baş fasad üzərində əks olunmuşdur. Sahə şimal qərb hissədə kəsilmiş böyük üçbucaqdır. Kəsilmiş (əyri) formasına baxmayaraq, şərq və şimal fasadları tərəfdən otaqlar iki sırada düzülərək, ayrıca seksiyalara bölünmüşdür. Həmin dövrdə Bakıda ayrıca mənzillərin seksiyalar şəklində planlaşdırılması geniş yayılmışdı. Daxili planlaşdırmada vektor inkişafı baş verir, strateji hissələrdə yerləşdirilmiş ikimarşlı pilləkən qəfəsləri aydın, dürüst nişanlanmışdır. Hər bir mənzildə otaqlar funksiyalarına görə ayrılmış və özlərinə məxsus formadadırlar. Qonşu mülklərlə sərhəddə pəncərələri həyətin içinə baxan birsıralı tikili vardır. İki sırada düzülmüş mənzillər ənənəvi şüşəbənd qalereyaya malikdirlər. Həmin qalereyaya qərb və cənub tərəflərdən açıq üslublu pilləkən qəfəsləri söykənmişdir.[2]
İkinci mərtəbənin planı birincinin xüsusiyyətlərini özündə təkrar etsə də, mənzillər yalnız küçəyə baxan tərəfdə yerləşdirilmişdir. Otaqlar iki sırada düzülüb, yaşayış və təntənəli qəbullar üçün nəzərdə tutulmuş zallar vardır. Zalların interyerindəki sütünlu yan çıxıntılar səhnəyə bənzər məkan yaradır. İkinci mərtəbədəki dolayı qalereya arakəsmə ilə iki mənzil arasında bölünmüşdür.[2]
Fasad üçün təklif olunmuş arxitektur kompozisiya İ. V. Edelin sonrakı işləri ilə müqayisədə sadə və ciddidir. Üslub sistemi neo-yunan təmayüllüdür. Səciyyəvi horizontal bölümlərin çoxsaylı olması ilə seçilir. Binanın fasadı assimetrikdir, mərkəzi hissə qabarıq və diqqətçəkən olduğundan, sağ tərəfdəki künc raskrepovkası nəzərən müşahidə olunmur. Fasad ikinci mərtəbədə Toskan orderi pilyastrları ilə bərkidilmişdir. Onların arasında yanlardan pilyastrlar və klassik frontonlarla tərtib edilmiş üç pəncərə gözü yerləşmişdir. Bilavasitə onların üstündən profillənmiş qurşaqlar keçir.[2]
Birinci mərtəbənin düzbucaqlı dükan gözləri yonulmamış daş (rustovka) hörgü ilə işlənmişdir. Həyətə giriş aralığı metal şəbəkəlidir, giriş mərkəzi hissənin oxu boyuncadır. Memar qanunauyğun şəkildə fasadın memarlıq kompozisiyasını birinci və ikinci dərəcəli elementlər üzərində paylaşdıraraq, mərkəzi hissənin əhəmiyyətini qabartmağa nail olmuş və bunu hündür olmayan attik vasitəsilə bərkitmişdir. Fasadın yan raskrepovkası mərkəzi fraqmentin kompozisiya üsulunu təkrar edir, burada memarlıq baxımından işlənmiş, kronşteynli balkonlar fasadın üzərində müvafiq əlverişli mövqelərdə yer almışlar. Fasad kompozisiyasınm həlli üçün memar detal və forma elementlərinin yığcam nomenklaturasından istifadə etmişdir.[2]