Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur.[1]
Qrifonlu ev | |
---|---|
40°22′17″ şm. e. 49°50′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Yusif Məmmədəliyev küçəsi, 20 |
Memar | İ.V. Edel |
Sifarişçi | B. Lazarev |
Tikilmə tarixi | 1894 - 1896 |
Üslubu | Eklektika |
İstinad nöm. | 3349 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir.
Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi.[2][3] Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi.
Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü.
Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir. Bina ümumilikdə Yusif Məmmədəliyev (keçmiş Politeseyskaya) küçəsinin memarlıq quruluşuna uyğunlaşdırılsa da, öz klassik formaları, kompozisiyasının zərifliyi, memarlıq elementləri və detallarının incəliklə təsvir edilməsi ilə ətrafdakı binalardan fərqlənir.[4]
21,90×29.10 m ölçülərdə, böyük olmayan tikinti sahəsi həyət sisteminin perimetri boyunca inkişaf edir. Sahənin yarısını iki sırada düzülən otaqlar və yuxarı yan tərəfdən qismən işıqlanan qapalı pilləkən qəfəsi tutur. Yaşayış binasının baş həcmindən başlayaraq, kvadratşəkilli həyətin cinahları boyunca xidməti otaqlar yerləşir. Həyətin yan tərəfində tualetlərin də yerləşdiri pilləkən dayanır.[1]
Malikanənin mərkəzi hissəsini anfilada sistemində düzülən yan salonları olan möhtəşəm zal tutur. Zal enli eyvana açılır, salonların isə fransız üslublu eyvanları vardır. Malikanə memar İ. Edelin özünəməxsus qaydada ümumi məxrəcə gətirdiyi həmin dövrün planlaşdırma strukturunu təmsil edir.[1]
Binanın fasadında neo-yunan cərəyanının təsirləri müəyyən dərəcədə hiss olunur ki, bu da eklektika və üslublaşdırma dövrü üçün xarakterik xüsusiyyətdir. Fasad frontonlar və yan tinlənmələrlə mərkəzi hissə vasitəsilə üç oxlu sistem ilə qeyd edilmişdir. İonik sütunlar və geniş şəkildə tinlənmiş pilonlar ilə mərkəzin yuxarı hissəsi portik şəklində xüsusi diqqət cəlb edir.[5]
Binanın fasadında memar İ. Edel məlum üsul və formaların ciddi, qabarıq olmayan traktovkasını təqdim edir. O, fasad üzərində həddindən artıq detal və dekorativ elementlərin çoxluğuna yol vermir. Portalşəkilli baş girişlər frontonaltı canlı kronşteynlərlə birgə aydın və qabarıq şəkildə cizgilənmişdir. Girişin taxta qapı tayları effektli heykəltəraşlıq elementləri və naxışlarla bəzədilmişdir.[1]
Malikanənin təntənəli otaqlarının interyerləri karnizlərin inkişaf etmiş forması, plafonların gözəl xətləri sayəsində estetik funksiyalar daşıyırlar.[5] Dəhlizdən çıxan bir neçə pillə daha təntənəli pilləkən qəfəsi interyerini açıqlayır. Memar İ. Edel divarın rustovkasını yuxarı yarusa qədər davam edir və onu dekorativ ekranlar əlavə etməklə daha da zənginləşdirir, rustovkaların arasında kornşteynli karniz iştirak edir. Bir qədər də yucarıda yastı pilyastrları olan enli dekorativ zolaq inkişaf etməkdədir.[6]
Memar malikanənin pilləkən qəfəsinin fəza mühitini yeni interyer üsulları ilə zənginləşdirməyə çalışmış, memarlıq motivlərinin özünəməxsus hərarətini interyerlərə hopdurmağa cəhd etmişdir.[6]