Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir.[1] Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür.[1] 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır.[2]
Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir. Memarın müəllifi olduğu, lakin bədii və memarlıq əhəmiyyəti daşımayan taxta tikililər (Bakı qalası yaxınlığında ticarət sıraları, Balaxanıda Müqəddəs Makariya kilsəsi yaxınlığında, kilsənin inşasından əvvəl quraşdırılmış müvəqqəti taxta kilsə) siyahıda göstərilməmişdir.
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Müqəddəs Varfolomey kilsəsi | Bakı, Asəf Zeynallı küçəsi 67 | 1892-ci ildə İçərişəhərdəki Asəf Zeynallı küçəsində İ. Edelin layihəsi əsasında[3] 1818-ci ildə Müqəddəs Varfolomeyin b.e. 71-ci ilində şəhid edilməsi[3] ehtimal edilən yerdə inşa edilmiş və Müqəddəs Nikolay kilsəsinin inşasına kimi fəaliyyət göstərmiş[4] (təxminən 1870-ci illər) qədim kilsənin yerində rus memarlığı üslubunda inşa edilmişdi.[3] Kilsə yerli dindarların iyanəsi sayəsində inşa edilmişdir.[3] Kiçik sovmə formasında olan kilsənin daxilində Varfolomeyin, o cümlədən digər müqəddəsləri ikonaları yerləşdirilmişdir.[3] Kilsənin divarında asılmış mərmər lövhədə İsanın on iki həvarisindən biri olan Müqəddəs Varfolomeyin məhz bu yerdə şəhadətə qovuşması qeyd edilmişdi.[3] 1936-cı ilə kimi fasiləsiz fəaliyyət göstərmiş kilsə, həmin il SSRİ-də dinlə mübarizə çərçivəsində dağıdılmışdır.[3] | 40°21′58″ c. e. 49°50′12″ q. u. | |
2 | Rəbbin çevrilməsi kilsəsi | Bakı, Qara Şəhər, S. M. Şibayevin neftayrıma zavodunun ərazisi, Nobel prospekti 111 | S. M. Şibayevin Qara şəhərdə yerləşən neftayrıma zavodu ərazisində İ. Edelin layihəsi əsasında rus memarlığı üslubunda inşa edilmiş kilsə olmuşdur.[5] Kilsənin əsası 15 dekabr 1891-ci ildə qoyulmuş, 28 mart 1892-ci ildə inşası tamamlanmış kilsənin həsr olunma mərasimi keçirilmişdir. Kilsə inşa ediləcəyi haqqında qərar Bakı dindarlarının sevincinə səbəb olmuş, yerli əhali öz təşəbbüsü ilə iyanə toplamağa başlamışdır. Kilsənin zəngi də bağışlanmışdır.[5] SSRİ dövründə kilsənin fəaliyyəti dayandırılmış, kilsə binası isə texnikum kimi istifadə olunmuşdur.[5] Sonradan bina sökülmüş və yerində mağazalar inşa edilmişdir.[5] | 40°21′58″ c. e. 49°50′12″ q. u. |
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | İki mərtəbəli yaşayış binası | Bakı, Mirzə Ağa Əliyev küçəsi 126 | Mirzə Ağa Əliyev (Çadrovaya) 126 və Murtuza Muxtarov (Persidskaya) 62 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli (üçüncü mərtəbə sonradan əlavə edilmişdir) yaşayış binasıdır. Yaşayış binası order və ordersiz inşaat sistemindən istifadənin üstünlük təşkil etdiyi dövrdə Bakıda şəhər tikintisinin memarlıq-sahə istiqamətini müəyyən edən binalardan biridir.[6] Bu prinspi yonulmamış daşla hörülmüş kürəciklərin şaquli ritmli fasadın memarlıq düzülüşündə qorunur. Memarlıq kompozisiyasını zənginləşdirməklə yanaşı ona xüsusi dinamizm və incəlik gətirən ayna üzlüükləri və nazik profil edilmiş sandriklər sayəsində yaşayış binasının fasadının plastikası daha zəngin görünür.[6] | 40°22′29″ c. e. 49°49′50″ q. u. | |
2 | İki mərtəbəli yaşayış binası | Bakı, Bülbül küçəsi 8 | Bülbül küçəsi (Bolşaya Morskaya) 8 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası 1891-1893-cü illərdə inşa edilmişdir. Klassik simmetriya prinsipləri ilə ucaldılan bina sifariş sistemi əsasında o zamanlar yalnız Bakıda deyil, bütün Avropada üstünlük təşkil edən istiqaməti əks etdirir.[7] Yaşayış evinin xüsusi olaraq nəzərə çarpan frontonlu mərkəzi, pəncərə haşiyələri və ifadəli daş detalları ilə zəngin yonulmamış daşla hörülmüş mərtəbələri ilə memarlıq kompozisiyanı tarazlaşdıran yan rizalitləri vardır.[7] | 40°22′18″ c. e. 49°50′40″ q. u. | |
3 | İki mərtəbəli yaşayış binası | Bakı, Bülbül küçəsi 10 və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi | 1890-cı illərin əvvəllərindən Birja meydanı (indiki Sahil bağı) ərazisində abadlaşdırma işlərinə başlanılır. Elə həmin il meydan yaxınlığında iki mərtəbəli bina layihəsinin həyata keçirilməsi üçün tikinti sahəsi ayrılır.[8] 26 iyul 1891-ci ildə İ.V. Edel yaşayış binası layihəsini təqdim edir.[8] Planlaşdırma baxımından evin sahəsi datılmış düzbucaq şəklindədir. Birinci mərtəbədə küçə tərəfdən dükan gözləri, içəriyə doğru isə, bir sırada yerləşən məhdud aşırımlı yaşayış otaqları yerləşdirilib. Memar, pilləkənləri perpendikulyar oxlar boyu yerləşdirib. Bir neçə pillə ilə vestibülə açılan baş pilləkən ikisıralı sistemə keçir. Həyət pilləkən qəfəsləri ensiz marşlıdır. Həyətin perimetri boyunca sütunlar üzərində açıq üslublu qalereya yerləşmişdir. Pilləkənlər irəliyə, həyət sahəsinə doğru çıxarılıblar və qalereyanın strukturuna daxildirlər.[8] İri pəncərə gözləri otaqlara kifayət qədər təbii işıq düşməsini təmin edir. Bina, orta təbəqədən olan sifarişçi üçün nəzərdə tutulmuşdur.[8] | 40°22′18″ c. e. 49°50′40″ q. u. | |
4 | İki mərtəbəli yaşayış binası | Bakı, Lev Tolstoy küçəsi, 128 | Lev Tolstoy küçəsi (Gimnaziyskaya) 128 ünvanında yerləşən iki mərtəbəli yaşayış evi şəhərin tarixi məhəllələrinin formalaşmasında və inkişafında əsas həcmi və memarlıq elementi kimi çıxış edən tikililərdən biridir. Fasadın memarlığı zövqlə həll olunmuşdur ki, bu da bölmələrdə və profillərdə, pəncərə kompozisiyasının şərhində, onların bədii tərtibatında, daşdan yonulmuş detalların işlənməsində özünü göstərir.[9] | ||
5 | İki mərtəbəli yaşayış binası | Bakı, Çingiz Mustafayev küçəsi 89 | Çingiz Mustafayev küçəsi (Suraxanskaya) 89 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, fasadda binanın kompozisiya həllinin əsas komponentləri, onun proporsional bölünmələri, işıq və kölgə effektini verən çıxıntılı hörgü aydın şəkildə işlənmişdir, pəncərələrin relyef haşiyələri və təmiz yonulmuş daşdan olan divar fonunda bədii əhvali-ruhiyyə yaradan detallar, binanın plastikası üçün mühüm əhəmiyyətə malikdir.[10] | 40°22′26″ c. e. 49°49′50″ q. u. | |
6 | İki mərtəbəli yaşayış binası | Bakı, Rəsul Rza küçəsi 9 | 1892-ci ildə Rəsul Rza (Mariinskaya) 9 ünvanında inşa edilmiş yaşayış binası əvvəlcə iki mərtəbəli olsa da, 1938-ci ildə binaya daha iki mərtəbə də əlavə edilmişdir.[11] Ev, order sisteminin üsulları, aksentsiz kompozisiya əsasında inşa edilmişdir. Fasad nazik plastika, karnizllərin və memarlıq detallarının aydın çəkilməsi ilə fərqlənir. Bakının tarixi mərkəzinin şəhərsalma strukturuna daxil olan bina, küçənin memarlıq simasının formalaşmasında əhəmiyyətli rol oynamışdır.[11] | 40°22′14″ c. e. 49°50′25″ q. u. | |
7 | İki mərtəbəli yaşayış evi | Bakı, Üzeyir Hacıbəyov küçəsi, 7 | Üzeyir Hacıbəyli 7 ünvanında yerləşən üç mərtəbəli (üçüncü mərtəbə sonradan artırılıb) yaşayış binası şəhərin tarixi məhəllələrinin quruluşunda həcm-məkan kompozisiyasının mühüm elementlərindən biridir. Klassik formalarda zəngin plastiklik, mərtəbələrin zərif, mütənasib hissələrə ayrılması, daş bloklardan olan gözəl yonulmamış hörgü həm ayrı-ayrı hissələrin, həm də bütöv fasadın memarlıq detallarının mükəmməl işlənməsi binanı fərqləndirən əsas xüsusiyyətlərdir. Giriş pilləkəninin divarı üzərində bəzəkli naxışlar və yaşayış üçün otaqların interyerlərinin tərtibatı memarın yüksək peşəkarlıq səviyyəsini göstərir.[12] | 40°22′17″ c. e. 49°50′28″ q. u. | |
8 | İki mərtəbəli yaşayış evi | Bakı, Xaqani küçəsi 16 | Xaqani küçəsi (Molokanskaya) 16 ünvanında yerləşən iki mərtəbəli yaşayış evi (hazırda Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətininnin mədəniyyət sarayı kimi fəaliyyət göstərir, sonradan üçüncü mərtəbə inşa edilmişdir) Bakının mərkəzində sayca çox az olan əsl villalardan biri idi.[13] Bağçalı bina, qırmızı xəttən kənarda yerləşirdi ki, bu da Bakıda tarixi məhəllənin salınmasında nadir hal idi. Bina, memarlıq üslubu baxımından italyan intibahına meyllidir.[13] Burada korinf sütunları və klassik formalı eyvanlardan istifadə olunmuşdur. Bina, fasadının plastikliyi, incə qurulmuş interyerləri və ümumi plan xüsusiyyətlərinə görə fərqlənir.[13] | 40°22′21″ c. e. 49°50′39″ q. u. | |
9 | Üç mərtəbəli yaşayış binası | Bakı, Nizami küçəsi 56 və Qoqol küçəsi 3 | Nizami küçəsi (Qubernskaya) 56 və Qoqol küçəsi (Praçeçnaya) 3 ünvanlarının kəsişməsində yerləşən üç mərtəbəli yaşayış binası 1890-cı ildə Edelin layihəsi əsasında inşa edilmişdir.[14] Tində yerləşən bina, şəhər mərkəzinin tarixi məhəllələrinin şəhərsalma strukturunda aktiv iştirak edir. Binanın memarlıq kompozisiyası qeyri-order sisteminin prinsipləri zəminində qurulmuşdur. Pəncərə yerlərinin ritmi Bakı şəhərinin spesifikası və iqlim şəraitini əks etdirir. Mərtəbələrin divarlarının çıxıntılı hörgüsü, mərtəbələrarası kəmərlərin klassik profilləri, sandriklərin zənginlikləri və pəncərə haşiyələri və daş detalların yüksək keyfiyyəti maraqlı kompozisiya yaradır.[14] | 40°22′22″ c. e. 49°50′24″ q. u. | |
10 | Üç mərtəbəli yaşayış binası | Bakı, Nizami küçəsi 58 | Nizami küçəsi (Qubernskaya) 58 ünvanında yerləşən üç mərtəbəli yaşayış binası iki mərhələdə inşa edilib. İlk iki mərtəbə İ. Edel tərəfindən 1902-ci ildə inşa edilib, üçüncü mərtəbə isə binaya 1960-cı ildə əlavə olunub.[15] Binanın künc mövqeyi onun həcmli plastika və yan rizalitlərlə vurğulanan həllini əvvəlcədən müəyyən etmişdir. Xarakterik üslublu yaşayış evinin bütün strukturu şaquli bölgü ahəngi və kompozisiya modelləşdirilməsi ilə intibah memarlığı motivinin klassik əsasında inşa edilib.[15] Antressolu mağazaların iri yarımpərgar şəkilli vitrinlərilə ümumi həcm sxemi, yonulmamış daşın əzəmətli blokları və ikinci mərtəbənin bölgü ahəngi ilə mükəmməlləşdirilən incə cızılmış pəncərələr yüksək estetik funksiya daşıyır.[15] | 40°22′22″ c. e. 49°50′25″ q. u. | |
11 | Murtuza Muxtarovun yaşayış evi | Bakı, Qoqol küçəsi 16 | Qoqol küçəsi (Praçeçnaya) 16 və Nizami küçəsi (Qubernskaya) 81 küçələrinin kəsişməsində yerləşən Murtuza Muxtarovun gəlmələr üçün dörd mərtəbəli yaşayış binasının[16] üç mərtəbəsi 1896-cı ildə İ. Edelin layihəsi üzrə[16] inşa edilmiş, dördüncü mərtəbə isə 1910-cu ildə memar İosif Ploşko[16] tərəfindən (ətraflı məlumat üçün bax) əlavə edilmişdir. Tin hissənin günbəzlə qurtaran yarımdairəvi həlli şəhərin tarixi mərkəzinin bu hissəsini çox gözəl tamamlamaqla, aktiv şəhərsalma elementi qismində çıxış edir. Stil-nöqteyi nəzərindən fasadların memarlığında order sisteminin klassik üsullarından istifadə olunmuşdur. Çoxotaqlı rahat mənzilləri, zəngin interyerləri ilə fərqlənir. Vurğulanmış rizalitlər, ifadəli üfüqi bölmələr, pəncərələr üzərində bitki ornamentli motivlər, pilyastrlı pəncərə yerlərinin ritmi, metal məhəccərlərə malik uzun daş balkonlar fasadın mülayim plastikasını müəyyən edirlər.[17] Bu yaşayış binası şəhərsalma xarakteri yaratmaqla, Bakının bədii obrazını formalaşdıran zəruri komponentlərdən biridir.[17] | 40°22′23″ c. e. 49°50′25″ q. u. | |
12 | Şəmsi Əsədullayevin evi | Bakı, Qoqol küçəsi 9 | Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli saray[18] tipli yaşayış binası “Neft və kerosin kralı” ləqəbi ilə tanınan Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə 1896-cı ildə mema İ. Edelin layihəsi əsasında inşa edilmişdir. Bina üç küçəyə baxır və monumental fasadı və həcmi ilə tarixi mərkəzin şəhərsalma sistemində əhəmiyyətli yer tutur. Onun memarlıq həllinin səciyyəvi cəhətini sarayın vacib hissələrini müvəffəqiyyətlə bərkidən günbəzlə tamamlanmış yarımdairəvi künclər təşkil edir.[19] Ərazinin səmərəli istifadəsi, təmtəraqlı mənzillərin planlaşma üsulları, parad zallarının bəzədilməsi ilə interyerin zənginliyi bu sarayın bədii əhəmiyyətini yüksəltmişdir. Binanın memarlığı klassik formalarda verilmiş, həcmi plastika, mərtəbələrin dərin çıxıntılı hörgüsü fonunda pəncərə girişlərinin ritmi və iri daş kronşteynli çoxsaylı eyvanlarla zənginləşdirilmişdir.[19] | 40°22′25″ c. e. 49°50′23″ q. u. | |
13 | Tacir Kolesnikovun evi | Bakı, Tərlan Əliyarbəyov küçəsi 8 və A.K. Əlizadə küçəsi 7 | T. Əliyarbəyov (Milyutinski) 8, A.K. Əlizadə (Baryatinski) 7 və Nəzarət döngəsinin (Kontrolnaya pereulok) 2 kəsişməsində yerləşən taxir Kolesnikovun iki mərtəbəli yaşayış evi 1891-ci ildə memar İ. Edelin layihəsi əsasında inşa edilmişdir.[20] Binada 1920-ci ilə kimi “Bakı qarşılıqlı kredit cəmiyyəti” yerləşirdi. Bina üç küçəyə açılır və tarixi məhəllələrin planlaşdırma strukturunda mühüm bir mövqe tuturdu. Yaşayış evi öz bədii-memarlıq göstəricilərinə hörə Bakı şəraitində klassik formalardan istifadənin maraqlı bir nümunəsidir. Əsas fasad toskan orderinin monumental formaları ilə təsvir olunmuş mərkəz və yan rizalitlərlə müəyyən olunurdu. İtalyan pəncərələrinin ritmi memarlıq kompozisiyasının inkişafında əsas rola malik mərkəzi hissəyə daxildir.[21] Fasadların qurulmasında ustaların məharəti sayəsində heykəltəraşlıq formalarına çevrilən üzlük materialın – daş və əhəngdaşın əhəmiyyəti çox böyükdür.[21] | 40°22′09″ c. e. 49°50′20″ q. u. | |
14 | Tacir Manafovun evi | Bakı, Əlimərdan bəy Topçubaşov 78 və Şamil Əzizbəyov 116 | Əlimərdan bəy Topçubaşov (Tatarskaya) 78 və Şamil Əzizbəyov (Nijniy-Priyutskaya) 116 küçələrinin kəsişməsində yerləşən iki mərtəbəli yaşayış binası künc sahədə yerləşməklə, fasadların klassik üsulların tətbiq edilməsi ilə qurulmuş memarlıq kompozisiyası sayəsində şəhərin tarixi məhəllələrinin tikilməsində vacib elementə çevrilmişdir. Fasadların profillənmiş kəmərlər ilə dəqiq proporsional bölünməsi, mərtəbələrin yonulmamış daşla hörgüsü ilə birlikdə pəncərə oyuqlarının ahəngliyi əla yonulmuş daş detallarla ümumilikdə XX əsrin əvvəllərində Bakının memarlığına xas yaşayış evi obrazı obrazı yaradırlar.[22] | 40°22′39″ c. e. 49°50′09″ q. u. | |
15 | İki mərtəbəli yaşayış binası | Bakı, 28 may küçəsi 13 | 28 may küçəsi 13 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası 1891-1894-cü illərdə İ. Edelin layihəsi əsasında inşa edilmiş, 1950-ci ildə binaya daha iki mərtəbə də əlavə olunmuşdur.[23] Fasadın forması mərkəzi-oxvari struktur və kənarlardan kəskin rizalit ilə ifadə olunmuşdur. Fasadın geniş plastikası mərtəbələrin incə çıxıntılı hörgüsü və əhəngdaşından olan memarlıq elementləri ilə bərkidilmişdir. Mənzillərin tərtibatında ənənəvi şüşəbənd çox uğurlu şəkildə tətbiq edilmişdir.[23] | 40°22′32″ c. e. 49°50′45″ q. u. | |
16 | Üç mərtəbəli yaşayış binası | Bakı, 28 may küçəsi 5 | 28 may (Telefonnaya) 5, Bəşir Səfəroğlu (Kamenistoy) 186 və Rəşid Behbudov (Kaspiyskaya) 15 küçələrinin kəsişməsində 1895-1898-ci illərdə inşa edilmiş üç mərtəbəli gəlir evi şəhərin tarixi məhəllələrinin şəhərsalmasında xüsusi yer tutmaqla, iki mərkəzi magistral xəttinin kəsişməsində yerləşir və eyni zamanda üç küçəyə çıxışı mövcuddur. Memarlıq və planlaşdırma xüsusiyyətlərinə görə Bakıda fransız intibahı stilində[24] inşa edilmiş azsaylı binalardan biridir. Fasadın ordersiz sisteminin günbəzlə vurğulanmış qalın küncləri, ümumi görünüşü və korinf sütunları yaşayış evinin ümumi kompozisiyasının əsası olmuşdur.[24] | 40°22′33″ c. e. 49°50′44″ q. u. | |
17 | Üç mərtəbəli yaşayış binası | Bakı, Füzuli küçəsi 33 | Füzuli küçəsi (Balaxanskaya) 33 ünvanında yerləşən neft sənayeçisi Rzayevin üç mərtəbəli yaşayış binası Bakı memarlığı üçün tipik olan, səciyyəvi planlaşdırma, qapalı həyət, ikicərgəli tikilmə sistemi ilə 1894-cü ildə İ. Edel tərəfindən inşa edilmişdir. Yastı rizalitlər, şüşəbənd üslublu şüşələnmiş eyvanla klassik formalarda daşdan düzəldilmiş memarlıq detalları ilə gözəl həll edilmiş fasad, küçənin quruluşunda mühüm yer tuturdu.[25] Bina, Qış bulvarının inşası zamanı, 2010-cu illərdə sökülmüşdür.[26] | 40°22′36″ c. e. 49°50′08″ q. u. | |
18 | Qrifonlu ev | Bakı, Yusif Məmmədəliyev küçəsi, 20 | Yusif Məmmədəliyev küçəsi (Politseyskaya) 20 ünvanında yerləşən, memar İ.V.Edelin layihəsi əsasında 1894-1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina, memarın yaradıcılığında xüsusi yer tutur.[27] Malikanə (mülk) tipdə olan yaşayış evi 1894-1896-cı illərdə memar İ. Edel tərəfindən inşa edilmişdir. Bina ümumilikdə Yusif Məmmədəliyev (keçmiş Politeseyskaya) küçəsinin memarlıq quruluşuna uyğunlaşdırılsa da, öz klassik formaları, kompozisiyasının zərifliyi, memarlıq elementləri və detallarının incəliklə təsvir edilməsi ilə ətrafdakı binalardan fərqlənir.[27] | 40°22′16″ c. e. 49°50′21″ q. u. | |
19 | Bir mərtəbəli yaşayış binası | Bakı, Vidadi küçəsi, 133 | Vidadi (Tserkovnaya) 133 ünvanında yerləşən və 1894-1896-cı illərdə kamera üslubunda inşa edilmiş bu yaşayış evi ordersiz sistemin xüsusiyyətləri ilə yerli iqlim şəraitinə uyğunlaşdırılmışdır. Fasadın kompozisiyasında istifadə olunan şüşəbənd tikiliyə xüsusi gözəllik vermişdir. Şüşəbənddə Avropa elementlərinin olmasına baxmayaraq, bina ümumilikdə yerli üslubda tikilmişdir.[28] | 40°26′21″ c. e. 49°48′24″ q. u. | |
20 | Hacınskinin evi | Bakı, Əhməd Cavad küçəsi, 12 və Adil Babayev küçəsi 7 kəsişməsi | Əhməd Cavad (Vrangelskaya) 12 və Adil Babayev (Doktorskiy) 7 küçələrinin kəsişməsində yerləşən və 1895-1899-cu illərdə İ. Edelin layihəsi əsasında inşa edilmiş Hacıyevin evi, Bakı memarlığı üçün səciyyəvi olan proporsiyalı hissələrin saxlanılması şərti ilə klassik formalarda inşşa edilərək küçənin həcmli-məkan strukturunun ümumi sisteminə daxildir.[29] Kompozisiyanın üçoxlu sistemi rizalitlərlə ifadə olunmuş, mərkəzi hissə isə özünəməxsus kartuş ilə vurğulanmışdır. Burada fasad divarlarının mürəkkəb çıxıntılı hörgüsü, pəncərə haşiyələri və detalların işlənməsi ilə müəyyənləşən ifadəli plastikası vardır. Təbii daşla üzlənmə də, həmçinin binanın estetik əhəmiyyətinin bir elementidir.[29] | 40°22′16″ c. e. 49°50′21″ q. u. | |
21 | Üç mərtəbəli yaşayış binası | Bakı, Səməd Vurğun küçəsi 10 | Səməd Vurğun (Krasnovodskaya) 10 ünvannda 1899-cu ildə İ. Edelin layihəsi əsasında inşa edilmiş üç mərtəbəli gəlir evi, şəhərsalma və fəza həcmi baxımından Bakı şəhərinin tarixi məhəlləsində əhəmiyyətli mövqedə yerləşmişdir. Demək olar ki, kvadrat plana malik binanın hər üç tərəfində otaqlar iki sırada düzülmüşdür.[30] Pilləkən qəfəsləri çox rahat yerləşdirilmişdir: Səməd Vurğun küçəsinə dördmarşlı, Üzeyir Hacıbəyli küçəsinə isə iki sıralı pilləkənlər perpendikulyardır. Yaşayış binasının monumental, nisbətən ciddi memarlığı Edelin yaradıcılığına aid olan digər binalardan fərqlənərək diqqət çəkir.[30] Qabarıq profillənmiş horizontal bölümlər hakim mövqedən çıxış edirlər. Birinci mərtəbədə baş girişlər istisna edilməklə bütün iri dükan gözləri binanın hündürlüyü boyunca rizalitlərlə qeyd olunublar. Edelin fasad divarlarında tətbiq etdiyi rustovka binanın üslubi özəlliklərinin açıqlanmasında istiqamətverici amildir.[30] | 40°22′27″ c. e. 49°50′30″ q. u. | |
22 | Mitrofanovun evi | Bakı, Səid Rüstəmov küçəsi 3 | Səid Rüstəmov (Oslovskaya) 3 və Həsən Abdullayev (Vodovoznaya) 6 küçələrinin kəsişməsində yerləşən Dmitri Mitofanovun sarayı 1903-cü ildə İ. Edel tərəfindən inşa edilmişdir. Bina, künc mövqeyini uğurla vurğulayan monumental həcmi-fəza həlli ilə fərqlənir. Həcmin üfüqiliyi pəncərə dəliklərinin ritmi ilə vurğulanan binanın ümumi strukturunu tarazlaşdıraraq bir sıra tinləmələrə bölünmüşdür. Binanın memarlığında klassik formaların bütün elementləri ilə order sistemindən istifadə edilmişdir.[31] İri korinf orderi fasadların həllində ən vacib element kimi binanın bütün memarlıq kompozisiyasına daxil olur. Zəngin plastikası bə yüksək səviyyəli inşaat mədəniyyəti ilə bina, Bakı şəhərinin tarixi mərkəz tikililəri arasında çox böyük əhəmiyyət kəsb edir.[31] Bina Edelin yaradıcılığının ən yaxşı nümunələrindən biridir.[31] | 40°22′06″ c. e. 49°49′05″ q. u. | |
23 | İsa bəy Hacınskinin evi | Bakı, Neftçilər prospekti, 103 | İsa bəy Hacınskinin[32] Neftçilər prospekti (İmperator II Aleksandr) 103 və Qüllə küçəsinin kəsişməsində yerləşən beş mərtəbəli evi 1912-ci ildə inşa edilib və prospektin dominantlarından biridir.[33] Onun gözəl, fəal silueti və həcmli kompozisiyası tarixi məhəllələrin quruluşunda aparıcı yer tutur. Yaşayış binasının memarlıq həllində, əsasən, XX əsrin əvvəllərinə xas olan bütün səciyyəvi ziddiyyətləri ilə birgə bədii vəzifələr nöqteyi-nəzərindən Roman memarlığının[34] prinsiplərindən istifadə olunmuşdur. Əsas fasadın sərt frontonu ilə tamamlanmış künc erkerin üstünlük təşkil edən şaquliliyi memarlıq vəzifəsinin həlli üçün “açıq vərəq” kimi xidmət göstərmişdir. Fasadların üzərində, pəncərələrin altında, estetik və bədii keyfiyyətlərə malik, lociya, eyvan və erkerlərin formasında həcmli plastikadan, mozaikadan, rəngli vitrajlardan geniş istifadə olunmuşdur. Burada, həmçinin divarların və plafonların plastikliyinin əasını təşkil etmiş dekorativ yapma, ön pilləkənlərin və yaşayış otaqlarının interyerlərində çox maraqlı şəkildə öz həllini tapmışdır.[34] | 40°21′50″ c. e. 49°49′58″ q. u. |