Mitsuko Mori (森 光子, Mori Mitsuko?, 9 may 1920[1] və ya 9 may 1923[2], Kioto – 10 noyabr 2012[1][2], Tokio[d]) və ya əsl adı ilə Mitsu Murakami (村上美津, Murakami Mitsu?) – Yaponiya aktrisası və müğənnisi. O, "Yaponiya şou-biznesinin anası" hesab olunur[4] və 2009-cu ildə Yaponiyada "Xalqın fəxri" mükafatına layiq görülmüş ilk aktrisa olmuşdur.[5]
Mitsuko Mori | |
---|---|
yap. 森光子 | |
Doğum adı | 村上 美津[3] |
Doğum tarixi | 9 may 1920[1] və ya 9 may 1923[2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 2012[1][2] |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | aktrisa, müğənni, seyyu |
Fəaliyyət illəri | 1935-ci ildən |
Mükafatları | |
IMDb | ID0605281 |
Vikianbarda əlaqəli mediafayllar |
Mitsu Murakami 9 may 1920-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kino aktrisası kimi ilk çıxışı 14 yaşında bir tarixi dram filmində baş tutmuşdur. Vokalist bacarığı ilə tanınan Mitsuko 1941-ci ildə Tokioya köçmüş və caz müğənnisi kimi çıxış etməyə başlamışdır. 1940-cı illərdə Yaponiya, Çin və Cənub-Şərqi Asiyada konsertlər vermişdir.[5]
Mitsuko 1952-ci ildə radio vasitəsilə bütün ölkədə yayımlanan bir komediya səhnə tamaşasında çıxış etmiş və Yaponiyada tanınan aktrisalardan birinə çevrilmişdir.[5] "Bu dövrdür" kimi teleseriallarda rol almış, tabloid televerişlərin aparıcısı olmuş, bir çox televerilişdə qonaq qismində iştirak etmişdir.[6] 1961-ci ildə Fumiko Hayaşinin avtobioqrafik romanına əsaslanan "Horoki" (放浪記, "Bir səyahətçinin dəftərçəsi"?) adlı səhnə tamaşasında debüt etmişdir. O, 2009-cu ilə qədər bu tamaşada 2017 dəfə çıxış etmiş və bu tamaşada 2000 dəfədən çox çıxış etmiş ilk şəxs olmuşdur.[5] Bu səbəbdən 2009-cu ilin mayında Yaponiya hökuməti tərəfindən "Xalqın fəxri" mükafatına layiq görülmüşdür.[6] 2007-ci ildə bu tamaşada çıxış etməyi buraxacağını açıqlamış və sonuncu "Horoki" performansını 2009-cu ildə sərgiləmişdir.[5]
Mitsuko 10 noyabr 2012-ci ildə Tokioda yerləşən bir xəstəxanada ürək çatışmazlığı səbəbilə ölmüşdür.[4]
Google 1 iyul 2021-ci ildə buraxdığı dudlı Mitsuko Moriyə həsr etmişdir.[5]