Moçika mədəniyyəti

Moçe və yaxud Moçika mədəniyyətiCənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət.

Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi.

Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər. Onlar torpağı taxta və tuncdan düzəldilmiş alətlərlə belləyir, səpinə hazırlayırdılar. Bu ərazidə, həmçinin lama, dəniz donuzu, ət də yüksək qiymətləndirilirdi. Bir çox məhsulu isə, dəniz verirdi – balıq, xərçəng, molyuska və s. Dəniz ovu moçikalıların şərəfli peşələrindən biri hesab edilirdi. Təsərrüfatçılıqda peşə, sənətkarlıq mühüm rol oynayırdı: toxuculuq, lələklərdən geyimlər (baş örtükləri və bəzəklər), zərgərlik işi əsas sənətkarlıq sahələrindən idi. İnklərə qədər Peru Moçika metallurqları ilə məşhur idi. Bu metallurqlar qızıl, tunc, gümüşlə işləyir, dəmir üzərində döymə, yarımqiymətli daş və sədəflərin inkrustasiyası ilə məşhur idilər. Bu texnika ilə sənətkarlar qızıl, taxta, balıqqulağı, sümük üzərində incə plastik cizgilər həkk edə bilirdilər. Moçika mədəniyyətində də keramika sənəti böyük nailiyyət hesab edilirdi. Keramika üzərində inam və əsatirlə bağlı süjetlər başlıca yer tuturdu. Moçika keramikası məişət üçün deyil, daha çox dini, estetik və ictimaisiyasi məqsədlər üçün hazırlanırdı. Yüksəkixtisaslı mütəxəssislər bu sahədə dövlət sifarişini yerinə yetirərək dərin məna kəsb edən mürəkkəb piktoqramlı bədii sənət əsərləri yaradırdılar. Moçika sənətkarlarının işi o qədər kamil səviyyə kəsb edirdi ki, sanki rəsmlər canlıdır. Bu, təsvirlərin dinamikliyi ilə bağlıdır.

Keramika məhsullarındakı süjetlər moçikalıların ictimai quruluşu haqqında təsəvvür yaradırdı. İctimai pillənin zirvəsinn ali hökmdar, iki-dörd müavin-köməkçi təşkil edirdi. İdarəçilik onların arasında bölünmüşdü: dövlət, ordu, məhkəmə hakimiyyəti, kahinlər bu idarəçiliyin əsas istiqamətləri idi.

Qanun bu ölkədə qəddar səciyyə kəsb edirdi. Kiçik bir qanun pozuntusu bədənin hansı bir hissəsinin (əl-qol, ayaq, burun və ya dodaq) kəsilməsi ilə nəticələnirdi. cəzanın ağır növü daşlarla öldürmə idi. Bütün bu proses kütləvi formada həyata keçirilirdi. Əhalinin çox hissəsini azad cəmiyyət üzvləri olan təsərrüfatçı və sənətkarlar təşkil edirdi. Aşağı hissədə nökərlər, torpağa mənsub olmayan azad adamlar, ən aşağıda isə, qullar dururdu. Əhalinin müxtəlif təbəqəsindən olanların sosial mənsubiyyətini geyimə görə təyin etmək mümkün idi: zəngin insanlar bərli-bəzəkli, sırafilər sadə geyimli, qullar isə, ayaqları yalın idilər.

Bütün hindular kimi, moçikalılar da dinə inanırdılar. Onlar yaquarı ilahi varlıq saysalar da, ona itaət ayinçiliyi gecə sehrli göy cisimlərinə etiqadla əvəz olunurdu. Baş allah Ai Apeka (yaradan) adlanan Allah – insandır. Kainatı o yaratmış, Qaranlıq və Xaosla mübarizə aparan da odur! Yaradanın sadiq dostları şahin, dəniz maralı və itdir. Aİ Apeka allahının şərəfinə ucaldılan tikililərdən biri "Günəş Ehramı"dır. Pilləli monumental tikinti olan bu ehran Moçi çayı düzənliyindəki yerdə salınmışdı. Ehramın ümumi sahəsi 342×159 m, hündürlüyü 48 m çatırdı. Bu ehramı digəri – "Ay Ehramı" tamamlayırdı. Ehramın daxili divarları çoxsaylı təsvirlərlə əhatələnmişdi. Belə təsvirlərdən birini əşyaların insanlarla müharibəsi təşkil edirdi. Allaha qurban edilmişəsirlərin portretləri də belələrindən idi.

Moçikalıların yazı mədəniyyətinin olub-olmaması haqqında qəti fikir söyləmək mümkün deyil. Bəzi tədqiqatçıların fikrinə görə, kemarik qablardakı təsvirlər qədim moçikalıların yazısını əvəz edirdi. Yüksək zirvəyə qalxan Moçika mədəniyyəti b.e.-nın IX əsrinin əvvəlində tarixin səhifəsindən silinir.

Moçe mədəniyyətinə aid olunan parça və keramik məhsulları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]