Çavin mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət.
Mərkəzi Andda ilk sivilizasiya Çavin ("Nizəli yaquarın oğulları") idi. Sivilizasiyanın mərkəzi olan Çavin şəhəri əriməyən buz parçaları və qarlı zirvələrlə əhatələnmiş bir yerdə yerləşirdi. Buraya yol 4100 m hündürlükdən keçirdi. Şəhərə giriş dağdan dəlilmiş tunelin içərisindən gedirdi. Çavin həm də dini mərkəz sayılırdı. Burada yalnız yüksək dərəcəli ruhanilər yaşayırdılar. Onların etiqad etdikləri əsas əşya pişik sülaləsindən olan heyvanlar idi. Çavin şəhərində ən möhtəşəm abidələr memarlıq və heykəltəraşlıq nümunələri idi. Çavinin məşhur memarlıq ansamblları eyvan, dini-ayinçilik meydançaları və daş tikililərdən ibarət idi.
Çavin heykəltəraşlığının yüksək plastikasından xəbər verən əsas abidələrdən biri Kasma düzənliyindən (Serro-Seçin) tapılmış 90 sayda kobud şəkildə yonulmuş daşlardır. Bu daşlarda dişlərini yaquar kimi qıcımış hərbçinin obrazı yaradılmışdı. Ətrafda isə ordunun qarşısında hərbi rəhbər və onun gözəl geyimdə xüsusi sarğıdan sallanmış cəsəd başları da təsvir olunurdu. Çox güman ki, bu heykəl fiqurları ehram fasadlarının çərçivələri idi. Burada məskunlaşan əhalinin əsas məşğuliyyəti təsərrüfatçılıq idi. Nəhəng suvarma sistemi yüksək məhsuldarlığa kömək edirdi. Bunlardan biri müasir Kaxamarka şəhəri yaxınlığında tapılmış iki hektar yarımlıq sahəni əhatə edən sistemdir. Onun əsas hissəsi qayadan kəsilmiş akvedukdur. Buraya daxil olan su divarları xüsusi petroqliflərlə bəzədilmiş tunellərdən keçib-gəlirdi.
Çavinlər it və lamanı əhliləşdirir, onlara hansısa işi görməyi öyrədirdilər. Lamalar yük daşıyır, bundan əlavə, ət və yun verir, peyinindən yanacaq kimi istifadə olunurdu. Əmək alətləri daş və sümükdən hazırlanırdı. Metallardan yalnız qızıl istifadə olunurdu. Ondan müxtəlif ziynət əşyaları – sırğa, tac, muncuq və s. hazırlayırdılar. Qədim sənətkarlar yarıqiymətli daşları, balıqqulaqları və ağacı yüksək səviyyədə cilalayırdılar.
Çavin mədəniyyəti cəhdlə və təşkilolunmuş şəkildə təşəkkül tapmağa başlamışdı. Bu mədəniyyətin əsas əlamətlərindən biri yaquara inam idi. Baxmayaraq ki bu heyvan And ərazisində olmamışdı, ona inamın köklərini bir çox tədqiqatçılar Olmek mədəniyyətində axtarmağa cəhd göstərirdilər. Çavin mədəniyyəti şəhərdən kənarda da vüsət tapmışdı. Onun izlərini Peru ərazisində də görmək mümkündür. Bu onların bədii üslubunda, spesifik ornamentlərində (keramikanın bəzədilməsi, rəngarəng parçalar, daş və sümükdən hazırlanmış məhsullar) öz əksini tapırdı. Çavin mədəniyyəti b.e.ə. təxminən 300-cü ildə itib-gedir.
Çavin mədəniyyətilə yanaşı eyni vaxtda Aralıq vilayətində də ecazkar bir mədəniyyət inkişaf edərək möhkəmlənir. Bu mədəniyyət üçün yüksək kurqanlar, qəbir, yeraltı sərdabələr, qayalardan keçən su kanalları və s. səciyyəvidir. Bu mədəniyyətin ən məşhur və qeyri-adi abidələrindən ikibaşlı heykəllərin adını xüsusi qeyd etmək lazımdır. Bu mədəniyyət b.e.ə.1000-ci ildən bizim erayadək mövcud olmuş San-Aqustin mədəniyyətidir. Memarlıq və heykəltəraşlıqda əllərində uşaq olan insan fiqurları üstünlük təşkil edirdi. San-Aqustin mədəniyyəti üçün tipik sayılan əsas elementlərdən biri bulaqlarda qurbağa və digər heyvanların iri təsvirlərinin verilməsi idi. Daşdakı naxışlarla suyun axma istiqaməti harmonik obraz yaratmaqla hinduların yüksək bədii zövqündən xəbər verirdi.
Bu mədəniyyətlərlə yanaşı, nisbətən gənc mədəniyyətlər də inkişaf edirdi. Onların təşəkkül tarixi dəqiq məlum olmasa da, Çavin mədəniyyətinin süqutundan sonra bunlar özünəməxsus inkişaf prosesi keçirmişlər. Perunun cənub sahilində təşəkkül tapmış Parakas mədəniyyəti belələrindəndir. Parakas yarımadasındakı tapıntılar həmin mədəniyyəti bu cür adlandırmağa başlıca səbəb olmuşdur. Bura hinduların ölülər şəhəri idi. Ərazinin yeraltı tikililərində tapılmış mumiya özündə cismi olduğu kimi saxlamaqla, minilliklər keçməsinə baxmayaraq rəng və elastikliyini itirməmişdi. Hər bir Parakas mumiyası bir və ya bir neçə kəfənə sarınırdı. Kəfənin sayı ölmüş şəxsin vəziyyətindən xəbər verirdi. Çox kəfənə bükülməşəxsin məşhur, tanınmış adam olduğunu sübut edirdi. Kəfənlər yun və ya pambıqdan toxunaraq müxtəlif rənglərdən (190-a yaxın çalar) ibarət naxışlarla bəzədilirdi. Boyalar təbii mənşəli idi. Naxışlardan ən sevimliləri balıq, həndəsi ornament, sfinks formalı allahlar, insan sifətli quş, heyvan və s. təsvirlər idi. Bəzi tədqiqatçılar bu fiqur və təsvirlərin qədim peru yazısı olduğu fərziyyəsini irəli sürürlər. Bütün bunlarla yanaşı, tədqiqatçıların hamısı Parakas kəfənlərinin qədim dünya mədəniyyətinin ən gözəl toxuculuq məmulatı olduğu ideyasınında yekdildirlər.
Dəbdəbəli geyindirilmiş ölülər oturaq vəziyyətdə dizləri çənəyədək yönəlmiş, qolları sinəyə çarpazlanmış halda mumiyalaşdırılırdı. Ölülərin əksəriyyətində kəllə deformasiyaya uğramış, bəzilərində hətta cərrahiyyə izləri hiss olunmaqdadır. Tədqiqatçılar ölünün bu vəziyyətə salınmasını sehrli, magik amillərlə izah edirlər. Ola bilər ki, cərrahiyyə qurbanvermənin bir növü idi. Kahinlər kəllənin kəsilmiş hissəsindən beyini sıxır və iflici yaradan sümük qırıntılarını çıxara bilirdilər. Kəllə sümüklərindəki deşikləri, məsamələri, hindular qızıl lövhələrlə örtürdülər. Bu çətin cərrahiyyə prosesində daş və sümükdən hazırlanmış alətlərdən istifadə olunurdu. Tapılmış bu alətlər dövrü üçün çox irəliyə getmiş addım kimi dəyərləndirilir. Parakas mədəniyyətinin izləri artıq b.e.ə. 200-cü ilə yaxın vaxtda itməyə başlayır.