Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür.
Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır.
Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur. Evdən qovulduqdan sonra ailənin Mərdəkanda yerləşən bağ evinə köçür və burada yaşamağa başlayır. Mərdəkandakı bağ evində yaşadığı müddətdə də yeni dinin təlimlərini yaymağa davam etmişdir. Molla Sadığın varlığı bir çox şəxsləri narahat etdiyindən onun öldürülməsi üçün muzdlu şəxs tutulur. Həmin şəxs tərəfindən Bakılı Molla Sadıq Mərdəkanda yaşadığı həyət evinin həyətində 1901-ci ildə qətlə yetirilir.
Hadisə barədə Manaf Süleymanov özünün Eşitdiklərim, oxuduqlarım, gördüklərim. əsərində yazır:
Mərdəkan məscidinin axundu İbrahimxəlil biləndə ki, yeganə oğlu Molla Sadiq Bəhai dinini qəbul edib və onun ən fəal təbliğatçısı olub, qəzəblənərək onun ölümünə fətva verir. 1901-ci ildə Bakı qoçuları Molla Sadiqi neft quyusuna ataraq qətlə yetirirlər. Hazırda Molla Sadiqin qəbri Mərdəkan qəbirstanlığındadır |
Hadisədən sonra Qafqazın məşhur şairlərindən biri Əbdülxalıq Yusif (Əliağa Vahidin müəllimi) Molla Sadığın xatirəsinə şeir həsr etmişdir. Bəhai dininin banisi Bəhaullahın oğlu Əbdül-Bəha Abbas Bakılı Molla Sadığın ölümündən sonra löhvlərindən birini ona həsr etmişdir.