Monaş Universiteti (ing. Monash University) — Avstraliyanın Melburn şəhərində yerləşən ali təhsil ocağı.
Monaş Universiteti | |
---|---|
37°54′30″ c. e. 145°08′17″ ş. u.HGYO | |
Əsası qoyulub | 1958 |
Tip | Dövlət |
Rektor | Alan Finkel |
Tələbə sayı | 39000 |
Şəhər | Melburn |
Ölkə | |
Ünvan | Avstraliya, Viktoriya ştatı, Melburn şəhəri |
Sayt | monash.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliyanın Baş nazir Robert Menzis 1957-ci ildə məruzə edərək, Viktoriya ştatında ikinci universitetin yaradılmasını təklif edir. 1958-ci ildə Viktoriya ştatı parlamenti universitet yaradılması haqqında qərar qəbul edir və yeni yaradılmış ali məktəbə tanınmış Avstraliya generalı Con Monaşın şərəfinə Monaş Universiteti adı verilir. Bu, Avstraliyada birinci universitet idi ki, şəhərin və ya ştatın adı ilə deyil, insanın şərəfinə adlandırılırdı.
Monaş Universitetinin ilk kansleri Robert Blekvud, vitse-kansleri isə Lui Metison təyin edilir. Kleyton ərazisində universitetə 100 hektar ərazi ayrılır. 1961-ci ildə Monaş Universitetinə 347 tələbə qəbul olduğu halda, 1967-ci ildə bu rəqəm 21000-dən çox təşkil edir. 1960-cı ilin ortaları — 1970-ci ilin əvvəllərində Monaş Universiteti Avstraliyada tələbə radikalizminin mərkəzinə çevrilir. Burada çoxlu tələbə nümayişləri baş verir. Tələbələr Vyetnamda gedən müharibədə Avstraliyanın iştirakı və hərbi mükəlləfiyyət əleyhinə çıxış edirlər.
1970–1980-ci illərdə Monaş Universiteti həyata keçirdiyi süni mayalanma proqramı ilə dünyaya səs salır. Professorlar Karl Vud və Alan Traunsonun rəhbərliyi ilə 1973-cü ildə universitetdə bu yol ilə ilk hamiləlik əldə olunur, 1980-ci ildə isə Avstraliyada ilk uşaq dünyaya gəlir. Bu proqram nəticəsində universitet külli miqdarda gəlir əldə edir.
1988-ci ilədək universitetin yalnız bir — Kleyton kampusu var idi. On ildən çox keçmir ki, ali məktəbin 8 kampusu (2 kampus və 2 tədris mərkəzi xaricdə), beynəlxalq tədqiqat mərkəzləri tikilir, buraya başqa ölkələrdən çoxlu tələbə axını müşahidə edilir və bu ali məktəb Avstraliyanın ən beynəlmiləl universitetinə çevrilir. 1998-ci ildə Monaş Universiteti Malayziyada, 2001-ci ildə isə Cənubi Afrikada Yohannesburqda filiallarını açır. Monaş Universiteti bu ölkələrdə filialını yaradan ilk xarici universitet olur. Həmçinin 2001-ci ildə universitet İtaliyanın Prato şəhərində XVIII əsrə aid Toskan sarayında tədris mərkəzi yaradır.
Son illər Monaş Universiteti tibbi tədqiqatlar üzrə böyük nailiyyətlər əldə edib. 2000-ci ildə professor Alan Traunsonun rəhbərlik etdiyi bir qrup alim ilk dəfə olaraq dünyaya bəyan edir ki, sinir gövdə hüceyrələrini embrional gövdə hüceyrələrindən əldə etmək olar, bu da gövdə hüceyrələrinin potensialına olan marağı kəskin surətdə artırır. Monaş Universiteti biotibb üzrə dünyada 20 ən yaxşı universitetdən birinə çevrilir.
2008-ci il mayın 30-da Monaş Universitetinin yaranmasının 50 illik yubileyi qeyd edilmişdir.
Monaş Universitetinin əsas Kleyton kampusu 1,1 km² ərazidə yerləşir və şəhərciklərin ən böyüyüdür. Kampusun şəxsi qəsəbələri, indeksi (3800) var. Şəhərcik zəngin Avstraliya flora və faunasına malikdir, burada 2000-dən çox müxtəlif bitki növlərinə rast gəlmək olar. 2001-ci ildə bu kampusda Avstraliyada ilk sinxrotron zavodu tikilib. Kampusda incəsənət, biznes və iqtisadiyyat, təhsil, mühəndislik, informasiya texnologiyaları, hüquq, tibb, tibb bacısı, tibb elmləri fakültələri yerləşir. Həmçinin şəhərcikdə tələbə yataqxanaları (12 mərtəbəli Hovit, iki binadan ibarət olan Farrer, 190 yerlik Riçardson, Dikin, Roberts, 130 yerlik Cənub-Şərq mənzili və 240 yerlik Manniks) var və burada minlərlə tələbə qalır. Ümumilikdə, universitetin əsas obyektləri bu şəhərcikdə cəmlənib.
Kolfrid universitetin ikinci ən böyük kampusudur və Melburn şəhərinin Kolfrid qəsəbəsində yerləşir. 1922-ci ildən Kolfrid Texniki Məktəbi kimi fəaliyyət göstərən kampus 1982-ci ildə Çisxolm Texnologiya İnstitutu adlandırılıb, 1990-cı ildə isə Monaş Universitetinə birləşdirilib. Bu şəhərcikdə hazırda universitetin incəsənət, incəsənət və dizayn, biznes və iqtisadiyyat, informasiya texnologiyaları, tibb, tibb bacısı və tibb elmləri fakültələri yerləşir. Tələbə təşkilatı da bu kampusdadır.
Bervik kampusu universitetin ən yeni kampuslarından biridir və Keysi şəhəri bölgəsində 55 hektarlıq ərazidə salınıb. Bu kampusun tikintisinə 1994-cü ildən başlanılıb. Cisplend kampusu Melburn şəhərindən şərqdə Latrob Vallidə 63 hektar ərazidə yerləşir. Bu şəhərcikdə əsasən bakalavrlar təhsil alırlar. Yalnız burada yerləşən tibb məktəbi digər dərəcələr verir. Parkvill kampusu Melburn şəhərindən 2 km şimalda Parkvill ərazisindədir. Burada əczaçılıq və farmaseptik elmlər, tibb, kommersiya və biznes fakültələri yerləşir. Yarımada (Peninsula) kampusu Melburn şəhərinin kənarında Frankston sahil qəsəbəsində salınıb və burada fiziologiya və psixologiya, tibb və s. fakültələr mövcuddur.
Universitetin Sanvey kampusu 1998-ci ildə Malayziyanın 13 ştatından biri olan Selanqorun Bandar Sanvey şəhərində yaradılıb. Burada universitetin bütün fakültələri üzrə bakalavr, magistr və doktorluq dərəcələri verilir, ən yeni texnologiyalarla təchiz edilmiş akademik binalar, yataqxanalar mövcuddur. Sanvey Monaş Universitetinin üçüncü ən böyük kampusudur. 2007-ci ilin sentyabrında burada yeni şəhərcik istifadəyə verilib. Monaş Universitetinin Cənubi Afrikada Yohannesburq şəhərində yerləşən kampusu 2001-ci ildən fəaliyyət göstərir. Kampusda biznes və iqtisadiyyat, incəsənət və informasiya texnologiyaları fakültələri mövcuddur. Hazırda kampus sürətlə inkişaf etməkdədir. 2001-ci ildə İtaliyanın Prato şəhərində XVIII əsrə aid Toskan sarayında yaradılan tədris mərkəzində hüquq, incəsənət və dizayn, tarix, musiqi, biznes və iqtisadiyyat və digər sahələr öyrənilir. Bu, Avstraliyanın Avropada ən böyük tədris mərkəzidir. Eləcə də 2008-ci ildə Hindistanın Mumbay şəhərində IITB-Monaş Tədqiqat Akademiyası açılıb. Akademiya ekoloji təmiz enerji, biotexnologiya və nanotexnologiya, elm və texnika üzrə tədqiqatlar aparmaq məqsədilə Monaş Universiteti və Hindistan Mumbay Texnologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində yaradılıb. Akademiyanı bitirən tələbə hər iki qurum tərəfindən PhD (doktorluq) dərəcəsi ilə təltif edilir.
Monaş Universitetinin aşağıdakı fakültələri mövcuddur:
Universitetin kitabxanası Avstraliyanın aparıcı kitabxanalarından biridir. Hazırda dünyanın üç qitəsində kitabxananın filialları fəaliyyət göstərir.
Kitabxana kolleksiyasına 2,1 milyon kitab, 100000 çaplı və elektron jurnal, 341825 elektron kitab, 1118 şəbəkə elektron verilənlər bazası daxildir. Burada milli və beynəlxalq əhəmiyyətli sənədlərin saxlandığı Xüsusi fond yerləşir.
Kleyton kampusundakı Lui Metson kitabxanasında qədimliyi və gözəl tərtibatı ilə oxucuları valeh edən 100000-dən çox nadir kitab, şəkillər, əlyazma və kitabçalar saxlanılır. Nadir kitablar kolleksiyasının yaradılmasına 1961-ci ildə Conatan Sviftin əsərlərinin toplanmasından sonra başlanılıb. Bu kitabxanada il ərzində müxtəlif sərgilər təşkil olunur.
Monaş Universitetinin prezidenti və vitse-kansleri nevrologiya üzrə professor Ed Brindir. Prezidentin müavini xanım professor Stefani Fai, pro-kansler isə professor Saymon Adamsdır. Universitetdə 15262 nəfər işçi çalışır. Onların 8321 nəfəri akademik, 6941 nəfəri isə inzibati işçidir. Qadın işçilərin sayı burada 8748, kişi işçilərin sayı isə 6514 nəfərdir.
2009–2010-cu tədris ilində universitetdə ümumilikdə 59925 tələbə təhsil alıb. Tələbələrin 38811 nəfərini yerli, 21114 nəfərini isə əcnəbi gənclər təşkil ediblər. Qız tələbələrin sayı universitetdə 33917, oğlan tələbələrin sayı isə 26008 nəfər olub. Monaş Universitetində Bervik, Kleyton, Kolfild, Cisplend, Parkvill, Yarımada, Cənubi Afrika, Malayziya kampuslarının tələbə təşkilatları və assosiasiyaları fəaliyyət göstərir.
2009–2010-cu tədris ilində Monaş Universitetinin gəlirləri ümumilikdə 1439323000 Avstraliya dollarına bərabər olub. Bu məbləğin 604639000 Avstraliya dollarını Avstraliya hökumətinin universitetə etdiyi yardım, 128378000 Avstraliya dollarını Avstraliya hökumətinin universitetə ayırdığı qrantlar, 335900000 Avstraliya dollarını təhsil haqqı və digər ödənişlər, 33667000 Avstraliya dollarını ştat və yerli hakimiyyət orqanlarının yardımları, 35506000 Avstraliya dollarını investisiya qoyuluşu, qalanlarını isə digər gəlirlər təşkil edib.
Həmin tədris ilində bu ali təhsil ocağının xərcləri 1284495000 Avstraliya dolları olub. Xərclərin 709825000 Avstraliya dollarını işçilərin əməkhaqqı, 30980000 Avstraliya dollarını təmir və texniki xidmət, 19380000 Avstraliya dollarını təqaüd və təltiflər, 331000 dolları sığorta və müxtəlif xidmətlər, qalanlarını isə digər məsrəflər təşkil edib.
Monaş Universitetində tələbələrə təqaüdün verilməsi üç şərt əsasında həyata keçirilir. Birinci şərtə uyğun gələn tələbələr yaxşı oxuyan, istedadlı, bacarıqlı, ikinci şərtə uyğun gələn — çətin maliyyə durumu, ağır ailə vəziyyəti olan, yerli Avstraliya xalqlarını təmsil edən, qeyri-ingilisdilli, ölkənin uzaq rayonlarından gələn, sağlamlığı məhdud və əlil, kifayət qədər təmsil olunmamış məktəblərdən olan, üçüncü şərtə uyğun gələnlər isə yaxşı göstəricilərə malik və maliyyə durumu çətin olan tələbələrdir.
Monaş Universitetində tələbələrə onların oxuduğu fakültə və məktəbdən asılı olaraq müxtəlif məbləğli təqaüdlər təklif olunur. Məsələn: mühəndislik fakültəsində ildə 7000, incəsənət fakültəsində 6000, tibb, tibb bacısı və sağlamlıq haqqında elmlər fakültəsində 5500, dəqiq elmlər fakültəsində 5000 Avstraliya dolları və s.
Monaş Universitetində, dünyanın digər universitetlərində olduğu kimi, tələbələrin təhsil haqqı onların oxuduğu fakültə və məktəbdən asılı olaraq fərqlənir. 2010–2011-ci tədris ili üçün bu ali məktəbin bakalavr pilləsində yerli tələbələrin təhsil haqqı 5442, 7050, 8050, 9080 Avstraliya dolları, əcnəbi tələbələrin isə təhsil haqqı 22800, 31130, 52300 Avstraliya dolları arasında dəyişir. Magistratura pilləsində yerlilərin təhsil haqqı 5442, 18100, 21400 Avstraliya dolları, əcnəbilərin təhsil haqqı isə 21000, 25900, 30700, 32500 Avstraliya dolları, doktorantura pilləsində isə əcnəbi tədqiqatçıların təhsil haqqı 21000, 23300, 24990, 31140, 34500 Avstraliya dolları təşkil edir.
2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
152–200 | 202–301 | 203–300 | 201–300 | 203–304 | 201–302 | 201–302 | 151–200 | 151–200 | 101–150 | 101–150 | 101–150 | 101–150 |
Monaş Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, Cənub-Şərq Ölkələri Ali Məktəbləri Assosiasiyasının (ASAIHL) üzvüdür.
Kainatın dörd qitəsində fəaliyyət göstərən Monaş Universiteti digər universitetlərin malik olmadığı perspektiv və resurslara söykənir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də özünə cəlb edərək işlə təmin edir. Ali məktəb uğur əldə etməyin əsas səbəblərindən birini də beynəlxalq təcrübəyə əsaslanmaqda görür. Yer kürəsinin bir sıra nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq çərçivəsində Monaş Universiteti həmin təhsil ocaqları ilə tələbə və işçi mübadiləsi edir. Universitetin bütün dünyada 235000-dən çox məzunu müxtəlif orqanlarda, rəhbər vəzifələrdə çalışır. Monaş Universitetinin məqsədi peşəkar bacarıq və ictimai dəyərlərə malik gələcək liderlər nəsli yetişdirməkdir.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: