Morinaga arsenli süd zəhərlənməsi insidenti

İnsident nəticəsində zəhərlənmiş körpələrin anaları.

Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件?) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur.

İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir.[1] Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir.

Zəhərlənmə[redaktə | mənbəni redaktə et]

1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır.[1] Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir.[1]

Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi.[1] Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır.[1] Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi.[1] Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.[1]

1969-cu ildə Osaka Universitetindən Maruyama Hiroşi zəhərlənmənin nəticələri barədə ilk araşdırmanı aparmış və zəhərlənmənin davam edən təsirlərinin olduğunu göstərmişdir.[1] Bu təsirlərə serebral iflic və beyin zədələnməsi də daxil idi.[1]

Leqal tarixi[redaktə | mənbəni redaktə et]

Morinaga zəhərlənmə işinin ilkin mərhələsi 1955-ci ilin dekabrına qədər həll edilmişdir.[1] Sağlamlıq və Rifah Nazirliyi tərəfindən təyin olunmuş 5 həkimdən ibarət komitə zəhərlənmənin davam edən təsirlərinin olmadığı qərarına gəlmişdir.[1] Komitənin qərarına əsasən ölümlər üçün 250 min yen, digər bütün zərərçəkmişlər üçün isə 10 min yen təzminat ödənilmişdir.[1]

1955-ci ildə Tokuşima Rayon Məhkəməsi şirkətin istehsal menecerinə və fabrik sərəncamçısına qarşı iş açmışdır.[1] Səkkiz il davam edən məhkəmə işindən sonra onlar bəraət qazansalar da, Takamatsu Ali Məhkəməsi yenidən məhkəmə işi qaldırmışdır.[1] 28 noyabr 1973-cü ildə Tokuşima Rayon Məhkəməsi istehsal menecerinə 3 illik həbs cəzası vermiş, fabrik sərəncamçısına isə bəraət qazandırmışdır.[1]

1973-cü ilin dekabrında Sağlamlıq və Rifah Nazirliyi, "Morinaga Milk" və valideynlər arasında imzalanmış razılığa əsasən insident qurbanlarına həyatları boyunca dəstək göstərilməli idi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 251. ISBN 0-87011-625-8. İstifadə tarixi: 27 oktyabr 2022.