Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur.
Adın kökəni Mosul bölgəsindən gəlməkdədir.[1]
Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi.[2] Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər.[3] 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir.
Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır. Qızılbaş inzibati sistemində mühüm yer tutan Mosullu tayfasından olan qızlarla Şah İsmayıl iki dəfə evlənmiş və onun varisi I Təhmasibin anası da bu tayfadan olmuşdur.[4] Bundan başqa, I Təhmasibin də arvadı bu tayfadan olmuş və ondanolan iki oğlu şahlıq etmişdir. Bunlar II İsmayıl ilə Məhəmməd Xudabəndədir. Beləliklə, səfəvilərin ən güclü hökmdarlarından olan I Abbasın da ata nənəsi bu tayfadan olmuşdur.[5][6] Mosullu-Türkman tayfası I Təhmasibin ölümündən sonra Səfəvi sarayında yaranmış qarışıqlıq və iki şahzadə - Heydər Mirzə və İsmayıl Mirzə - arasında gedən taxt mübarizəsində anası da bu tayfadan olan İsmayıl Mirzəni dəstəkləmişdirlər.[7] Bundan başqa, Mosullu-Türkman tayfası Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə üsyan qaldırmış, öz baçıları Əmir xan Mosullu-Türkmanın qatili olan Şamlı, Ustaclı əmirlərinin cəzalandırılmalarını istəmişdirlər. Bu zaman imperiyanı faktiki idarə edən Xudabəndənin oğlu Həmzə Mirzə onların tələblərini qətiyyətlə rədd etmişdir. Beləki, təkəlilər tərəfindən dəstəklənən mosullular ilk öncə qətldə əli Ustaclı və Rumlu əmirlərinin, xüsusilə Əliqulu xanın öldürülməsini istəyirdilər. Bu tələbləri Həmzə Mirzə tərəfindən rədd edildikdən sonra isə, baiskar şəxslərin sadəcə ucqar yerlərə sürgün edilməsini istədilər. Onların bu tələbləri də qətiyyətli vəliəhd şahzadə tərəfindən rədd edildi. Belə olduğu halda, mosullular və təkəlilər ona qarşı döyüşmək istəmədiklərini, güclərini Təbrizdəki Osmanlı qarnizonuna qarşı istifadə etmələrini təklif etdilər. Lakin bu dəfə də, Həmzə Mirzənin yanındakı Qacar, Əfşar və s tayfa nümayəndələri şahzadənin belə inadkar davranışından narazı olduqlarını, onun bəzi əmirləri qorumaq üçün Qızılbaş tayfaları arasında nifaqa səbəb olduğunu bildirib çaxnaşma saldılar. Lakin Həmzə Mirzə özü şəxsən qılıncla onların üzərinə hücum edib rəhbərlərini öldürdü. Buna cavab olaraq, mosullu-türkmanlar və təkəlilət onun qardaşı 10 yaşlı Təhmasib Mirzəni saraydan qaçıraraq paytaxt Qəzvinə aparıb şah elan etdillər. Ordu ilə onların üzərinə gedən Həmzə Mirzə sayca az olmasına baxmayaraq, onları məğlub etdi. Üsyanın rəhbərləri Məhəmməd xan Türkman və Müseyib xan Təkəli əsir alındılar. Vəli xan isə vuruşma zamanı həlak oldu.[8]
Ənvər Çingizoğlu Səfəvi imperiyasının yaraması ilə mosulluların pörnəklərlə birləşərək Türkman adlanmağa başladıqlarını və bu adla Qızılbaş tayfaları siyahısına daxil olduqlarını yazır. Lakin buraya daxil olmayanlar da olmuşdur. O, I İsmayılın dövründən başlayaraq Bağdadın bu molsullular və ya türkman sərkərdələr tərəfindən idarə edildiyini bildirir və əlavə edir ki I İsmayıl bu şeirində məhz onları nəzərdə tutmuşdur:[9][10]
Yetdikcə tükənir ərəbün kuyi, məskəni,
Bağdad içində hər necə kim, türkman qopar.
Mosullu oymağının Bəktaşlı, Gülabili adlı tirələri də olmuşdur. Çingizoğlu Mosullu oymağının böyük bir qolunun Muğanda və Qarabağda məskunlaşdığını və sonralar Təklə adlandığını bildirir.[9][10]
Həmçinin bu tayfadan olan Əmir xan Mosullu-Türkman öz dönəminin ən güclü sərkərdələrindən biri olmuş və 1577 – 1584-cü illərdə Təbriz bəylərbəyi kimi xidmət etmişdir.[19]