Mosuolar (çin. ənən. 摩梭, pinyin: Mósuō) — çox vaxt özlərini Na kimi də təqdim edirlər, Çinin Yunnan və Siçuan əyalətlərinin Tibet sərhədi yaxınlıqlarında yaşayan kiçik bir etnik qrupdur. Təqribən 40.000 nəfər əhalisi olab bu qrup Yongning bölgəsi və Lugu gölü ətrafında məskunlaşmışlar. Mosuoların tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin hökuməti onları Naxilərlə eyni azlıq qrupa daxil etmişdir.[1]
Mosuolar anaxaqanlığı (matriarxat) həyat tərzinə malikdirlər. Mosuo mədəniyyəti əsasən anaxaqanlığının saxlandığı yeganə azlıqlardan biridir. Həqiqətdə bir çox ailədə qadınların ailənin rəisi qəbul edilməsi, mülkiyyətin qadın nəsli yolu ilə keçməsi, ticarət qərarlarının qadınların qəbul etməsi kimi Mosuo mədəniyyəti bir çox matriarxal xüsusiyyətlər daşıması ilə yanaşı, siyasi gücün daha çox kişilərin əlində cəmlənməsi onların tam olaraq matriarxal olmadıqlarını göstərir.
Mosuolar daha çox əkinçiliklə məşğul olurlar. Bunun izlərinə gündəlik həyatda daha çox rast gəlmək olar. Ümumiyyətlə bütün ev işləri qadınlara aiddir. Bundan başqa qadınlar ip əyirmə sənəti və toxuculuqla da məşğuldurlar. Buna qarşılıq kişilər çobanlıq edər və balıq tutmaqla məşğul olarlar. Xüsusilə heyvan kəsimi kişilərə məxsusdur.
Mosuo ailələri köklərini ailənin ana tərəfindən götürürlər. Ah-mi adlandırılan yaşlı qadınlar evin rəisidir. Ah-mi evdə yaşayan şəxsləri maraqlandıran qərarları qəbul edir, həmçinin ailə gəlirlərini və ailə üzvlərinin işlərini həll edir.
Mosuo mədəniyyətində ümumiyyətlə evlilik anlayışına rast gəlinmir. "Gediş evliliyi" və ya "ziyarət əlaqəsi" adlandırılan münasibətlər qurulur və bu əlaqələrdən sonra kişi və qadın eyni evdə yaşamırlar. Kişilər yoldaşlarını əsasən gecə ziyarət edirlər və bu münasibətlərdən yaranan uşaqlar ananın evində böyüdülür.[2]
Çin dilində "gediş evlilikləri" adlandırılır. Mosuo mədəniyyətinin ən məşhur və bəzən anlaşılmayan hissəsi olan gediş evliliyi ona görə belə adlandırılır ki, kişi öz partnyorunun evinə gecə gedir və səhər öz evinə qayıtmalı olur. Ümumiyyətlə Mosuolar geniş ailəyə sahib olurlar və bəzən nəsilliklə bir evdə yaşayırlar. Ən maraqlısı odur ki, gecə hami bir yerdə yatır. Amma müəyyən yaş həddinə çatmış qadınların ("yaşın gəlməsi" adlandırılan adət) xüsusi otaqları olur.
Adət-ənənəyə görə Mosuo qadınları xoşladığı kişini gecə evə dəvət edir və onlar gecəni bir yerdə keçirirlər. Amma bu əlaqələr iki şəxs arasında gizli qalmalıdır. Mosuo qadınları öz kişi partnyorlarını tez-tez dəyişə bilərlər. Hətta eyni zamanda bir neçə kişi ilə münasibət qura bilərlər. Cütlüklər arasında münasibətlərin nə qədər uzun çəkməsinə baxmayaraq hər iki fərd öz ailəsi ilə yaşamalı və onlar arasında heç bir mal və ya mülkiyyət bölgüsü olmamalıdır. Əgər müəyyən müddətdən sonra cütlüklərin uşaqları dünyaya gələrsə, bu zaman ata uşağın böyüdülüməsində heç bir məsuliyyət daşımır. Bəzi hallarda uşağın öz atasının kimliyi haqqında heç bir məlumatı olmur. Ola bilər ki, kişilər öz uşaqları üçün heç bir məsuliyyət daşımasın, amma hər bir kişi öz ailəsində dünyaya gələn uşaqların (bacının, dayıqızının, əmiqızının və s. uşaqları) qayğısına qalmalıdır. Nəticə etibarı ilə bu tipli evliliklərdə ailə quruluşu hər zaman stabil olaraq qalır. Yəni boşanma ehtimalları, müklərin bölünməsi, uşaqların bölünməsi halları yoxdur. Əgər ailə başçısı vəfat edərsə, bu zaman onun davamçısı nəslin qayğısına qalır. Amma qadınlar ailədə gender balansını qorumağa çalışırlar. Çünki bir ailədə daha çox qızın olarsa bu zaman onların qayğısına qalacaq kişi olmayacaq. Heç bir ailə üzvü evi tərk edə bilməz.[3]
Çin dilində "yaşın gəlməsi" adlandırılır. Yaşın gəlməsi mərasimi 12-14 yaşları arasında olur və Mosuo uşaqlarının həyatlarında ən önəmli hadisələrdən biridir. Mərasimdən öncə Mosuo uşaqları əsasən eyni paltarları geyinirdi və onlar üçün Mosuo həyat tərzinin bəzi xüsusiyyətləri qadağan edilmişdir. Lakin bu mərasimdən sonra qızlara yubkalar, kişilərə isə şalvarlar verilir. Ona görə də bəzən bu mərasimi kişilər üçün şalvar, qadınlar üçün yubka mərasimi adlandırırlar.
Yaşın gəlməsi mərasimindən öncə uşaqlara bəzi dini tədbirlərdə iştirak qadağan olunur və həmçinin bu mərasimi görmədən dünyasını dəyişən uşaqlar dini qayda-qanunlarla dəfn olunmur. Bu mərasimdən sonra qadınlar artıq cinsi yetişkənlik vaxtlarını keçdikləri üçün onlara evdə xüsusi otaqlar verilir və onlar öz kişi partnyorlarını evə dəvət etməyə başlayırlar (gediş evliliyi).[4]
Mosuolar əsasən iki dinə inanırlar. Onların Daba adlanan tarixi dinləri var və bu min illərdir ki, onların mədəniyyətinin bir hissəsini təşkil edir. Onların əcdadları da bu dinə sitayiş etmişlər. Digər inandıqları din isə Tibet Buddizmidir ki, bu əsasən son dövrlərdə onların mədəniyyətinin bir hissəsinə çevrilmiş və hal-hazırda gündəlik həyatlarında mühüm rol oynayır. Əgər biz indi Mosuo cəmiyyətinə baş çəksək, Tibet buddizminin izlərinə küçələrdə rast gələ bilərik. Onların yaşayan liderləri var və bu şəxs Tibet Buddistləri tərəfindən seçilir. Mosuo evlərinə ziyarət etsək, hər ocaq başında buddistlərin heykəllərinə rast gələ bilərik. Onlar hər dəfə yemək bişirərkən, bişirdikləri yeməklərin bir hissəsini ocağa ataraq öz tanrılarına verdiklərini güman edirlər.
Daba hal-hazırda Mosuoların həyatında çox da böyük rol oynamır. Bu dinin başçıları Daba və yaxud Şaman adlandırılır. İnsanlar daha çox Dabanı milli mərasimləri təşkil edərkən, yeni doğulmuş uşaqlara ad qoyarkən, doğum günlərini qeyd edərkən, xüsüsi tədbirlərdə (məsələn, yazın gəlişi kimi) xeyir dua vermək üçün çağırırlar. Mosuoların yazı forması olmadığı üçün Daba dini ancaq şifahi olaraq nəsildən-nəsilə keçərək indiki dövrə qədər gəlib çıxmışdır. Hal-hazırda bu dinin qayda qanunlarını bilən çox az adam var və onlar da artıq yaşlıdırlar. Onun üçün də Mosuolar Çin hökumətindən Daba şriftlərindən ibarət yazı üsulu yaradımasını tələb edirlər ki, bu dini mədəniyyət cavanlara öyrədilsin və unudulmasın.[5]
Mosuolar Tibet-Burman dil ailəsinə məxsus olan Naxi dilində (Naxi dilinin dialekt forması) danışırlar. Naxi və Mosuo dilləri bir-birlərinə çox yaxındır, demək olar ki, eynidir. Mosuo dilində danışanlar son dövrlərdə öz dillərini Naxi adlandırmağa başlamışlar. Bu da Lijiang və ətrafındakı kəndlərin ortaq dilə məxsus olduğunu göstərir. Hal-hazırda Mosuolar öz dillərini Na (daha müvafiq və səlis səsləndiyi üçün) adlandırmağa başlamışlar.[6]
Ümumiyyətlə regionun Çin tərəfindən işğalından sonra Mosuolar gündəlik əlaqələrində Xan şriftlərindən istifadə edirlər. Tibet şriftləri daha çox dini məqsədlər üçün istifadə edilir. Daba şriftlərinin mövcudluğu hələ də müzakirə edilir. Bəziləri belə şriftlərin olmadığını söyləyir, amma Mosuolar Daba dininə məxus 32 simvoldan ibarət olan yazı formalarının olduqlarını iddia edirlər. Hal-hazırda Mosuolar öz dillərinin yazı formasının inkişaf etdirilməsi üçün çox çalışırlar.[7]