Motovezdexod

Dörd təkərli motovezdexod sürən gənc.

Motovezdexod və ya ATV (İngilis dili: all-terrain vehicle; Azərbaycan dili: bütün ərazi maşını). Motovezdexodlar, bütün ərazi və hava şəraitində işləmək üçün hazırlanmış, eyni zamanda 3 və 6 təkərli modellərə malik olsalar da, əksər hallarda 4 təkərli olaraq istehsal olunan, tək adamlıq və ya iki adamlıq tutumu olan, benzinli daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdir. İlk dəfə çətin ərazi şəraitində nəqliyyatın rahatlığını təmin etmək üçün istehsal olunan motovezdexodlar, sonralar, xoş təbiət gəzintiləri və şəhər nəqliyyatı üçün istifadə olunan bir nəqliyyat vasitəsi halına gəlmişdir.

İlk dəfə 1960-cı illərdə istehsal olunmağa başlanan motovezdexodlar, xüsusilə Suzuki, Yamaha, Honda və Kawasaki kimi mühərrik istehsalçılarının intensiv TƏİN tədqiqatları ilə hazırkı formasını almışdır. İlkin olaraq 3 və 6 təkər forması şəklində istehsal olunan motovezdexodlar, Suzukinin 1982-ci ildə QuadRunner LT125 modelini buraxması ilə formasını dəyişdirmiş və bu gün böyük tələbatı olan 4 təkərlik modeli səhnəyə çıxarılmışdır. Suzukinin diqqətinə biganə qala bilməyən digər istehsalçılar da, özlərinə məxsus olan məhsul çeşidlərinə 4 təkərli modelləri sürətlə əlavə etdilər. Bu tədqiqatlarla yanaşı mühərrik gücü və güc paylama elementlərindəki dəyişikliklər ilə əyləc və təkər konstruksiyalarındakı yeniliklər motovezdexodların performanslarında çox təsirli olmuşdur. Motovezdexodların imkanlarının artması ilə birlikdə istifadə sahələrində də dəyişikliklər başlanılmışdır. Əvvəlcə yalnız müəyyən ərazilərdə sadə işlərdə kömək məqsədi ilə hazırlanmış motovezdexodlar, sonralar əyləncə, inşaat və əkinçilik kimi mülki vəzifələrə əlavə olaraq personal və texnika daşınması kimi hərbi işlərdə də istifadə olunmağa başlanmışdır.

İdman məqsədli motovezdexod müsabiqələri ilk dəfə 1980-ci ildə Amerikada başlamışdır. İlk illərdə, fərqli təşkilatlar altında fəaliyyət göstərən idmançılar, 2006-cı ildə CMR-in yaradılması ilə fərqli kateqoriyalarda təşkil olunmağa başlayan yarışlarda yarışmağa başladılar. Avropada isə müsabiqələr uzun müddət ölkələrin motosiklet federasiyaları tərəfindən təşkil edilmişdir. Son illərdə FİM rəhbərliyi altında müştərək tədbirlər təşkil olunmağa başlansa da, hələ müştərək yarış seriyası təşkil olunmamışdır.