Munisnamə

MunisnaməXII əsr ədibi Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən fars dilində yazılmış əsər.

Munisnamədə İslam baxışının süzgəcindən keçmiş, müxtəlif inanc sistemlərindən (animizm, antropomorfizm, dualizm, totemizm, şamanizm, monoteizm) qaynaqlanan dünya modeli təqdim edilir. Bu modelə görə, ucaların ucası Allah ilk növbədə yeddi qapısı olan cəhənnəmi yaratmışdır. Allah daha sonra yaratdığı Xalid və Salitə silkələnmələrini əmr etmişdir, onlardan saysız-hesabsız əqrəb və ilan düşmüşdür. Bu dünya modelində ildə iki dəfə isti və soyuğa görə, cəhənnəm qaynayır. Cəhənnəm dəniz kimi dalğalanır, dalğaları sahilə minlərlə ilan atır.[1] İnsan dünyasında yayın isti, qışın soyuq keçməsi də cəhənnəmin qaynaması ilə izah edilir.[2]

Daha sonra Allahın əmri ilə onun yaratdığı Xalid və Salit evlənir. Salit hamilə qalır, yeddi oğlu və yeddi qızı olur. Uşaqlar yetkinliyə çatandan sonra Allah onları bir-biri ilə evləndirir. Bundan sonra Allah ilk insan olan Adəmi yaradır, altı varlığı onun əmrinə verir. Yeddinci varlıq olan İblis Adəmə tabe olmur və Allah tərəfindən lənətlənir. Altı varlıqdan xeyirxah ruhlar, zərif pərilər dünyaya gəlir, İblisdən isə divlər, cinlər, şər ruhlar əmələ gəlir.[2]

  • Xalid. Şir formasında nəhəngdir, quyruğu əqrəbdir. Allah tərəfindən Salitlə birlikdə yaradılmışdır.[1]
  • Salit. Dişi qurd formasında nəhəngdir, quyruğu ilandır. Allah tərəfindən Xalitlə birlikdə yaradılmışdır.[1]
  • Yeddi varlıq. Adları Haris, Yaksak, Muzir, Yaumaz, Ravi, Saris, İblisdir. Sonuncusundan başqa hamısı Adəmin əmrinə verilmişdir.[2]
  • Bərhail. İşığın və zülmətin qoruyucusudur, sağ əlində Günəşi, sol əlində isə Ayı tutur. Sağ əli gündüzü, sol əli isə gecəni gətirir. Gündüz yaradan əl şərqə, gecəyə cavabdeh olan əl isə qərbə doğru uzanır. Bərhail yorulub şərqə uzadılan əlini geri çəksə, bütün kainatı zülmət bürüyəcək və səhər açılmayacaq. Bərhailin uzanmış əllərində ağ və qara zolaqlı bir taxta var. Bu lövhə ilin hər fəslinə uyğun olaraq gecə ilə gündüzün tarazlığını saxlamaq üçündür. Buna görə də Bərhailin baxışları daima lövhənin üzərindəndir. O, gecə və gündüzlərin qısalmasını və uzanmasını taxtada daralıb genişlənən zolaqlara uyğun olaraq tarazlaşdırır.[2]
  • Səhayil. Dəniz sularının və küləklərin keşikçisidir. Ehtimal ki, qədim külək tanrısı Səbail də bu inancdan yaranmışdır. Səhayil bir əlini yerə, o biri əlini isə göylərə uzadır. Göyə uzanan əl şiddətli külək və qasırğaların qarşısını alır. Səhayil digər əlini yerə doğru sıxaraq sahil sularının qurunu basmasının qarşısını alır. O, sol əlini geri çəksəydi, dəniz suları bütün çölləri və düzləri basardı, insanlar boğulardılar. Sağ əlini isə geri çəksəydi, tufanlar və qasırğalar yer üzündəki hər şeyi məhv edər, canlılardan əsər-əlamət qalmazdı.[2]

Munisnamənin təqdim etdiyi dünya yaradılışı modelində cəhənnəm insan həyatına təsir edən aktiv qüvvə olaraq təsvir edilir. Beləliklə, düzgün yaşamağın vacibliyi göstərilir, qanunların pozulması cəzaya səbəb ola bilər. Burada verilən məzmuna görə, ilan şər qüvvənin təmsilçisidir və cəza olaraq başa düşülür. Bu dünya modelində insan sivilizasiyasının mənşəyi yeraltı dünya, onun sakinləri və orada baş verən hadisələr vasitəsilə izah edilir.[2]

  1. 1 2 3 Abbasova, 2023. səh. 156
  2. 1 2 3 4 5 6 Abbasova, 2023. səh. 157
  • Kyzylgul Abbasova. "The Worldview Foundations of Azerbaijani Cosmogonic and Ethnogonic Myths". ALFRED NOBEL UNIVERSITY JOURNAL OF PHILOLOGY. 2023. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.