Murad Hüseynov (General-mayor)

Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998–2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995–1998), polis general-mayoru.

Murad Hüseynov
Fayl:Murad Hüseynov (general-mayor).jpg
1998 – 2005
PrezidentHeydər Əliyev
İlham Əliyev
NazirRamil Usubov
SonrakıVəzifə ləğv edilib.
1995 – 1998
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1948(1948-04-11) (76 yaş)
Doğum yeri Qafan, Ermənistan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan
Təhsili Национальный университет гражданской защиты Украины
Rütbəsi
Polis general-mayoru
Elmi fəaliyyəti
Elmi dərəcəsi Elmlər namizədi

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1998 "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı
İmzanın şəkli

Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub.

1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. Baş verən yanğınların söndürülməsində yanğınsöndürənlərin şücaəti Murad Hüseynovun qəlbində bu əsl kişi peşəsinə məhəbbət hissləri oyadıb. Elə bu hisslərlə o taleyini yanğından mühafizə xidmətinə bağlayıb.

1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb. 18 yaşından taleyini yanğından mühafizə xidmətinə bağlayan sıravi yanğınsöndürən Murad Hüseynov elə ilk anlardan öz nümunəvi xidməti ilə fərqlənib. Peşə sirlərinə yiyələnməklə, döyüş qabiliyyətini yüksəltməklə perspektivli əməkdaş kimi tanınıb.

Qısa bir müddət ərzində müsbət keyfiyyətləri ilə seçilən Murad Hüseynov 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub.

Xarkovdakı təhsil illərindəki çəkilən əziyyət sonralar gənc mütəxəssis Murad Hüseynovun köməyinə çatıb. Qaravul rəisi vəzifəsində xidmət dövründə gənc leytenant savadlı bir yanğın mütəxəssisi kimi Respublika Yanğından Mühafizə İdarəsi rəhbərliyinin diqqətini cəlb edib. Ondan yanğın mütəxəssisləri hazırlanmasında istifadə olunması məqsədəuyğun hesab edilib. Murad Hüseynov Yanğından mühafizə orqanları üçün kiçik və orta rəis heyəti hazırlayan məktəbdə müəllim işləməyə dəvət olunub. O, 1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışaraq yanğın mütəxəssisləri hazırlanması işində böyük əmək sərf edib.

1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub. Naxçıvan MSSR DİN Yanğından Mühafizə Şöbəsinin rəisi vəzifəsində dörd il yarım xidmət edən Murad Hüseynov burada da öz işgüzarlığını, yenilikçiliyini, təşəbbüskarlığını, ən başlıcası isə yanğından mühafizə xidmətinin fədaisi olduğunu nümayiş etdirib. Qısa bir vaxtda muxtar respublikanın yanğından mühafizə xidməti bir sıra nailiyyətlərlə öz simasını dəyişib.

İşgüzarlığı, yüksək peşəkarlığı və digər müsbət keyfiyyətləri nəzərə alınaraq 1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-faktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib. 1988-1992-ci illərdə bu vəzifədə çalışan Murad Hüseynov qanlı 20 Yanvar hadisələrində, 1-ci Qarabağ müharibəsində də milli təəssübkeşliklə özünü vətənpərvər vətəndaş kimi müsbət keyfiyyətləri ilə tanıdıb.

Neçə-neçə iri və mürəkəb yanğınların söndürülməsində yaxından iştirak edərək yüksək döyüş hazırlığı, peşəkarlıq və qorxmazlıq nümayiş etdirən Murad Hüseynov Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif olunub.

İllər ötdükcə Murad Hüseynovun fəaliyyətində yüksək peşəkarlıq, təşkilatçılıq, rəhbərlik keyfiyyətləri özünü daha qabarıq şəkildə biruzə verib. O 1992-ci ilin noyabrında "Azərineft" Dövlət Neft Şirkəti üzrə Yanğından Mühafizə Dəstəsinə rəis təyin olunub. Murad Hüseynovun bu vəzifədə yüksək rəhbərlik keyfiyyətləri, yaradıb-qurmaq əzmi ölkəmizin neft-qaz sənayesi obyektlərinin yanğından mühafizəsi işinə dərin töhfələr verib.

1995-ci ilin aprel ayında daxili xidmət polkovniki Murad Hüseynov Azərbaycan Respublikası DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri İdarəsinin rəisi vəzifəsinə təyin olunaraq 29 il əvvəl siravi yanğınsöndürəni olduğu qurumun ən yüksək postuna ucalıb. Azərbaycan yanğından mühafizə xidmətinin yeni komandanı böyük bir ordunu qəbul edərək, rəhbəri olduğu mühüm dövlət qurumunda bir sıra islahatlara start verib. 1995-ci ildən başlayaraq yanğın hissələrinin maddi-texniki bazası gücləndirilərək yeni yanğın depoları inşa olunub, yanğından mühafizə xidmətinə məxsus 250-dən çox yanğın avtomobilində müxtəlif təmir işləri aparılaraq, onların döyüş hesabına qoyulması təəmin edilib. Şəxsi heyətin peşə hazırlığı diqqət mərkəzində saxlanılaraq, yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərinin aparılmasında, yanğına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsində bir sıra müsbət nəticələr əldə olunub.

Yüksək pedoqoji keyfiyyətlərə malik Murad Hüseynov ölkəmizin yanğından mühafizə sisteminə rəhbər təyin olunduqdan sonra uzun illər qəlbində yaşatdığı bir arzunu da reallaşdırıb. O, Azərbaycanda yanğından mühafizə orqanları üçün milli zabit kadrları hazırlayan məktəbin açılması üçün inamlı və qətiyyətli addımlar atıb. Nəhayət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın Texniki Məktəbi yaradılıb. Bu məktəbin yaradılması SSRİ-nin dağılmasından sonra respublikamız üçün yanğın kadrları hazırlanmasında yaranmış problemlərin həlli yolunda uğurlu və uzaqgörənliklə atılmış bir addım idi. Respublikamız müstəqillik əldə etdikdən sonra yanğından mühafizə xidmətinin hüquqi bazasının yaradılmasına olan ehtiyac gündən-günə artıb. Murad Hüseynovun Azərbaycanın yanğından mühafizə xidmətinə rəhbərlik etdiyi illərdə hava və su kimi lazım olan bu məsələ də öz həllini tapıb. Murad Hüseynovun rəhbərliyi ilə işçi qrup qanun layihəsinin hazırlanmasında, onun Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilməsində yaxından iştirak edib. Nəhayət, Milli Məclisin 10 iyun 1997-ci il tarixli qərarı ilə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilərək Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı 25 iyul 1997-ci ilə tarixli fərmanı ilə qüvvəyə minib.

Texniki elmlər namizədi Murad Hüseynovun Azərbaycanın yanğından mühafizə xidmətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 17 yanvar tarixli fərmanı ilə Murad Hüseynova daxili xidmət general-mayoru rütbəsi verilib. Bu ali rütbənin şəxsən ulu öndərimiz Heydər Əliyev tərəfindən təqdim olunması Murad Hüseynovun ömür kitabına "qızıl səhifələr" kimi daxil olub.

2003-cü ildə Ukrayna Yanğın Təhlükəsizliyi Akademiyasının 75 illiyinə həsr olunmuş "Воспоминания выпускников разных лет" adlı kitabda həmin təhsil müəssisəsinin fəxri məzunu kimi Murad Hüseynova xüsusi yer ayrılmışdır.

2010-cu ildə təqaüdə çıxmışdır.

Murad Hüseynov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 9 iyul 2018-ci il tarixli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif olunub.

Ailəlidir, 4 övladı var.

Orden və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[1]
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 9 iyul 2018-ci il tarixli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, 4 övladı var.

  • Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885–2015). Hikmət Xudiyev 2015, səh.164, 2015-ci il.
  • "Od içində parlayan ulduz — alovlar arasında keçən ömür" adlı məqalə. Ədalət qəzeti, № 12 (6005), 31 mart 2023-cü il.
  1. "Xüsusi xidmətlərinə görə aşağıdakı əməkdaşlar «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilsin - Murad Qoşun oğlu Hüseynov". e-qanun.az. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.