Musa Qəniyev

Musa Qəniyev (2 dekabr 1954, Salyan, Salyan rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1985), tibb elmləri doktoru (1994), professor (1997), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü (2005), Respublikanın əməkdar müəllimi (2010)[1], ATU-nun farmakologiya kafedrasının müdiri (2000), Yeni Azərbaycan Partiyasının üzvü (1995).

Musa Qəniyev
Doğum tarixi (69 yaş)
Doğum yeri Salyan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Tibb-Farmakologiya
Elmi dərəcələri Tibb üzrə Elmlər Doktoru, Professor
İş yeri Azərbaycan Tibb Universiteti
Mükafatları Əməkdar müəllim (20 09 2010-cu il)
amu.edu.az

1954-cü il dekabr ayının 2-də Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Xalac kənd orta məktəbini qızıl medalla bitirmişdir.

1971–77-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1981-ci ilə qədər təyinatla Əli-Bayramlı (Şirvan) mərkəzi şəhər xəstəxanası sistemində həkim işləmiş, eləcə də MŞX azad komsomol təşkilatının katibi olmuşdur.

1981-ci ilin dekabr ayının 31-də Azərbaycan Dövlət Tibb İnstitutu farmakologiya kafedrasına əyani aspiranturaya daxil olmuş və 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi almışdır. Həmin ildən farmakologiya kafedrasında əvvəlcə baş laborant, sonra assistent və dosent vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetinin partiya-təsərrüfat aktivi fakültəsinin ideoloji iş şöbəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1988–1992-ci illərdə əczaçılıq fakültəsində dekan müavini və bir müddət fakültə dekanı vəzifələrində işləmişdir.

1992-ci ildə Rusiya Federasiyası ТЕА-nın V. V. Zakusov adına ЕТ Farmakologiya institutuna doktoranturaya göndərilmişdir. Doktorantura təhsilini vaxtından əvvəl başa vuraraq, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildə farmakologiya kafedrasına professor seçilmiş, 2000-ci ildən kafedranın müdiridir.

2000-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin, 2004 və 2014-cü ildə Tibb Universiteti Rektorunun fəxri fərmanları ilə təltif olunmuşdur.

2010-cu il sentyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1113 saylı sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Tibb Universiteti Əczaçılıq fakültəsi elmi şurasının, Patofiziologiya, anatomiya, fiziologiya və farmakologiya ixtisasları üzrə ixtisaslaşmış müdafiə şurasının, ATU-nun Mərkəzi Metodik Komissiyasının, Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı redaksiya heyətinin, Səhiyyə Nazirliyi Elmi-Tibbi şurasının, Səhiyyə Nazirliyi Farmakologiya və Farmakopeya ekspert şurasının üzvi, Elmi-farmakoloqlar cəmiyyətinin sədridir.

Ailəlidir. Bir oğlu və bir qızı var.

Xalac kənd orta məktəbində oxuyarkən çalışqanlığı, təvazökarlığı ilə şagird yoldaşlarından fərqlənən Musa Qəniyev 1971-ci ildə həmin məktəbi qızıl medalla bitirərək elə həmin ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun 1-ci kursuna qəbul olunur. Mütəmadi olaraq öz üzərində çalışmağı həyatının kedrası hesab edən Musa Qəniyev Tibb İnstitutunda təhsil alarkən tədris olunan fənnləri mənimsəməklə özünü istedadlı tələbə kimi tanıdır. 1977-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə başa vurmuşdur. 1977-ci ildən həkim kimi fəaliyyətə başlasa da elmin dərin sirlərinə yiyələnmək onun əsas amalı oımuş və bu fikir, bu düşüncələrlə o 1982-ci ildə təhsil aldığı İnstituta qayıdır, aspirantura üçün elan olunan müsabiqədə iştirak edir. İmtahanlardan yüksək nəticələr əldə edən Musa Qəniyev[2] artıq elmin birinci pilləsinə ayaq qoyur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun farmakologiya kafedrasında əyani aspiranturaya daxil olmuş, aspirantura təhsilini davam etdirmək üçün 1982-ci ilin noyabr ayında SSRİ Tibb Elmləri Akademiyası V. V. Zakusov adına Elmi-Tədqiqat Farmakologiya İnstitutuna ezam olunmuşdur. Farmakologiya İnstitutunun Neyrokimyəvi farmakologiya laboratoriyasında SSRİ TEA-nın müxbür üzvü, professor K. S. Rayevskinin rəhbərliyi altında öz elmi-tədqiqatlarını uğurla davam etdirmiş və aspirantura müddəti başa çatmamışdan yekunlaşdıraraq, 1985-ci ildə "Beyinin katexolaminergik və QAYT-ergik sistemlərinin psixostimulyator mezokarbın təsir mexanizmində rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

M. M. Qəniyev aspiranturanı bitirdikdən sonra ATİ-nin farmakologiya kafedrasına qayıtmış, baş laborant, assistent, dosent vəzifələrində işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın ET Farmakologiya institutuna doktoranturaya göndərilmişdir.

Doktorantura təhsilini vaxtından əvvəl və müvəffəqiyyətlə başa çatdıraraq, 1994-cü ildə "Atipik neyroleptiklərin dofaminergik mexanizmlərinin öyrənilməsi: neyrofarmakoloji və neyrokimyəvi analiz" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Sonrakı illərdə elmi və pedaqoji fəaliyyətini Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasında davam etdirmişdir.

Professor M. Qəniyev 250-yə qədər elmi məqalənin, o cümlədən 14 dərslik, 13 dərs vəsaiti. 12 tədris – metodik vəsaitin və bir necə ixtranın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə M. Qəniyev Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

Elmi yenilikləri

[redaktə | mənbəni redaktə et]

Psixostimulyatorların təsir mexanizmində katexolaminergik və aminturşu mediatorları sisteminin müqayisəli rolunun öyrənilməsi. Mezokarbın (sidnokarb) təsir mexanizmində beyinin noradrenergik sistemilə yanaşı niqrostriatal və mezolimbik dofaminergik sistemin də mühüm rol oynadığının müəyyən edilməsi. Preparatın dofaminergik (niqrostriatal) proseslərlə əlaqələndirilən əlavə təsirləri daha az törətməsinin, mərkəzi DA (dofamin) sistemə selektiv təsirilə bağlılığı, başqa sözlə, digər dofaminergik sistemlərlə müqayisədə mezolimbik strukturlara qarşı daha yüksək tropluğu ilə əlaqədar olmasının eksperimental təsdiqi.

Mezokarbın təsir mexanizmində pre- və postsinaptik naradrenergik və dofaminergik reseptorların, eləcə də aminturşu mediatorları- QAYT (qamma aminoyağ turşusu) sisteminin rolunun müəyyən edilməsi. Mezokarbın psixostimuləedici təsirlə yanaşı, baş beyinin inteqrativ və koqnitiv funksiyaları yaxşılaşdırması, eləcə də noradrenergik proseslərin blokada və süstləşməsi fonunda meydana çıxan yaddaş pozğunluğu zamanı ən effektiv farmakoloji korreksiya vasitəsi və yüksək anoreksigen təsirə malik birləşmə olduğunun müəyyən edilməsi və müvafiq məqsədlərlə klinik istifadəyə tövsiyə edilməsi.

Mezokarbın anoreksigen təsirinin digər anoreksigenlərlə müqayisədə əhval-ruhiyyənin yüksəlməsi, mnestik və koqnitiv funksiyaların güclənməsi, yaşama- "ümumi həyat eşqinin" yüksəlməsi fonunda baş verməsini təsdiq edən elmi nəticələr.

Antipsixotik maddələrin tipik və atipik təsirli nümayəndələrinin təsir mexanizmində müxtəlif lokalizasiyalı dofamin reseptorlarının (DA), aminturşu mediatorları (QAYT, qlutamat, aspartat qlisin, taurin) sisteminin, lipidlərin oksidləşmə-requksiya proseslərinin rolunun öyrənilməsi və onların neyrokimyəvi autorequlyator dofaminergik proseslərə fərqli təsirinin müəyyən edilməsi.

Müxtəlif subpopulyasiyadan olan dofamin reseptorlarının (DA1, DA2, DA3, DA4, DA5) neyroleptiklərin ayrı-ayrı qrup nümayəndələri- tipik və atipik neyroleptiklərin, təsir mexanizmində fərqli rolunun müəyyən edilməsi. Atipik neyroleptiklərin mərkəzi təsir effektinin meydana çıxmasında presinaptik autoreseptorların həlledici rolunun eksperimental təsdiqini sübut edən elmi nəticələr.

Benzodiazepin törəmələri qrupunun şərti laborator adı İF-8890, İF-8897, T-707, NSŞT-171, NSŞT-174 olan, eləcə də aminotetralin törəmələrinin AJ-76, UH-232 kimi yeni nümayəndələrinin yüksək antipsixotik fəallığa malik olmasının eksperimental təsdiqi. DA3 yarımtipindən olan dofamin reseptorlarının selektiv analizatorları kvinpirol və 7-OH DPAT-la aparılan neyrofarmakoloji tədqiqatlar nəticəsində, antipsixotik fəallığa malik olan yeni birləşmələr- AJ-76, UH-232, İF-8890 və karbidinin trans izomerinin hərəki-motor aktivliyə təsirində məhz bu subpopulyasiyadan olan DA reseptorlarının həlledici rol oynadığının, eləcə də karbidinin digər izomeriya formalarından (+sis və trans) fərqli olaraq, rasemat izomerinin təsir mexanizmində əsas rolu postsinaptik dofaminergik mexanizmlərin oynadığının müəyyən olunması.

NMDA tipindən olan qlutamat reseptorlarının blokatoru MK-801 birləşməsi fonunda, psixozun eksperimental modelinin hazırlanması və antipsixotik aktivliyi ehtimal olunan yeni potensial aktiv bioloji fəal birləşmələrin tədqiqində ən effektiv metodik müayinə metodlarından biri kimi tövsiyə olunması. Uzunmüddətli neyroleptoterapiya zamanı inteqrativ, koqnitiv və mnestik funksiyaların süstləşməsi və pozulması halının dofaminergik proseslərlə əlaqəsinin müəyyənləşdirilməsi və eksperimental korreksiyasında autorequlyator proseslərə təsir göstərən dofaminomimetiklərin (sidnokarb, kvinpirol) tövsiyəsi.

Tipik neyroleptiklərin törətdiyi əlavə effektlərin eksperimental farmakoloji korreksiyasında kalsium kanalı antaqonistlərinin perspektiv təsirli dərman maddələri qrupu olduğunun müəyyənləşdirilməsi və bu məqsədlə klinik istifadəyə tövsiyə olunması.

Azərbaycan Tibb Universitetində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

M. M. Qəniyev 1981-ci ildən Azərbaycan Tibb Universitetində işləyir. 31.12.1981–31.12.1984-cü illərdə farmakologiya kafedrasının aspirantı olmuş, 03.01.1985-ci ildə farmakologiya kafedrasına baş laborant təyin olunmuş, 29.11.1985-ci ildə kafedranın assistenti vəzifəsinə seçilmişdir.

1988–1992-ci illərdə əczaçılıq fakültəsinin dekan müavini və dekanı vəzifələrində işləmiş, 1992-ci ildə farmakologiya kafedrasının dosenti, 1997-ci ildə professoru, 2000-ci ildə müdiri vəzifəsinə seçilmişdir. Keçən dövr ərzində kafedrada tədris prosesinin yaxşılaşdırılması, onun Avropa tədris sisteminə inteqrasiyası, elmi-tədqiqat işlərinin müasir səviyyədə qurulması istiqamətində xeyli işlər görülmüşdür. Kafedrada dərs otaqları müasir əyani vasitələrlə təchiz olunmuş, farmakoloji tədqiqatların aparılması üçün müasir laboratoriya və vivarium yaradılmış, tələbələr müstəqil eksperimental tədiqatların aparılması işinə cəlb olunmuşdur.

Musa Qəniyev 2000–2017-ci illərdə Universitetin müxtəlif fakültələri üçün 14 dərslik, 13 dərs vəsaiti, 12 tədris metodik vəsait yazmış, ilk dəfə olaraq ən müasir tələblərə cavab verən və Tibb Unversitetinin bütün fakültələri üzrə tədris proqramını tamamilə əhatə edən 2 hissədən ibarət fundamental dərslik hazırlamış və nəşr etdirmişdir.

Bu müddət ərzində Musa Qəniyevin rəhbərliyi altında 13 tibb və biologiya üzrə fəlsəfə doktoru, 1 tibb elmləri doktoru dissertasiyası müdafiə olunmuş, 1 tibb, 2 biologiya üzrə fəlsəfə doktoru və 2 tibb elmləri doktoru dissetasiyası yerinə yetirilməkdədir.

Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[1]

Musa Qəniyev[2]

Professor Musa Qəniyev — Həyat fəaliyyəti[2]

Professor Musa Qəniyevin müəllifi olduğu kitablar[3]

Vitamin preparatlarının farmakologiyası[4] Təxirəsalınmaz tibbi yardım ixtisası üzrə ədəbiyyat[5] Tükiyəli alim farmakologiya kafedrasında mühazirə oxudu[6]

ATU Farmakologiya kafedrası[7] 60 İl Musa Mehdi oğlu Qəniyev[8]

  1. 1 2 "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
  2. 1 2 3 "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
  3. "Arxivlənmiş surət". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
  4. http://snetk.az/storage/books/pdf/34692.pdf[ölü keçid]
  5. "Arxivlənmiş surət". 2018-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
  6. "Arxivlənmiş surət" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-18.
  7. "Arxivlənmiş surət". 2018-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
  8. "Arxivlənmiş surət". 2018-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.