Mustafa Hacıbəyli

Hacıbəyli Mustafa Mustafa oğlu (1972, Zaqatala rayonu) — azərbaycanlı politoloq, "Basta" informasiya portalının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, Divan üzvü.

Mustafa Hacıbəyli
Müsavat Partiyasının başqan müavini
Vəzifədədir
18 may 2024-cü ildən
Başqanİsa Qəmbər
Şəxsi məlumatlar
Doğum tarixi 1972
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Mustafa Hacıbəyli 1972-ci ildə Zaqatala rayonunun Tala kəndində anadan olub[1]. Zaqatala şəhər 2 saylı orta məktəbini bitirib. 1990–1992-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu dövrdə sovet ordusunun 20 yanvarda Bakıda törətdiyi cinayətə etiraz olaraq, SSRİ-yə xidmət edəcəyinə dair and içməkdən rəsmən imtina etdiyi üçün təqib olunub. Hərbi xidmət dövründə iki dəfə barəsində cinayət işi açılıb. 1991-ci ilin avqustun 20-də – "QKÇP" elan olunduqdan dərhal sonra — sovet ordusu zabitlərinin raportları əsasında "millətçilik"də və "hərbi divizionun döyüş hazırlığını pozmağa cəhd göstərmək"də günahlandırılıb. Barəsində qaldırılan cinayət işinə əsasən hərbi tribunalın saxlanma təcridxanasında salınıb, "QKÇP"nin iflasından 3 həftə sonra barəsindəki cinayət işi xətm olunub və həbsdən azad edilib.

1992-ci ildə könüllü olaraq Qarabağın işğaldan müdafiəsində iştirak etmək üçün Milli Orduya gedib. Şuşa şəhərində Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyonda hərbi xidmətdə olub. 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanıb, 3-cü qrup müharibə əlilidir.

Mustafa Hacıbəyli "Basta" informaiya portalının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, Divan üzvüdür.

2018-ci il iyulun 9-da Baş Prokurorluq "bastainfo.com" saytlarının bağlanması barədə Rabitə Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

RNYTN prokurorluğun müraciəti əsasında bastainfo.com saytını bloklayıb. Bundan sonra sayt basta2.com domeni ilə fəaliyyətini davam etdirib.

Öncə M. Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Beynəlxalq təşkilatlar Mustafa Hacıbəyliyə cinayət təqibinin söz azadğına qarşı qəsd kimi qiymətləndirib.

M. Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib. 21 fevral 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi M. Hacıbəylinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb və 2 il sınaq müddəti təyin edib.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanda bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli barəsində çıxarılmış hökmü söz azadlığına qarşı addım kimi pisləyən bəyanat verib. ABŞ Dövlət Departamentinin 2019-cu ildə Dünyada İnsan Haqlarının durumuna dair illik hesabatında "Basta" saytının bloklanması və Mustafa Hacıbəylinin məhkum edilməsi Azərbaycanda söz azadlığının pozulması faktı kimi əks olunub.

Mustafa Hacıbəyli evlidir, iki qızı, bir oğlu var. Arif Hacılının qardaşıdır.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsində ali təhsil alıb. Peşə fəaliyyətinə görə jurnalistdir. Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun (İDEE, USA) layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. 1995–1999-cu illərdə "525-ci qəzet"in siyasət şöbəsinin müdiri, 2003-cü ildə rus dilində nəşr olunan "Yeni Müsavat" jurnalının redaktoru, 2005–2007-ci illərdə "Yeni Müsavat" qəzetinin redaktoru, 2010–2011-ci illərdə "Demokrat" qəzetinin baş redaktoru olub.

2015-ci ildən "Basta" informasiya portalının baş redaktorudur.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ildə Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib. Şərti həbs cəzası Gəncə işi ilə bağlıdır. 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Açıqlamada "Basta" saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.

Bir sıra politoloji əsərləri, o cümlədən "Dünya amerikalıların gözü ilə", "Polşa İslahatlarının ikinci dalğası" və "Layihələrin menecmenti üzrə biliklər toplusuna dair dərslik" (PMİ, USA) kitablarını rus dilindən Azərbaycan dilinə tərcümə edib.

Fridrix Nauman Fondunun, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun (İDEE, USA), Milli Demokratiya İnstitutunun (NDİ, USA) və Sülh İnstitunun (USİP, USA) Almaniyada, Serbiyada, Ukraynada, Gürcüstanda və Azərbaycanda təşkil etdiyi liderlik məktəblərində təlimlər keçib, çoxsaylı sertifikatlar alıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Mustafa Hacıbəyli". 2013-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.