Bu məqalə Zaqatala rayonu haqqındadır. Şəhər üçün Zaqatala səhifəsinə baxın. |
Zaqatala rayonu — Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunda inzibati-ərazi vahidi.
Rayon | |
Zaqatala rayonu | |
---|---|
Закатала район | |
41°33′ şm. e. 46°43′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şəki-Zaqatala |
İnzibati mərkəz | Zaqatala |
İcra başçısı | Mübariz Əhmədzadə |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-ZAQ |
Telefon kodu | 2422 |
Avtomobil nömrəsi | 62 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adının dəyişilmiş formasını təşkil edir. İkinci bir rəvayətə görə isə guya qədim zamanlarda bu ərazi sıx meşələrlə örtülmüş və Zəkəriyyə adlı bir şəxs meşəni qıraraq Tala açmış və özünə ev tikmişdir. Həmin ərazini yerli əhali "Zəkəritala", yəni "Zəkəriyyənin talası" (düzü) adlandırmışdır. Sonralar Zəkəritala adlı kənd yaranmış və zaman keçdikdə bu ad öz toponimiyasını dəyişərək Zaqatala olmuşdur.
E. ə. VII əsrin əvvəlində Kimmer-Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi Kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir.
Zaqatala inzibati rayonu isə 8 avqust 1930-cu ildə təşkil edilmişdir.
Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə, Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şose yolunun üzərində, nəhəng İpək yolunun üstündə, vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də, Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Ərazisi 1348 km².-dir.
Relyefi şimalda və şimal-şərqdə dağlıq, cənub və cənub-qərbdə düzənlikdir. Hündürlüyü düzənlik hissədə təqribən 200–600 m, dağlıq hissədə 3648 m-ədəkdir (Quton dağı). Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Yura və Təbaşir çöküntüləri yayılmışdır. Polimetal və gil yataqları var.
Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m).
Rayon ərazisindən 7 çay axır (Qanıx (Alazan), Katex, Tala, Muxax, Bəkməz və s.). Çaylar Qanıx çayı hövzəsinə aiddir. Əsasən, allüvial çəmən, qonur, dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Dağlıq hissədə meşələr geniş sahə tutur.
Rütubətli subtropik iqlimə malikdir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda yüksək dağlıq hissədə −10 °C-dən, düzənlik hissədə l°C-yədək, iyulda müvafiq olaraq 5-dən 24 °C-yədəkdir. İllik yağıntı 600–1600 mm-dir.
Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir – şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s.
Heyvanları: bəbir, nəcib maral, dağkeçisi, köpgər (qarapaça), daşlıq dələsi, meşə dələsi, çöl-donuzu (qaban), ayı, canavar, vaşaq, meşəpişiyi, dovşan və s. Quşları: ular, qartal, qırqovul, tetra, kəklik, dağ şahini, çalağan, turac, dolaşa, bülbül və s.
1929-cu ildə Baş Qafqaz dağlarının cənub yamaclarında yaradılan Zaqatala dövlət təbiət qoruğunun çox hissəsi rayonun ərazisindədir.
Rayona Zaqatala şəhəri, Qazangül, Əliabad qəsəbələri və Aşağı Tala, Yeni Suvagil, Mosul, Muğanlı, Yuxarı Çardaqlar, Əlibayramlı, Qalal, Qarqay, Əzgilli, Bəhmətli, Kürdəmir, Göyəm, Çökəkoba, Dardoqqaz, Sumaylı, Gözbaraq, Mamrux, Ələsgər, Cimcimax, Danaçı, Aşağı Çardaqlar, Uzunqazmalar, Car, Kebeloba, Axaxdərə, Zilban, Dombabinə, Mamqabinə, Bozbinə, Mücəkbinə, Masqarabinə, Həsənbinə, Xanmədbinə, Yengiyan, Kəpənəkçi, Qandax, Faldarlı, Lahıc, Sabunçu, Maqov, Yolayrıc, Paşan, Hoytala, Vohtala, Əbaəli, Fındıqlı, Mazıx, Qəbizdərə, Uzuntala, Bərətbinə, Çiçibinə, Muxax, Zəyəm, Çobankol, Qımır, Bazar, Yuxarı Tala, Mişleş, Çüdülübinə, Laqodexbinə kəndləri daxildir.
Zaqatala rayonunda 31 bələdiyyə fəaliyyət göstərir. Zaqatala bələdiyyəsi Zaqatala şəhərini əhatə edir. Rayonda elə bələdiyyələr vardır ki, onların tərkibinə bir neçə kənd yaşayış məntəqəsi daxildir.
Zaqatala rayonu rayon icra hakimiyyəti başçısı, onun ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir. Ümumiyyətlə mövcud olan 31 bələdiyyənin tərkibində 1 şəhər, 1 şəhər tipli qəsəbə və 59 kənd yaşayış məntəqəsi vardır.[mənbə göstərin]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 121.394[1] nəfərdir, əsasən azərbaycanlılardır. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır.
Etnik qrup | 1939 sa.[2] | 1959 sa.[3] | 1970 sa.[4] | 1979 sa.[5] | 1999 sa.[6] | 2009 sa.[7][8] | 2012 r.t.[1] |
---|---|---|---|---|---|---|---|
Toplam | 45 854 | 47 776 | 69 270 | 79 627 | 107 240 | 118 228 | 121 394 |
azərbaycanlı | 21 712 | 29 785 | 42 034 | 49 071 | 63 811 | 80 476 | 81 474 |
avar | 9 958 | 8 878 | 15 240 | 17 592 | 25 835 | 25 578 | 26 402 |
saxur | 6 021** | 2 603 | 5 697 | 7 728 | 13 114 | 11 203 | 12 788 |
türk | … | … | … | … | 303 | 303 | 320 |
rus | 3 754 | 2 229 | 1 661* | 1 213* | 404 | 233 | 210 |
gürcü | 279 | 178 | 1 785 | 224 | 3 075 | 59 | 27 |
ləzgi | 1 685 | 2 137 | 1 014 | 2 218 | 313 | 50 | 71 |
ukraynalı | 268 | … | * | * | 50 | … | 7 |
tatar | … | … | 59 | 56 | 32 | 11 | 15 |
erməni | 1 459 | 1 234 | 1 038 | 884 | 1 | … | … |
kürd | 14 | 11 | 7 | 9 | … | … | 50 |
yəhudi | 29 | 23 | 13 | 8 | … | … | … |
alman | 49 | … | … | … | … | … | … |
talış | 18 | 1 | … | … | … | … | 8 |
udin | ** | … | 3 | 5 | … | … | … |
Digər | 1 | 697 | 719 | 622 | 303 | 315 | 22 |
Qeyd : *- Ukrayın və Ruslar birlikdə /**- Saxurlar və digər Dağıstan xalqları /sa.- siyahıya alma /r.t.- 2009-u il sa-nın nəticələri əsasında rəsmi təxmin.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı — tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, heyvandarlıq, həmçinin kənd təsərrüfatı məhsullarının emalı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.
Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Ümumilikdə 71 iri və orta müəssisə fəaliyyət göstərir.
Rayonda taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik və çayçılıq[9] inkişaf etmişdir.
Rayonda 143 mədəniyyət ocağı, o cümlədən 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, uşaq yaradıcılıq mərkəzi, Heydər Əliyev adına Zaqatala Mədəniyyət və İstirahət Parkı, tarix-mədəniyyət qoruğu, 2 muzey fəaliyyət göstərir.
Rayonun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır.
Bunlardan ən qədimləri Pəriqala, Armatay qalası, Çingizqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI–VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI–VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.
Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Kebeloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad, Mosul və Kəpənəkçi kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.
Zaqatala qalası 1830-cu ildə Zaqatala şəhəri ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur. Çar hakimiyyəti "Potyomkin" zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi.
Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan" romanını yazmış və həmin əsər əsasında "Yenilməz batalyon" bədii filmi çəkilmişdir
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Rayonda 23 məscid fəaliyyət göstərir.
Rayon geniş turizm imkanlarına malikdir. Rayonda 1 mehmanxana, 4 motel fəaliyyət göstərir.
Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var.
Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (Azərbaycan Müəllimlər İnstitutunun və Bakı İslam Universitetinin filialları) filialı, 1 kollec, 1 texniki-peşə məktəbi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi fəaliyyət göstərir.
Rayonda 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Zaqatala rayonunda 1 Olimpiya İdman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğusu, 3 aerobika-trenajor zalı fəaliyyət göstərir.
Rayonun əsas mətbuat orqanı olan "Zaqatala" qəzeti 1923-cü ilin mart ayının 8-də fəaliyyətə başlamışdır. İlk əvvəllər "Zaqatala kəndçisi" adı ilə nəşr olunan qəzet sonralar "Kolxoza doğru", "Kolxozun səsi", "Bolşevik kolxozu uğrunda", 40 ilə yaxın müddətdə "Qırmızı bayraq", 1991-ci ilin oktyabrından isə "Zaqatala" adı altında fəaliyyətini davam etdirir.
Zaqatala rayon yerli radio verilişləri 1950-ci ildən "Qırmızı bayraq" qəzetinin nəzdində fəaliyyət göstərmişdir. 1975-ci ildən müstəqil redaksiya kimi fəaliyyətə başlamış və fəaliyyət bu günə qədər davam edir. Müstəqil "Aygün" televiziyası isə 1994-cü ildən fəaliyyət göstərir.