Mustafa Məhərrəmov (d. 25 fevral 1925, İsmayıllı rayonu, Basqal) — Polkovnik[1], "Qırmızı Ulduz" ordeni laureatı, İkinci dünya müharibəsi iştirakçısı
Mustafa Məhərrəmov | |
---|---|
Mustafa Həbib oğlu Məhərrəmov | |
Doğum tarixi | |
Doğum yeri | Basqal, İsmayıllı rayonu, Azərbaycan SSR |
Vəfat tarixi |
3 .2.2004 |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ali |
Fəaliyyəti | alim |
Mükafatları |
Mustafa Həbib oğlu Məhərrəmov 25 fevral 1925-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1941-ci ildə orta məktəbi bitirdikdən sonra 17 yaşlı M.Məhərrəmov İsmayıllı rayon hərbi komissarlığına ərizə ilə müraciət etdi. Lakin yaşı çatmadığı üçün onu ikinci ərizədən sonra – 1941-ci ilin dekabr ayında dekabr ayında könüllü olaraq döyüşə yola saldılar.
M.Məhərrəmov Tiflisdə artilleriya məktəbini müharibə dövrü üçün ixtisaslı proqramla altı ay ərzində bitirmiş və leytenant rütbəsi ilə 416-cı atıcı diviziyada xidmət etmək üçün göndərilmişdir.
Diviziyanın tərkibindəki 1374-cü alayın tərkibində atıcı taqımın komandiri təyin olunan Mustafa Məhərrəmov əsgərlərinin döyüş hazırlığı ilə əsaslı məşğul olmuş, onlara düşmənə barışmaz kin tərbiyə etməyə çalışmışdır. O vaxt diviziya yenicə tərtib olunurdu, kifayət qədər döyüş sursatı yox idi. Sonra diviziya Azərbaycandan Dağıstana köçərək silahlandı. Sulaq çayının cənub sahilində müdafiə mövqeyi tutdu.
Gənc komandir alayın hücum döyüşlərində iki düşmən tankını məhv etmiş, bir neçə atəş nöqtəsini və müşahidə məntəqəsini susdurmuşdur. Xüsusi şücaətinə görə taqım komandiri Mustafa Məhərrəmov “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. Növbəti döyüş zamanı isə o, ağır yaralanmışdır.
Müalicədən sonra 402-ci Azərbaycan atıcı diviziyasında batareya komandiri işləyən M.Məhərrəmov düşmən üzərində tam qələbə çalana qədər ön sırada olmuş, ən qaynar nöqtələrdə belə öz igidliyi ilə fərqlənmişdir.
Böyük Vətən müharibəsini qələbə ilə başa vurduqdan sonra Mustafa Məhərrəmovun komadirlik bacarığı yüksək qiymətləndirilmiş və onu 1951-ci ildə Leninqraddakı topçuluq akademiyasında təhsilini davam etdirmək üçün göndərmişlər. 1956-cı ildə həmin akademiyanı uğurla bitirən M.Məhərrəmov Türküstan hərbi dairəsində xidmət etmək üçün göndərilib, divizion komandiri, diviziya qərargahının rəisinin müavini, Daşkənd hərbi məktəbində baş müəllim vəzifələrində çalışmışdır.
Zəruri ehtiyaca görə orduda xarici ölkə zabitlərinə dərs keçmək üçün Mustafa müəllim Xarici Dillər İnstitutuna daxil olmuş, oranı ingilis dili ixtisası üzrə bitirmişdir. 1966-cı ildə o, Azərbaycan Politexnik İnstitutunun hərbi kafedrasına tədris hissə rəisi vəzifəsinə təyin edilmişdir. M.Məhərrəmov bu tədris müəssisəsində tələbələrin hərbi təhsili ilə var gücü ilə məşğul olmuş, məzunları zabit rütbəsinə təqdim etmişdir. Burada işlədiyi müddət ərzində Mustafa müəllim “Ali məktəbi təhsil əlaçısı” döş nişanı ilə təltif edilmişdir. 1979-cu ilin yanvar ayında SSRİ Müdafiə Nazirinin təşəkkür əmri ilə ehtiyata buraxıldıqdan sonra 13 il ərzində Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda xüsusi şöbə müdiri işləmişdir.
1992-ci ilin mart ayında polkovnik M.Məhərrəmov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar Mərkəzində normativ sənədlərin işlənib hazırlanması üzrə şöbənin rəisi vəzifəsində çalışmışdır. Həmçinin 10 dekabr 1993-cü ildən etibarən Müdafiə Naziri Dadaş Rzayevin hərbi strateji məsələlər üzrə müşaviri vəzifəsində işləmişdir. Harada işləyirsə işləsin – o, hərbi mütəxəssis kimi özünün əməli-nəzəri, elmi potensialını nümayiş etdirmişdir. İstefada olan polkovnik hər biri 9000 sözlük olan “Rusca-Azərbaycanca hərbi lüğət”, “Azərbaycanca-Rusca hərbi lüğət” və 18000 sözlük “Türkcə-Azərbaycanca hərbi lüğət” kitablarının müəllifidir. Vəfatından öncə M.Məhərrəmov 90000 sözlük olan "Türk-Fars-Ərəb-Azərbaycan hərbi lüğəti"nin üzərində çalışmışdır.