Muxammecan Tınışbayev (12 may 1879 və ya 1879[1] – 21 noyabr 1937, Daşkənd) — ictimai-siyasi xadim, dövlət adamı, bacarıqlı dəmiryol mühəndisi.
Muxammecan Tınışbayev | |
---|---|
qaz. Мұхаметжан Тынышбайұлы | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1879 və ya 1879[1] |
Vəfat tarixi | 21 noyabr 1937 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, siyasətçi, mühəndis |
Dini | sünni islam |
tynyshpaev.kz | |
Vikianbarda əlaqəli mediafayllar |
Muxammecan Tınışbayev Qazaxıstanın əsilzadələrindəndir. 1879-cu il mayın 12-də Rusiyanın işğal etdiyi qazax-qırğız torpaqlarında yaratdığı Stepnoy, yəni Çöl quberniyası Semireciye, yəni Yeddiçay vilayətinin Jilanda dağındakı Makançi-Sadırov kəndində anadan olub.
Rus hərbi qubernatoru Kolpakovski işğal edilmiş torpaqların bölünməsi üçün yaradılmış komitəyə Muxammedjan atası Tınışbayı da daxil etmişdir.
Odur ki, Muxammecan ilk təhsilini molla yanında alsa da, sonralar hökumət məktəblərində oxumağa başlamışdır. Atası onu 1889-cu ildə Verni şəhərindəki gimnaziya nəzdindəki ikisinifli hazırlıq sinfinə qoymuşdur. Oranı uğurla başa vurduqdan sonra təhsilini həmin şəhərdəki oğlan gimnaziyasında davam etdirmişdir. Gimnaziyanı 1900-cü ildə uğurla başa vurub tərifnamə alan Muxammedjan Tınışbayev elə həmin il Peterburqdakı I Aleksandr adına İmperator Yollar Mühəndisi İnstituna qəbul olmuşdur.
İnstitutda oxuduğu dövrdə Semireciye general-qubernatorunun Peterburqda türküstanlı tələbələr üçün təşkil etdiyi yataqxanada qalan, məsrəfləri ödənilən, Orenburqa, Daşkəndə təcrübəyə göndərilən Muxammedjan Tınışbayev yaradılmış imkandan çox bacarıqla istifadə edir. 1905-ci ildə onun "Türküstan-Sibir dəmir yol tikintisi" mövzusunda yazdığı diplom işi yüksək qiymətləndirilir, ona kollegiya katibi rütbəsi və hökumət qulluqçusu statusu verirlər.
Gənc mühəndisə böyük etimad göstərilir. Muxammecan Tınışbayev 1906-cı ildən Orta Asiya Dəmiryolunun Xəzər sahilindəki, Qızılsu, keçmiş Krasnovodski satnsiyasından Cərcoya qədər olan sahəsinin yenidən qurulmasında işləməyə başlayır. O, Amudərya çayı üzərindəki taxta körpünün daha davamlı və uzunömürlü dəmir konstruksiyalı körpü ilə əvəzlənməsində fəal iştirak edir. Doğulub boya-başa çatdığı bölgə ilə də əlaqəsini kəsmir. Hər dəfə vətəninə gəldikdə soydaşlarının vəziyyəti ilə maraqlanır, onlara məsləhətlər verir, əhalinin güzəranının yaxşılaşdırılması üçün soydaşları ilə müzakirələr aparır.
İctimai işlərdə fəallığına, insanlarla xoş münasibətə və dərin təfəkkürünə görə onu 1907-ci il aprelin 3-də Semireciye vilayətindən Dövlət Dumasına deputat seçirlər. Muxammedjan Tınışbayev Dövlət Dumasının toplantılarında iştirak etmək üçün aprel ayının 26-da Peterburqa gəlir. O, Dumanın Müsəlman fraksiyasına və Sibir qrupuna daxil olur. Aqrar komissiyaya üzv seçilən Muxammedjan Tınışbayev torpaq məsələsində qətiyyətli mövqe tutur və Rusiyanın mərkəzi quberniyalarından qazax-qırğız çöllərinə rus kəndlilərinin köçürülməsinin əleyhinə çıxır. 55 deputatın tarixə Viborsk bəyannaməsi kimi daxil olan sənədi Rusiya Nazirlər Sovetinə rəhbərlik edən Pyotr Stolıpin çar ailəsi əleyhinə sövdələşmə adlandırır və II Dövlət Dumasını buraxılmasına nail olur.
Muxammecan Tınışbayev Peterburqdan Türküstana qayıdır və Türküstan-Sibir dəmiryolu xəttinin keçəcəyi yerləri müəyyənləşdirəcək ekspedisiyanın tərkibinə daxil olur. O, Aıslı stansiyasından İli çayına kimi dəmiryol xəttinin keçəcəyi yerləri müəyyənləşdirir. 1907–1910-cu illərdə Aşxabad-Daşkənd dəmiryolunun tikintisində xüsusi təyinatlı mühəndis kimi işləyən Muxammedjan Tınışbayev 1911-ci ildə Ursat-Əndican dəmiryol sahəsinin tikintisinə şöbə müdiri, sonra da baş mühəndis təyin edirlər. 1914-cü ildə isə o Türksib adlandırılan dəmiryol xəttinin Semireciyedeki sahəsində işləməyə gəlir. Burada işlədiyi dövrdə ictimai-siyasi təşkilatların işində fəal iştirak edir. Xalqının tarixi onu daha çox maraqlandırdığından juzlar, yəni qazax tayfaları, onlara rəbərlik etmiş xanlar, xanlar arasındakı qohumluq əlaqələri, batırlar, yəni igidlər, qəhrəmanlar, akınlar, yəni xalq nəğməkarları, aşıqlar haqqında məlumat toplayır. Əldə etdiyi materiallar əsasında Rusiya Coğrafiya Cəmiyyətinin Türküstan şöbəsində məruzələr edir.
1917-ci ilin fevralında çar II Nikolay taxtdan uzaqlaşdırılıb Krenskinin başçılığı ilə Müvəqqəti Hökumət qurulanda Türküstanın idarə olunması üçün Komitə qurulur. Krenski tanıdığı, II Dövlət Dumasında çıxışlarını dinlədiyi Muxammedjan Tınışbayevin Türküstan Komitəsinə daxil olmasını istəyir.
Muxammecan Tınışbayev 1917-ci ilin iyulunda Orenburqda keçirilən I Ümumqırğız qurultayında iştirak edir. Müvəqqəti hökumətin yaratdığı Müəsissələr Məclisinin tərkibinə seçilir. Bolşeviklərin silahlı üsyanla hakimiyyəti ələ almaları Müəsissələr Məclisinin işini pozur. Daşkənddə hakimiyyəti ələ almaq, Fəhlə və Əsgər Sovetlərinin hakimiyyətini yaratmaq istəyən rus hərbçilər və erməni silahlı dəstələri bölgənin yerli əhalisi olan müsəlmanları qırmağa başlayır.[2]
Muxammecan Tınışbayev və bölgənin yerli əhalisindən olan ziyalılar, iş adamları, məmurlar qırğının qarşısını almaq üçün milli güclərdən yeni bir hökumət qurmağa calışırlar. Belə bir hökumət Daşkənd Rusiya hərbçilərinin və erməni silahlı qüvvələrinin əlində olduğundan 1917-ci ilin noyabrında Kokand şəhərində yaradılır. Onlar bölgədə yaradılan yeni hökumətləri Türküstan Muxtar Hökuməti adı altında birləşdirmək istəyirlər.
Muxammecan Tınışbayev Rusiyanın tərkibində yaradılan Kokand Muxtar hökumətinin baş naziri seçilir. Ardıcıl siyasətlə məşğul olmayan, bölgədə baş verən qarışıqlardan çıxış yolu tapa bilməməyən, xüsusən də yeni yaradılmış hökumətin xarici işlər naziri seçilmiş Mustafa Çokayevlə fikir birliyinə gələ bilməməsi onu baş nazir vəzifəsindən istefa verməsinə səbəb olur. Mustafa Çokayev və kabinetin bir neçə üzvü, eləcə də qazaxların ondərləri Kokand hökumətinin Əlixan Bökeyxanovun rəhbərlik etdiyi Alaş Orda hökuməti ilə birləşməsini istəyirdi.
Muxammecan Tınışbayev isə Alaş Orda hökuməti ilə birləşməsini istəmirdi. Bunu bölgənin parçalanması kimi dəyərləndirirdi.
Milli qüvvələrdən uzaqlaşan Muxammecan Tınışbayev 1919-cu ildə bolşeviklərin yaratdıqları Türküstan Muxtar Respublikasını alqışlarla qarşılayır. Yeni hökumət onu 1921-ci ildə Xalq Torpaq Komissarlığının Su Təsərrüfatı İdarəsinə rəis təyin edir. Təcrübəli dəmiryol mühəndisi dağıdılmış su təsərrüfatını qaydaya salmaq üçün Türküstan Muxtar Respublikasının paytaxtı elan edilmiş Daşkənd şəhərinə gəlir. 1922-ci ildə onu Çimkənd şəhərinə işləməyə göndərirlər. Bu təyinat Muxammecan Tınışbayev üçün çox ağır olur. Çimkənddə yayılmış vəba xəstəliyindən xanımı Gülbəhram 1922-ci il iyulun 22-də dünyasını dəyişir. Muxammedjan Tınışbayev yetim qalmış övladları İsgəndər, Fatma və Dinanı da alıb yenidən Daşkəndə qayıdır.
1924-cü ildən hökumət qulluğundan uzaqlaşan Muxammecan Tınışbayev Daşkənddəki Qazax Pedaqoji İnstitutunda Fizika və Riyaziyyat fənlərindən dərs deməyə başlayır. Fizka-riyaziyyatdan dərs desə də, qazax xalqının tarixini öyrənib təbliğ etməyi də unutmur. "Göysudakı qəbirlər və Kaylak şəhərciyi", "Daşkənd qəzasında yaşayan əhalinin tarixi, milli tərkibi haqqında arayış", "Qazaxlar 17–18-ci yüzildə", "Qazax-qırğız xalqının tarixi haqqında materiallar" kimi elmi məqalələrini çap etdirir.
Muxammecan Tınışbayev bolşeviklərin xalqlara azadlıq verəcəkləri haqqında vədlərinin boşa çıxdığını, sosial ədaləti yaratmaq adı altında varlıların var-dövlətini əllərindən alıb xalqı kasıba çevirdiklərini gördükdə aldadıldığını başa düşür. Geriyə dönməyə isə yol qalmayıb. Bütün aldadılmışlar kimi o da Sovet orqanlarında işləməklə gizlində milli qüvvələri birləşdirib yeni azadlıq mübarizəsinə başlamağı planlaşdırır.
1925-ci ildə Qazaxıstan Muxtar Respublikasının paytaxtının Orenburqdan Akmescid şəhərinə köçürülməsi, Orenburqun Rusiyanın vilayətinə çevrilməsi məsələsi gündəmə gələndə onu şəhərdə gedən tikintiyə baş mühəndis vəzifəsinə göndərirlər. O, kərpicdən yeni inzibati binaların, yaşayış binalarının tikintisinə, Sarkıramdan yeni paytaxta, Qızıl Ordaya su kanalı çəkilməsini təşkil edir. Rusiya Sosialist Federativ Respublikası Xalq Komissarlar Soveti sədrinin müavini, milliyətcə qazax olan Turar Rıskulovum məsləhəti ilə
Muxammecan Tınışbayev təcrübəli mütəxəssis kimi Türksib dəmiryolunun çəkilişinə işə göndərilir.
Dəmiryol tikintisində çalışan Muxammecan Tınışbayevyi 1930-cu il avqustun 3-də həbs edirlər. Uzun istintaqdan sonra mütəxəssis çatışmadığına görə onu həbsdən azad etmək məcburiyyətində qalırlar. Lakin xüsusu xidmət orqanları bir an da olsun onu nəzarətdən kənarda qoymurlar. 1932-ci il aprelin 20-də məhkəməni əvəz edən üçlüyün qərarı ilə 5 il müddətinə Voronej şəhərinə sürgünə göndərirlər. O, nəzarət altında Moskva-Donets Dəmiryol İdarəsində işləyir.
Sürgündən azad edildikdən sonra bir müddət Kandaqaç-Quryev dəmiryolunda işləyir. Orada ağır xəstələndiyinə görə Daşkəndə gəlir. Burada da təqib edildiyini görüb oğlu Dulatın familyasını dəyişdirir və xanımı Əminəni Şeyx Əli ilə birlikdə Ufaya göndərir. 1937-ci il noyabrın 21-də Muxammedjan Tınışbayev yenidən həbs edilir, uzun sürən istintaqdan sonra 1938-ci ildə güllələnir. Onun adının çəkilməsi, əsərlərinin təbliğ olunması uzun illər qadağan olunsa da, Sovet hökumətinin dağılmasından sonra qazax xalqı sevimli oğlunun adının əbədiləşdirilməsi, əsərlərinin təbliği uçun bir sıra işlər görür.