Növlərin mənşəyi[a] (ing. The Origin of Species) — Çarlz Darvin tərəfindən 1859-cu ildə çap olunmuş əsər.
Növlərin mənşəyi | |
---|---|
ing. On the origin of species by means of natural selection, or the preservation of favored races in the struggle for life | |
Müəllif | Çarlz Darvin[1] |
Janrlar | Elmi kütləvi ədəbiyyat, traktat |
Orijinalın dili | ingilis dili[2] |
Ölkə | |
Orijinalın nəşr ili | 24 noyabr 1859 |
Vikianbarda əlaqəli mediafayllar |
24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır.
Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı. Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı. Darvinin əsəri yayımlanan kimi Engels dostu Marksa belə bir məktub yazır: "Hal-hazırda kitabını oxuduğum Darvin, bircə sözlə desək, mükəmməldir!" Marks da əsərə laqeyd qalmayıb bunları yazmışdı: "Təbii tarix baxımından bizim fikirlərin özülünü əhatə edən kitab, bax, elə budur!"
Darvinin fikrincə, təbiətdəki bütün növlər təbii seçim əsasında yaranaraq inkişaf edə-edə, yəni təkamül yolu ilə indiki hallarına gəlib çıxmışdır. O, öz tədqiqatı əsasında növlərin sabit olmadığını, hətta uzun müddət davam etsə belə, yaşadıqları mühitin xüsusiyyətlərinə görə onlarda dəyişikliklər əmələ gəldiyini yazırdı. Ancaq bu gedişatda hərəkətverici amilin nə olduğunu açıqlaya bilməmişdi. İngilis demoqrafı Maltusun "Demoqrafik təcrübə" adlı əsərindəki fikirlərin Darvinə təsirləri güclü olmuşdu. Maltus həmin əsərində yazrdı: "Bütün canlılar ölüm-qalım savaşındadır. Bunun da səbəbi say artımıdır, çünki qidalanma ehtiyatları məhduddur və bunları əldə etmək üçün mütəmadi olaraq mübarizə aparmaq lazım olur. Bu mübarizədə isə güclülər zəifləri əzib keçir." Maltusun bu tipli tezislərini öz müşahidə və təcrübələri ilə sintez edən Darvin təkamül nəzəriyyəsinin hərəkətverici qüvvəsinin nə olduğu sualına cavab tapır. Və bunu yaşamaq uğrunda mübarizə nəticəsində formalaşan "təbii seçim" adlandıraraq öz nəzəriyyəsinin əsas anlayışlarından birinə çevirmişdir. Təbiətşünas alim olan Darvin öz fikirlərinə görə din və kilsədən ayrılmış, öz nəzəriyyəsini bütünlüklə ictimaiyyətə açıqlamaqdan çəkinmişdir. Bəzi qeydlərini bir paketə yığaraq üzərinə "ölümümdən sonra açılsın" yazmışdı. Bu paket və sonradan əlavə etdiyi yeni qeydlər təxminən 20 il evindəki zirzəmidə qalmışdır.
Təkamül nəzəriyyəsi haqda ən böyük yanılmalardan biri, Darvinin insanların meymundan törədiyinə dair edilən iddialardır. Əksinə, Darvin özü bu barədə bir xəbərdarlıq vermişdir. Onun fikirlərinə görə, insan meymunlarla eyni bir növdən yaranıb, lakin meymunların təkamülü nəticəsində yaranmayıb. Söhbət ortaq bir əcdaddan nə zamansa baş verən bir ayrılmadan gedir.
Darvin nəzəriyyəsinin ən asas anlayışlarından biri aralıq tiplərin mövcud olmasıdır. O deyirdi ki, təbii seçim əsasında bir növdən digərinin yaranması zamanı mütləq hər ikisinin ortaq cəhətlərini daşıyan aralıq tiplər mövcud olmalıdır. Belə bir tiplərin çoxdankı dövrlərə aid fosillər arasından tapılacağına ümidi olan Darvin öz nəzəriyyəsinin doğru və ya yanlış olmasını bundan asılı sayırdı.[3][4][5]